Ucalıq, ülvilik rəmzi...
Sosial həyat

Ucalıq, ülvilik rəmzi...

Qadın... Hər nə qədər zərif olsa da, çiyinlərində dünyanın yükünü daşımağa qadir, Tanrının həyata bəxş etdiyi möhtəşəm varlıq...  Varlığı ilə insanlığa həyat bəxş edən, bəşər övladını böyüdüb boya-başa çatdıran qadınların qarşısında dahilər və müdriklər baş əymiş, onun şərəfinə əsərlər yaratmış, təkrarolunmaz gözəlliyini, mənəvi aləmini vəsf etmişlər. Bu gün kainatı günəşsiz təsəvvür etmək mümkün olmadığı kimi, həyatı da qadınsız xəyal etmək mümkünsüzdür.  İstər keçmişdə, istərsə də indiki dövrdə qadınların cəmiyyətdəki rolu əvəzsiz olub.

Əfsuslar olsun ki, günümüzdə əsasən "aysberqin" görünən tərəfi kimi yalnız həkimlərin, müəllimlərin, siyasətçilərin, hüquqşünasların və s. bir sıra sənət sahibi olan qadınların cəmiyyət üçün oynadığı rol ön plana çıxarılır. Bəs, "aysberqin" görünməyən tərəfi necə? Təsadüfi deyil ki, bəşəriyyətin inkişafı dövründə belə qadın əməyi hər zaman mühüm əhəmiyyət kəsb edib. Bəşər tarixinin inkişaf dövrünə nəzər yetirsək, "Anaxaqanlığı" dövrünün (Matriarxat) "Ataxaqanlığı" (Patriarxat) dövründən əvvəl gəldiyinin şahidi olarıq. Hələ vahid dil, dini, təfəkkürə malik olmayan cəmiyyətdə aparıcı qüvvə, həmin cəmiyyəti idarə etmək bacarığına sahib olmaq bu gün hər kəs tərəfindən "zərif" məxluq kimi təsrifləndirilən qadınların üzərinə düşmüşdü. Daha dəqiq desək, qəbiləni idarə etmək, onların ehtiyaclarını qarşılamaq, ola biləcək təhlükədən qəbilə üzvlərini qorumaq da məhz qadının öhdəliyində idi. Bütün bunlar bir daha qadının dünyadakı vacib rolunu təsdiqləyir.

Dünyanın əksər ölkələrində hər il 8 Mart Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur. Bayram üçün bu tarixin seçilməsi həmin gün baş verən hadisə ilə  bağlıdır. Belə ki, Nyu-Yorkda tikiş və ayaqqabı fabrikinin qadın işçiləri məhz 1857-ci il martın 8-də nümayişə çıxdılar. Onların tələbləri 10 saatlıq iş günü, işıqlı və quru iş yeri, ən əsası isə kişilərlə eyni maaş idi. Çünki həmin dövrdə qadınlar gün ərzində 16 saat işləyir, bunun müqabilində sadəcə qəpik-quruş alırdılar. Çoxsaylı etirazlardan sonra ABŞ-ın bir çox müəssisələrində ilk dəfə qadınlardan ibarət olan "həmkarlar ittifaqı" təşkilatı yaradıldı. Cinsi ayrı-seçkiliyin hökm sürdüyü bu zamanda qadınların tələbləri sadəcə bununla da yekunlaşmırdı. Nyu-Yorkun bir çox şəhərlərində yüzlərlə qadın nümayişə çıxaraq seçki hüququ tələb etdilər. Beləliklə, qadınların gücü yavaş-yavaş dünyaya yayılmağa başladı.

Xatırladaq ki, 8 Mart - Beynəlxalq Qadınlar günü 1911-ci ildən etibarən Avstriya, Danimarka, Almaniya və İsveçrədə də qeyd olunur. Bu zaman baş tutan nümayişlərin digərlərindən əsas fərqi kişilərin də etirazlarda iştirakı idi. Bir sıra tarixçilərin fikrincə, 8 martın təqvimə qırmızı rəqəmlərlə düşməsinin səbəblərini bilmək üçün 1910-cu ildə həmin günün bayram kimi qeyd olunması təşəbbüsünü irəli sürmüş Klara Setkinin şəxsiyyətinə, xüsusən onun milli mənsubiyyətinə nəzər salmaq lazımdır. Onun  təklif etdiyi 8 Mart günü 1910-cu ildə yəhudilərin Purim bayramı ilə üst-üstə düşürdü. Purim bayramı isə yəhudilərdə qadın ağlı, eyni zamanda bu millətin özünümüdafiə haqlarını simvolizə edir. Şimal qonşumuz Rusiyada isə ilk beynəlxalq qadınlar günü 1913-cü ildə Peterburqda qeyd olunub. 1914-cü ildə isə Avropada 8 Mart ərəfəsində qadınlar müharibəyə qarşı etiraz marşları ilə gündəmə gəldilər. Rusiyalı qadınların 1917-ci ildə "Çörək və sülh" şüarı ilə küçələrə axın etməsi II Nikolayın taxtdan enməsi ilə sonlandı. Hadisədən sonra müvəqqəti hökumət qadınlara seçkilərdə iştirak etmək hüququ verdi. 1965-ci ildən isə 8 Mart artıq qeyri-iş günü kimi təqvimə daxil edilib. Amma zaman keçdikcə bu tarixi gün siyasi mahiyyətini itirməyə başladı. Belə ki, BMT 1977-ci ildə  8 Martı "Beynəlxalq Qadınlar Günü" kimi elan etdi və bunula da "mübarizə" sözü bayramın adından ixtisar edildi. Bunun əksinə həmin gün sevgi və qayğının simvoluna çevrildi.

Ölkəmizdə isə 8 Mart Beynəlxalq Qadınlar günü 1917-ci ildən etibarən qeyd olunur. Azərbaycan dövləti  qadınlara daim xüsusi diqqət və qayğı ilə yanaşmışdır. 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması da bunu bir daha təsdiqləyir. Eyni zamanda ölkəmiz BMT-nin qadın məsələləri üzrə komissiyasının tamhüquqlu üzvü olması ilə yanaşı, Avropa Şurasının qadınlarla bağlı bürosunda da təmsil olunur. 1995-ci ildə rəsmi şəkildə qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulması dövlətimizin qadın hüquqlarına qarşı həssaslığının nümunəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər il bayram günü ərəfəsində 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edir.

Nəzrin ELDARQIZI,

"Respublika".