Uğurlu aqrar siyasət ölkədə taxıl bolluğu yaradır
İQTİSADİYYAT

Uğurlu aqrar siyasət ölkədə taxıl bolluğu yaradır

Son illər dünyada, xüsusilə yoxsul və inkişaf etməmiş ölkələrdə əhalinin ərzaqla, o cümlədən taxılla təminat problemi xeyli çətinləşib. Afrikada, Asiyanın bəzi ölkələrində yoxsulluq səviyyəsi artıb. Qlobal miqyasda isə iqlim dəyişikliyi baş verir, bəzi bölgələrdə yay aylarında quraqlıq tüğyan edir, digər bölgələrdə isə sel və su daşqınları fəsadlar yaradır. Avropada yay aylarında bir çox çaylar quruyur, gəmilər quma oturur, Afrikada isə həmin vaxt qar yağır. Bütün bu anomal havalar isə kənd təsərrüfatına ciddi ziyan vurur.

Ötən ilin fevralında Rusiya-Ukrayna müharibəsinin başlanması dünyadakı ərzaq, xüsusilə taxıl problemini daha da çətinləşdirdi. Çünki hər iki ölkə dünyanın böyük taxıl ixracatçısıdırlar.

Təbii, Azərbaycan dövləti hər zaman dünyadakı prosesləri diqqətlə izləyir, təhlil edir və vaxtında adekvat addımlar atır, qabaqlayıcı tədbirlər görür. Bu baxımdan, Prezident İlham Əliyevin ötən il iyulun 19-da imzaladığı "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" Fərmanı problemin həllində çox böyük rol oynadı.

Fərman məhsul istehsalçılarına böyük imtiyazlar verir. Fermer və iri təsərrüfatlar isə bu qayğıdan lazımınca bəhrələnirlər Azərbaycan Respublikası Prezidentinin ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, o cümlədən əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi məqsədilə qəbul etdiyi "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" Fərmanının icrası istiqamətində işlər bu gün də davam etdirilir.

Belə ki, Fərmanın 2.3-cü bəndinin icrasını təmin etmək məqsədilə ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, yerli ərzaqlıq buğda istehsalçılarının fəaliyyətinin stimullaşdırılması və onlara dövlət dəstəyinin göstərilməsi ilə əlaqədar Dövlət Ehtiyatları Agentliyinin Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alınaraq "Ərzaqlıq buğdanın dövlət tədarük qiymətinin müəyyənləşdirilməsi barədə" müvafiq Sərəncam qəbul edilib.

Sərəncama əsasən, Azərbaycan Respublikası Nazirlər Kabineti 2009-cu il 7 iyul tarixli Qərarı ilə təsdiq edilmiş "Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları"nın 1 nömrəli əlavəsində qeyd edilən keyfiyyət göstəricilərinə uyğun yerli ərzaqlıq buğdanın bir tonunun dövlət tədarük qiyməti 2023-cü il üçün 450 manat müəyyən edilib.

Növbəti illərdə də yay girəndə həmin rəqəmə bir də baxılacaq, qiymət dəyişdirilərək bazara uyğun müəyyən olunacaq.

Qeyd edək ki, "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanına görə, Kənd Təsərrüfatı Nazirliyi ilə bağlamış müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda istehsal olunmuş və Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilmiş ərzaqlıq buğdanın hər tonuna görə istehsalçılara 100 manat məhsul subsidiyası ödənilir.

Uğurlu aqrar siyasət nəticəsində taxıl əkini sahələri ötən ilin payızında daha da artırılıb. Belə ki, dövlətin diqqət və qayğısı sayəsində ötən ilin sonunda 985, 7 min hektar sahədən 3,2 milyon ton taxıl əldə olundu, hər hektardan məhsuldarlıq 31,3 sentner təşkil etdi. Fərəhli haldır ki, həmin rəqəmin 1,8 milyon tonu buğdadır və burada məhsuldarlıq daha yüksək - 32 sentnerə yaxındır. Hazırda bölgələrimizdə 1 milyon hektardan artıq sahələrdə biçin aparılır. Taxıl biçini hələ başa çatmasa da, hər hektardan məhsuldarlıq əvvəlki ildəkindən yüksəkdir və yekun nəticədə məhsulun daha bol olacağı şəksizdir. Artıq taxıl və unun qiyməti xeyli vaxtdır ki, düşüb. Paytaxtımızda 65 qəpiyə olan çörək çəkisi azaldılmayaraq 60, bölgələrdə isə 50 qəpiyə olan çörək 40 qəpiyə satılır.

Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə də dövlət başçısı qeyri-neft sektorunun artımından danışıb və sahənin inkişafına diqqət verməyi vacib sayıb. Mütəxəssislər isə hesab edirlər ki, bu, hələ ilkin mərhələdir və çörək getdikcə bir az da ucuzlaşacaq. Gözləyək.

N.ƏHMƏDOĞLU,

"Respublika".