Ulu Öndərin dühası firavan gələcəyin təminatıdır
Siyasət

Ulu Öndərin dühası firavan gələcəyin təminatıdır

2003-cü il dekabrın 12-si Azərbaycanın həyatında hüznlü və kədərli gün kimi yaddaşlarda qalıb. Həmin gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev dünyasını dəyişdi. Ulu öndərin xatirəsinə ehtiram əlaməti olaraq ölkədə ümummilli matəm elan olundu. Respublikanın bütün ərazisində dövlət bayraqları endirildi, konsert və əyləncə proqramlarının keçirilməsi və yayımlanması dayandırıldı.

Xalqımız dahi şəxsiyyətini,  mənəvi və istəkli övladını itirməsi xəbərini eşitdikdən sonra soyuq dekabr günlərində onun ruhu ətrafında yenidən bir araya gəlmişdi. İnsanlar Heydər Əliyevə olan sevgisini nümayiş etdirmək üçün onunla vidalaşır, böyük azərbaycanlını son mənzilə yola salırdı.  Bütün həyatını doğma Vətəninə  həsr etmiş öndərin vəfatı vəzifəsindən, etnik mənsubiyyətindən asılı olmayaraq böyük-kiçik hər kəsi dərindən üzmüşdü. Xalqımız təkcə bir liderini deyil, həm də dostunu, yaxın bir sirdaşını itirmişdi. Xalq və Heydər Əliyev arasındakı sarsılmaz körpü də səmimi hisslər üzərində qurulmuşdu. O, millətin dostu, sadə insanların ümid çırağı idi. İnsanlar Ona Heydər baba və ya da baba deyə müraciət edirdi. Bu cür xalq sevgisi hər bir rəhbərə çox nadir hallarda qismət olur. Ona görə də ulu öndər bu gün də hər bir insanın qəlbində yaşayır.

Bu günə qədər dünyada minlərlə xalqın, yüzlərlə dövlətin mövcud olması bir çox tarixi şəxsiyyətlərin yetişməsinə imkan yaratmışdır. Hansı ki, həmin liderlər tarixin axarını dəyişmiş, mənsub olduğu millətin zirvəyə ucalmasında bütün ömrünü fəda etmişdir. Azərbaycan vətəndaşları da bu baxımdan xoşbəxt insanlardır ki, onların zəngin tarixi, qədim dövlətçilik təcrübəsi və dünyanın siyasi arenasında öz dəst-xətti ilə seçilən, zəngin biliyə, praqmatik düşüncəyə  sahib Heydər Əliyev kimi lideri olmuşdur. Məhz bu dahi insan ən çətin günlərdə canını xalqın xilası yolunda sipər etmiş, dünyanın siyasi xəritəsində Azərbaycan adlı məmləkətin var olmasında var gücü ilə çalışmışdır. Ömrünü xalqına həsr edən liderin yaşam boyu tək düşüncəsi Azərbaycan və onun vətəndaşları olmuşdu: "Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır. Əgər mən buna nail ola bilsəm, ən xoşbəxt adam kimi həyatımı başa çatdıracağam. Buna da nail olmağa çalışıram və çalışacağam", - deyən ulu öndər ömrünü məhz bu yola köklədi və hər zaman da tutduğu yola sadiq qaldı. O, xüsusilə 90-cı illərdə azərbaycanlıları məşəqqətlərdən  xilas etmək üçün bütün gücünü, qüvvəsini buna sərf etdi.

Müasir Azərbaycan tarixini, titanik fəaliyyəti ilə yazan ümummilli liderimiz xalqımız qarşısındakı əvəzsiz xidmətləri ilə özünə əbədiyyət heykəlini yaradan şəxsiyyətdir. Heydər Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət sayəsində "Gün gələcək Azərbaycan günəş kimi dünyaya doğacaq" sözləri həqiqətə çevrildi. Bundan sonra neçə-neçə əsrlər keçsə də Heydər Əliyevin həyat və fəaliyyəti  hər zaman tədqiq olunacaq və öyrəniləcək.

Heydər Əliyev dəyərli ömrünün 34 ilini  Azərbaycanın inkişafına sərf etmişdir. Respublikamızın həyatında elə bir sahə yoxdur ki, ulu öndərin orada xidməti olmasın.  O, 1969-cu ildə respublikaya rəhbərliyə gəldikdən sonra iqtisadiyyatı yalnız aqrar sahədən ibarət olan məmləkəti sənaye mərkəzinə çevirdi. İqtisadi, elm və təhsil, səhiyyə, nəqliyyat, sosial və digər sahələrdə elə bir quruculuq işləri görüldü ki, Azərbaycan Sovet İttifaqında ön sıralara qədər irəliləyə bildi. Bununla da ulu öndər sanki Azərbaycanı müstəqilliyə doğru aparırdı.

Ulu öndərin uzaqgörənliyi müstəqil Azərbaycan Respublikasının qurulmasında və bu dövlətin müstəqilliyinin qorunub saxlanılmasında müstəsna rol oynadı. Çünki Heydər Əliyev daima Vətənin gələcəyi haqqında düşünüb və Azərbaycanın əbədi bir imperiyanın əyaləti kimi qalmayacağına inanırdı.  Onun apardığı gənclər siyasətinin arxasında da məhz bu ideya dayanırdı. İlk dəfə SSRİ dövründə gənclərin digər ölkələrdə təhsil almasına şərait yaradıldı. Və müstəqillik dövrünün ilk illərində həmin kadrlardan istifadə edilirdi.

Heydər Əliyev Azərbaycanı xilas edən, çətinliklə qazanılmış müstəqilliyini qoruyub saxlayan lider idi. Ermənistanın təcavüzü nəticəsində torpaqlarımızın işğalı və ölkədə baş qaldıran separatizmlə mübarizədə acizlik göstərən əvvəlki hakimiyyətdən fərqli olaraq Heydər Əliyev həm Azərbaycanı parçalamaq istəyənlərin niyyətini boşa çıxardı, həm də atəşkəs müqaviləsini imzalamaqla münaqişəni gələcək illərə saxladı. Bununla da Azərbaycan daha çox ərazini itirməkdən xilas oldu. Uğurla keçirilən Horadiz əməliyyatı həmin illərdə düşmənə verilən tutarlı cavab olmuşdu. Bu gün torpaqlarımızın işağaldan azad olunması da Horadiz qələbəsinin məntiqi davamı idi.

Ulu öndər məcburi köçkünlərə hər zaman xüsusi qayğı ilə yanaşırdı və bir gün onların mütləq doğma yurda qayıdacaqlarına inamını dilə gətirirdi. Artıq bir ildən çoxdur ki, Heydər Əliyevin bu fikirləri reallığa çevrilib. Bir daha sübut olundu ki, vətənlərindən didərgin düşmüş azərbaycanlılara verilən sözlərin hər biri hər hansısa xəyaldan ibarət deyil, tam mənası ilə gələcəyə hesablanmış, düşünülmüş siyasət idi.

Bu gün milli liderimiz həyatdan getsə də, onun siyasi xətti, idarəçilik fəaliyyəti, dövlətçilik fəlsəfəsi qorunub saxlanılır.

Hər il dekabrın 12-si xalqımızın ulu öndəri, müasir Azərbaycanın banisi, onun memarı və qurucusu Heydər Əliyevin anım günüdür. Bu günlərdə hər bir azərbaycanlı ümummilli liderinin əziz xatirəsini böyük ehtiramla və minnətdarlıqla yad edir. Azərbaycan xalqının və dövlətin mənafeyini öz həyatında ali məqsəd olaraq görmüş və onu norma kimi qəbul etmiş bu şəxsiyyət Azərbaycanın ən böyük sərvətidir.

Musa BAĞIRLI,

"Respublika".