Ulu öndərin irsi milli sərvətimizdir
MÜSAHİBƏLƏR

Ulu öndərin irsi milli sərvətimizdir

2023-cü il may ayının 10-da Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bütün ömrünü respublikamızın inkişafı üçün sərf edən, müasir Azərbaycanı həmişə güclü görmək istəyən ulu öndərin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması bizə imkan verəcək ki, onun həyat və fəaliyyətini daha geniş formada öyrənək və bu irsi gənc nəslə çatdıraq. Çünki Heydər Əliyevin zəngin və çoxşaxəli irsi xalqımızın milli sərvətidir.

Heydər Əliyev istər SSRİ dövründə, istərsə də müstəqillik illərində daim Azərbaycanın inkişafı üçün çalışıb. O, bütün varlığı ilə doğma xalqının mənafelərini daim önə çəkməklə respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə edib. Ulu öndər  Sovet imperiyası dövründə Azərbaycanın əleyhinə atılan ədalətsiz addımların qarşısını almağa hər zaman nail olub. O, bütün təzyiqlərə baxmayaraq, yalnız ölkəmizin inkişafı və xalqının gələcəyi üçün çalışıb. Təsadüfi deyil ki, onun SSRİ rəhbərliyindən getməsindən sonra Azərbaycana qarşı təzyiqlər artdı və xalqımız üçün müsibətli günlər başladı. Amma Heydər Əliyev yenə də, öz canından çox sevdiyi doğma xalqının  yanında oldu. Onun xalqın təkidi ilə müstəqil Azərbaycanın rəhbərliyinə gəlməsi ölkəni məhv olmaqdan, parçalanmaqdan xilas etdi. Əlbəttə, onun xidmətləri Azərbaycan durduqca yaddaşlarda qalacaq. Çünki bu gün bizim müstəqil ölkə olaraq inkişafımız sırf Heydər Əliyevin vaxtilə uzaqgörənliklə atdığı addımların nəticəsidir.

Prezident İlham Əliyev Ulu Öndərin siyasətini davam etdirməklə güclü Azərbaycanı dünyada lider ölkələrdən birinə çevirib. Bir şeyi unutmamalıyıq ki, müstəqil respublikamız ümummilli liderin indiki və gələcək nəsillərə əmanətidir. Müqəddəs mirası qoruyub saxlamaq hər birimizin şərəfli vəzifəsidir. Bu baxımdan, ulu öndərin anadan olmasının 100 illiyi münasibətilə 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi olduqca təqdirəlayiq və vacib bir addımdır. Çünki müstəqil Azərbaycan adı Heydər Əliyevin adı ilə yanaşı çəkilir.

Vüqar İSKƏNDƏROV,

millət vəkili.