Region

"Rəşadət" ordenli zabit

İkinci Qarabağ müharibəsində minlərlə qeyrətli oğullar kimi, Lənkəran şəhərində dünyaya göz açan Vüsal Quliyev canından keçməklə xalqına zəfər sevincini yaşatdı.

Vüsal uşaqlıqdan doğma Azərbaycanına məhəbbət ruhunda böyümüşdü.

Lənkəran camaatı Vətən sevdalı oğlunu hər yerdə, hər zaman ehtiramla xatırlayır. İndi burada Vüsalın igidliyini, doğma Azərbaycana məhəbbətini, xalqına sonsuz sevgisini xatırlayan yadigarlar çoxdur. Həmişə olduğu kimi, şəhid Vüsalın doğum günü adına layiq oldu.

Belə ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin əməkdaşları, yerli ictimaiyyət nümayəndələri şəhid ailəsinə baş çəkdi, qəhrəman övladımızın məzarını ziyarət etdi, önünə gül düzdülər. Daha sonra müqəddəs günün işığına gələnlər Lənkəran Şəhər Heydər Əliyev Mərkəzində tədbirə toplaşdı. Çıxışlar zamanı bildirildi ki, şəhid Vüsal Quliyevin Vətən qarşısında xüsusi xidmətləri oldu. İkinci Qarabağ müharibəsində göstərdiyi rəşadət onun adını Azərbaycanın yeni, şanlı tarixinə əbədi olaraq həkk etdi. Qərinələr keçəcək, gələn nəsillər Vüsalı böyük bir xalqın qəhrəmanlıq simvolu kimi ürəklərində yaşadıb, ondan örnək götürəcəkdir.

 Vüsal Quliyevin ömür yolu 35 il oldu. Lənkəran Şəhər Xarici Dillər Təmayüllü Gimnaziyanı bitirib, 2002-2006- illərdə Heydər Əliyev adına Hərbi İnstitutda təhsil alır. Birinci Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissələrin birində leytenant rütbəsində tağım komandiri olur. Bir müddət Ağstafada baş leytenant rütbəsində batareya komandiri kimi Vətənə keşik çəkir. 2013- ildə kapitan rütbəsi alır, xidmətini Ağcabədidə davam etdirir. 2016- ildə Beyləqanda qoşun xidmət rəisinin müavini, 2019-cu ildə Goranboyun Goran qəsəbəsində, son olaraq 2020-ci ildə Tərtər rayonunda kəşfiyyat rəisinin müavini vəzifələrində çalışır. Vətənə şərəflə xidmət etdiyi üçün "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi", "Azərbaycan Ordusunun 100 illiyi" yubiley, 2-ci, 3- dərəcəli "Qüsursuz xidmətə görə" medallarına layiq görülür. Kapitan Vüsal Quliyev Vətən müharibəsində Suqovuşan döyüşləri zamanı igidliklər göstərərək şəhidlik zirvəsinə ucalır. Sağlığında layiq görüldüyü yüksək təltiflərinə ölümündən sonra Ali Baş Komandanın sərəncamları ilə 3- dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda", "İgidliyə görə" digər medalları əlavə olunur.

 Z.ORUCOĞLU.