Ümid edirik ki, nüvədililər də öz yurdlarına qayıdacaq - Deputat
Siyasət

Ümid edirik ki, nüvədililər də öz yurdlarına qayıdacaq - Deputat

Erməni daşnakları ötən əsrin əvvəllərindən başlayaraq, azərbaycanlıların öz torpaqlarından zorla çıxarılması prosesinə başladılar, 1988-ci ildə öz məkrli planlarını bütün Ermənistan – Göyçə-Zəngəzur mahalları üzrə davam etdirib, oradakı Azərbaycan kəndlərində həmyerlilərimizə vəhşicəsinə divan tutdular. Lakin, hələ Meğri rayonunun Nüvədi kəndinə 1991-ci ilin yayına kimi güc gələ bilməmişdilər. Daha doğrusu, buna bir-neçə dəfə cəhd göstərsələr də, niyyətləri baş tutmamışdı. Üç tərəfdən kəndi əhatə edən şiş qayalı Zəngəzur dağları, digər tərəfdən isə sovetlərin hələ vicdanını tam itirməmiş hərbçiləri erməni daşnaklarına öz bəd niyyətlərini həyata keçirməyə imkan verməmişdi. 1991-ci il avqustun 8-də Qərbi Azərbaycan ərazisində Azərbaycan türklərinin deportasiya edildiyi sonuncu kənd Nüvədi kəndi oldu.

Bu barədə “Respublika”-ya müahibə verən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Urud o ağrılı günləri bir daha xatırlayıb:

"Ermənilərin soyqırım və etnik təmizləmə siyasəti nəticəsində XX əsrdə Qərbi Azərbaycandan iki milyondan çox etnik azərbaycanlı öz dədə-baba yurdlarından didərgin salınmış, soyqırıma məruz qalmış və qətlə yetirilmişdir. Bu soyqırım və etnik təmizləmə siyasətinin sonuncu mərhələsi 1988-91-ci illəri əhatə etmişdir. 1988-ci ilin fevralında ermənilərin Qarabağda separatizminin başlanması qısa müddət ərzində Ermənistan SSR-də yaşayan azərbaycanlıların buradan deportasiya olunması ilə nəticələndi və artıq 88-ci ilin sonunda demək olar ki, Nüvədi kəndi istisna olmaqla Qərbi Azərbaycanın 300-ə yaxın yaşayış məntəqəsində bir nəfər də olsun azərbaycanlı qalmamışdı. Bu mənada Nüvədi camaatı doğrudan da qəhrəman camaatdır və Ümummilli Lider Heydər Əliyev Nüvədi icması ilə görüşündə onların qəhrəmanlığını xüsusi qeyd etmişdir.“

Deputat Nüvədinin itirilməsini o zamankı hökumətin səriştəsiz olması ilə bağlayıb :

"Eyni zamanda, Nüvədi 1991-ci ilin avqustun 7-nə qədər öz gücünə müqavimət göstərdi və dəfələrlə Azərbaycan rəhbərliyinə, istərsə də o zaman Azərbaycan hakimiyyətinə iddialı olan Xalq Cəbhəsinə müraciət edərək kömək istədi və təəssüflər olsun ki, həmin dövrdə nə Azərbaycan hökumətindən, nə də o zaman Azərbaycana rəhbərliyə iddialı olan Xalq Cəbhəsi Hərəkatından nüvədililərə heç bir kömək gəlmədi. O zaman kəndlilər doğrudan da qəhrəmanlıqla öz kəndlərini uzun müddət qoruyub saxladılar və nəhayət, avqustun birinci həftəsində Azərbaycan SSRİ- nin rəhbərliyi səviyyəsində onları, aldadaraq kənddən çıxmağa sövq etdilər, məcbur etdilər və onlara da vəd verdilər ki, qısa müddət ərzində təkcə nüvədililər deyil, Ermənistan SSR-dən köçürülənlərin hamısı öz ata-baba yurdlarına qayıdacaqlar. Ermənistandan deportasiya olunan bütün soydaşlarımız kimi, Nüvədi camaatı da son gününə qədər öz torpaqlarına geri dönmək ümidi ilə yaşadılar və yaşayırlar. Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi altında 44 günlük şərəfli, müzəffər müharibədən sonra Şərqi Zəngəzur və Qarabağ torpaqları işğaldan azad edilib və böyük ümid var ki, qısa müddətdən sonra biz bütövlükdə Qərbi Azərbaycana da dönə bilək. Zəngəzura, o cümlədən Nüvədi kəndinə dönəcəyik. İrəvana, Göyçəyə, Ağbabaya dönəcəyik. Qərbi Azərbaycan icmasının formalaşması, Cənab Prezidentin 2022-ci ilin 24 dekabrında, öz ad günündə Qərbi Azərbaycandan olan bir qrup ziyalılarla bu icmanın binasında görüşməsi, orada çıxışı və tövsiyələri və apardığı böyük uğurlu diplomatik siyasət imkan verəcək ki, Qərbi Azərbaycandan olanlar öz ata-baba yurdlarına dönmək imkanlarını reallaşdırsınlar. Bu gün artıq Ermənistanda Qərbi Azərbaycan icmasının bəyanatları ilə bağlı ali rəhbərlik səviyyəsində narahatlıqlar var və bunlar da təbiidir,  olmalıdır və amma buna baxmayaraq, biz öz yurdlarımıza dönməyə qəti qərarlıyıq. Bu, bizim qənaətimizdir ki, oraya dönəcəyik” – deyə deputat bildirib.

Tacir SADIQOV,

“Respublika”.