Ümummili Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir
Sosial həyat

Ümummili Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bakı şəhəri 239 nömrəli tam orta məktəbdə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və uşaq hüquqları” mövzusunda təşkil olunan tədbirdə şagirdlər və müəllim heyəti ilə görüşüb.

Qurumun mətbuat xidmətinin məlumatında deyilir ki, Ombudsman tədbirdə çıxış edərək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin keçdiyi şərəfli həyat yolu, ölkəmizin tarixindəki rolu, dahi şəxsiyyətin insan hüquq və azadlıqlarının qorunması sahəsində göstərdiyi misilsiz xidmətləri barədə tədbir iştirakçılarına məlumat verib.

Gənc nəslin hərtərəfli inkişafı, cəmiyyətə faydalı vətəndaş kimi yetişməsinin önəminə toxunan Ombudsman xalqımızın milli sərvəti olan Heydər Əliyev irsinin dərindən öyrənilməsi və təbliğinin vacibliyini xüsusi vurğulayıb, uşaqlara və müəllimlərə bu istiqamətdə tövsiyələrini çatdırıb.

S.Əliyeva təsisatın uşaq hüquqlarının müdafiəsi sahəsindəki fəaliyyəti və Ombudsmana müraciət üsullarından bəhs edib, “Heydər Əliyev İli” çərçivəsində Ombudsman Aparatı tərəfindən silsilə tədbirlərin keçirildiyini bildirib.

Tədbir çərçivəsində məktəblilərin əl işlərindən hazırlanan sərgiyə baxış keçirilib, şagirdlərin çıxışları dinlənilib və mövzu üzrə müzakirələr aparılıb.

“Respublika”.