Universitet tələbələri üçün xüsusi təqaüd
Sosial həyat

Universitet tələbələri üçün xüsusi təqaüd

Gəncə şəhərində fəaliyyət göstərən Azərbaycan Texnologiya Universiteti (ATU) ilə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə cəmiyyəti olan “Azəralüminium” MMC müəssisəsi arasında mövcud əməkdaşlıq münasibətləri çərçivəsində ATU tələbələri üçün xüsusi təqaüd təsis edilib. Bu barədə Azərbaycan Texnologiya Universitetinin rektoru dos. Yaşar Ömərovla “Azəralüminium” MMC-nin direktoru Maksim Cavadov arasında 15 dekabr 2023-cü il tarixində keçirilən görüşdə razılaşma əldə olunaraq, müvafiq saziş imzalanıb. Razılaşmaya əsasən, xüsusi təqaüd universitetin texniki və texnoloji ixtisaslarında təhsil alan, ən yüksək akademik göstəricilərə malik 2 tələbəsinə veriləcək. Təqaüd hər tələbə üçün 100 manat məbləğində müəyyən olunub və yeni təqvim ilindən etibarən hər ay verilməsi nəzərdə tutulub.

Müəssisə ilə universitet arasında əldə edilən digər razılığa əsasən, regionda məşğulluğa dəstək verilməsi baxımından “Azəralüminium” MMC-nin kadr ehtiyatının daim sabit saxlanılması sahəsində fəaliyyətinin təmin edilməsi, mütəxəssis hazırlığı keyfiyyətininin yüksəldilməsi və əmək bazarının tələblərinə uyğun kadr hazırlanması məqsədilə Azəralüminium tərəfindən ATU-da 2 ixtisaslaşmış auditoriya qurulacaq.

Qeyd edək ki, universitet-sənaye əlaqələrinin gücləndirilməsini hədəfləyən Azərbaycan Texnologiya Universiteti son 1 ildə bir çox iri sənaye müəssisələri ilə əməkdaşlıq memorandumları imzalayaraq, mövcud əlaqələri genişləndirib.

Zabit XƏLİLOV,

“Respublika”.