Unudulmaz tarixi həqiqət
Region

Unudulmaz tarixi həqiqət

Bu günlərdə Hacıqabul rayonunda "20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin rolu" mövzusunda dəyirmi masa keçirilib.

Dəyirmi masanı giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısının birinci müavini Saleh Ələskərov 20 Yanvar faciəsinin xalqımızın qəhrəmanlıq tarixində mühüm rol oynadığını bildirdi, bu faciəli hadisələrə ilk dəfə ümummilli liderimiz Heydər Əliyev tərəfindən hüquqi və siyasi qiymət verildiyini qeyd etdi. Rayon icra Hakimiyyəti başçısının müavini Xuraman Məmmədova çıxış edərək 20 Yanvar şəhidlərinin xatirəsinin dövlətimiz və xalqımız tərəfindən daim əziz tutulduğunu, 20 Yanvar faciəsi zamanı şəhid olmuş şəxslərin ailə üzvlərinin, eləcə də əlil olmuş şəxslərin sosial problemlərinin dövlət tərəfindən diqqətlə araşdırılıb onlara qayğı göstərildiyini vurğuladı. Rayon icra hakimiyyətinin baş məsləhətçisi Natiq Mustafayev 33 il əvvəl baş vermiş faciəli hadisələr barədə geniş məlumat verərək zaman-zaman xalqımızın azadlıq uğrunda mübarizədə faciələrlə qarşılaşdığını qeyd etdi. Bütün bunlara baxmayaraq, 2020-ci ildə baş vermiş Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik bacarığı sayəsində xalqımızın düşmən üzərində qazanılmış zəfərin sevincini yaşadığını, dövlətimizin ərazi bütövlüyünü təmin etdiyini bildirdi.

Ümummilli liderin 20 Yanvar faciəsinə hüquqi və siyasi qiymət verməsi böyük tarixi hadisə olaraq xalqımızın qan yaddaşında əbədi yer tutur.

T.YADULLAOĞLU,

"Respublika".