Ermənistan hədəfə çevrilir
Siyasət

Ermənistan hədəfə çevrilir

Uzun müddətdir ki, Rusiya-Ermənistan münasibətlərində gərginlik davam edir. Bu proses İkinci Qarabağ müharibəsindən sonra özünü göstərməyə başlayıb.

Belə ki, rəsmi İrəvan məğlubiyyəti həzm edə bilmədiyi üçün Moskvanı Ermənistana lazımi dəstəyi verməməkdə günahlandırıb. Ermənilər tarix boyu kiməsə arxalanaraq yaşayıb, daim havadar axtarışında olub. Bu səbəbdən də Rusiyadan "inciyən" kimi özünə yeni ağa axtarmağa başlayıb.

N.Paşinyan hakimiyyəti həm müharibə, həm də sonrakı dövrdə Qərblə yaxınlaşmağa başlayıb. Xüsusən də Fransanın əli daim İrəvanın üzərində olub. Qərb regionda Rusiyanın təsirini zəiflətmək üçün İrəvanı əsas vasitə olaraq görüb. Aparılan anti-Rusiya təbliğatının nəticəsidir ki, Ermənistan bu gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyünü dondurub. Görünür, N.Paşinyan hakimiyyəti üçün NATO və Avropa İttifaqı daha cəlbedicidir.

Rusiya xarici işlər naziri Sergey Lavrov "İzvestiya" qəzetinə müsahibəsində bu məsələlərə toxunub. O, Ermənistan barəsində danışarkən qeyd edib ki, baş nazir Nikol Paşinyan ikitərəfli münasibətləri pozub: "Müxtəlif görüşlər üçün İrəvana gedəndə baş nazir Nikol Paşinyanla da danışmışam. Mənə elə gəlirdi ki, o, Rusiya ilə müttəfiqlik münasibətlərinin davam etdirilməsinin, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avropa İqtisadi İttifaqı (Aİİ) çərçivəsində qarşılıqlı fəaliyyətin Ermənistana nə fayda gətirəcəyini hələ də başa düşür. Amma indi həm Ermənistanın Təhlükəsizlik Şurasında, həm də parlamentdə Ermənistan rəsmiləri birbaşa deyirlər ki, bizə Avropa İttifaqına daha çox bel bağlamaq lazımdır. Onların sözlərinə görə, KTMT guya respublika qarşısında öz öhdəliklərini yerinə yetirmir", - deyə rusiyalı nazir bildirib.

Sergey Lavrovun dedikləri bir daha göstərir ki, Rusiya-Ermənistan münasibətlərindəki çatlar getdikcə genişlənir. İndiki halda iki ölkənin münasibətlərini diplomatik müharibə adlandırmaq olar. Belə ki, bir tərəfdən N.Paşinyan Rusiyanı günahlandırır, digər tərəfdən isə ona sərt cavablar gəlir. Faktiki olaraq hazırda İrəvan Qərblə əlaqələri yaxşı qurmağa çalışır və ABŞ, Fransa kimi bəzi Qərb ölkələri Rusiyanın Cənubi Qafqazda təsirini azaltmağa var gücü ilə səy göstərir. Ermənistan bu məkrli oyunun bir parçasıdır və  öz növbəsində Moskva ilə  gərginliyin böyüməsinə təsir göstərir. Prosesin necə yekunlaşacağı isə sual altındadır. Bəziləri Rusiyanın İrəvana müdaxilə ehtimalını real görsə də, digərləri  Moskvanın buna ehtiyacı olmadığını deyir. Bildiyimiz kimi, Ermənistan bir çox sahədə, xüsusən də iqtisadi cəhətdən Rusiyadan asılıdır. Yəni İrəvanın köhnə forpostundan tamamilə qopmaq, yaxud ona qarşı açıq demarşa qalxmaq kimi bir şansı yoxdur. Lakin digər ehtimal da var. Əgər bu, reallaşarsa, Ermənistanı Ukrayna ssenarisi gözləyir. İrəvan Qərbə güvənmək kimi bir səhvə yol verərsə, Ukrayna kimi, Rusiyanın qarşısına qurban kimi atılacaq.

Qərb anti-Rusiya təbliğatı aparmaqla yanaşı, bir tərəfdən də Ermənistan-Azərbaycan münasibətlərinə zərbə vurur. Belə ki, İrəvanı revanşa həvəsləndirən qüvvələr onu sülh sazişi imzalamaqdan yayındırır. Bu ölkələr münaqişəni aktiv saxlamağa çalışır, çünki  xaos, qarışıqlıq olan regiona müdaxilə  etmək daha asandır. Ermənistanı qisasa həvəsləndirməklə onu müharibə şəraitində daha asan idarə etmək niyyətindədirlər. S.Lavrovun açıqlamaları isə onu göstərir ki, Rusiya bütün proseslərdən xəbərdardır və bu planların reallaşmasına icazə verməyəcək.

S.Lavrov müsahibədə Moskva ilə İrəvan arasında münasibətlərdə nikbinliyin olmadığını da açıqlayıb: "Rusiya Federasiyası ilə münasibətləri bilərəkdən pozan Ermənistan rəhbərliyinin mövqeyi ucbatından Ermənistan və Rusiya münasibətlərindəki vəziyyət nikbinlik yaratmır. Ermənistanda mən artıq mövcud vəziyyəti şərh etməli oldum, bu, təbii ki, nikbinlik yaratmır. Ermənistan rəhbərliyi, açığını desəm, son üç-üç il yarımın tarixini təhrif edərək, uydurma bəhanələrlə bilərəkdən Rusiya Federasiyası ilə münasibətlərin dağılmasına gətirib çıxarır".

Rusiya ilə Ermənistan arasında gərginliyin artması, Cənubi Qafqaz regionunun gələcəyinə kölgə salır. Rusiya Cənubi Qafqazda öz nüfuzunu qorumaq, regiona nəzarətini saxlamaq üçün ciddi tədbirlər görməyə hazır görünür. Bu onu deməyə əsas verir ki, Moskva onun regionda mövcudluğunu zəiflətmək istəyənlərin bütün cəhdlərinin qarşısını almaq üçün zorakı addımlara əl ata bilər. Nəticədə, geosiyasi oyunda "qurban" olan Ermənistan Rusiyanın hədəfinə çevriləcək.

Nurcan SÜLEYMANOVA,

"Respublika".