URMİYA GÖLÜ QURUYUR...
Ekologiya

URMİYA GÖLÜ QURUYUR...

Bəşər tarixində dövlətlərin ekoloji tarazlığın pozulmasına yönəldilən terror aktları ekosidin tərkib hissəsi olub, ekoloji problemlərin yaradılması məqsədini güdür. Belə ki, hər hansı bir dövlət bilərəkdən ölkənin təbiətinə, flora və faunasına zərər yetirirsə, təbii sərvətlərini məhv edirsə vurulan ziyan ekoloji terror hesab edilir. Ekoloji terrorizmin qarşısının alınmasında əsas məqsəd əhalinin ekoloji təhlükəsizliyinin təmin edilməsi, ətraf mühitin qorunması və canlıların tələfatına yol verməməkdir. Bu baxımdan, Şərqi və Qərbi Azərbaycan əyalətləri arasında yerləşən duzluluq dərəcəsinə görə üçüncü yeri tutan,  əsrarəngiz gözəlliyi ilə seçilən Urmiya gölü ayrı-seçkilik siyasətinin qurbanı olmaqdadır...

Hazırda iqlim dəyişməsi, fasiləsiz quraqlıq, gölə axan çayların üzərində su anbarlarının inşası və  saysız-hesabsız bəndlərin tikilməsi Urmiya gölünün mövcudluğunu daha da şübhə altına alıb. Əlavə olaraq, hazırda 9 su anbarının tikintisi davam etdirilməkdədir. Digər tərəfdən artezian quyularının sayının artırılması və cavabdeh qurumların biganəliyi faciənin böyüməsinə təkan verir. Bəli, göl quruyur,  yerində min tonlarla duzlaqlar meydana gəlir, bitki və heyvanlarla yanaşı, insanların həyatına böyük təhlükə yaranıb. Həyəcan təbili çalınsa da, dövlət tərəfindən heç bir addım atılmır. Belə olduğu halda,  bölgənin əhalisi ərazini tərk etmək məcburiyyəti qarşısında qalacaqdır. Onu xüsusilə qeyd etmək lazımdır ki, əhali  bu göldən və ətrafındakı püstə meşələrindən yetərincə istifadə edirlər. Bu su hövzəsi çox zəngin flora və faunası ilə tanınırdı. Suyunun tərkibi xlor, natrium və sulfatlarla zəngindir. Naviqasiya üçün yararlıdır, zəngin mineral ehtiyatlara sahibdir. Burada 5 milyard ton potas, 60 milyon ton potasium sulfat, 240 milyon ton maqnezium, 28 ton bromid, 250 ton litiumun olduğu ehtimal edilir.  Nadir 24 növ məməli heyvan, 41 növ sürünən, 212 növ quş, 7 növ suda-quruda yaşayan, 5 növ molyusk, 26 növ balıq yaşayırdı. Məhz ekoloji terror nəticəsində göldə balıqların kökü kəsilməkdədir. Qurumazdan əvvəl Urmiya gölünün uzunluğu 140 km, eni 55 km, ümumi sahəsi 5822 kvadratkilometr, ən dərin yeri isə 16 metr olub. Gölə ümumilikdə 13 ədəd nisbətən iri və çoxlu sayda kiçik çay tökülürdü.

Urmiya gölündə irili-xırdalı yüzdən çox ada vardır. Bu adaların unikallığı ondadır ki, onların bəzisində yaşayış məntəqələri mövcuddur. Ada əhalisi əsasən əkinçilik, maldarlıq, gülçülük, bağçılıq, xalçaçılıq və s. işlərlə məşğul olur. Hazırda isə gölün quruması səbəbindən quru ərazisi ilə birləşməkdədir. Onun sahilləri Təbriz, Urmiya, Xoy, Marağa, Qoşaçay, Soyuqbulaq, Xana, Salmas, Uşnu və Sulduz kimi bölgələri əhatə etməklə Güney Azərbaycanın torpaqlarının beşdəbirini təşkil edir. Bölgə ən münbit və əkin üçün yararlı, çox zəngin flora və faunası ilə tanınırdı. Məqsədyönlü siyasət nəticəsində göl ətrafında fəaliyyət göstərən soda zavodu bölgə sakinləri üçün mühüm təhlükə mənbəyidir. Müəssisə ətraf mühiti zəhərləyir və gölü çirkləndirir. Bu isə canlıların aclıq və susuzluqdan tələf olmasına səbəb olur. Eyni zamanda şoranlaşma nəticəsində  bu bölgədə yaşayan 14 milyon insanın ərazini tərk etməsinə gətirib çıxara bilər. Həmçinin təbii fəlakətlərə meyilli olan (duz və qum fırtınaları zamanı) təqribən 500 km radiusda yaşayan 70-75 milyon əhalinin fəlakətlə üzləşməsinə səbəb ola bilər. Bəli, Urmiya gölünün açıq-açığına, get-gedə quruması, dövlətin cavabdeh qurumlarının buna biganəliyi və digər tərəfdən gölə axan çaylar üzərində su anbarlarının salınmasının davam etdirilməsi dediklərimizə sübutdur. Bəli, Urmiya gölü can verir... Dövlət Güney Azərbaycana münasibətdə ayrı-seçkiliyə yol verir, ekologiyasına və təbiətinin qorunmasına da laqeyd yanaşır. Zəhərli tullantıların axıdılması nəticəsində həmin bölgələrdə xərçəng xəstələrinin sayının çoxaldığı da qeydə alınıb. Bu isə ekoloji  terrordur.

Molla rejimi Cənubi Azərbaycanın yeraltı və yerüstü sərvətlərini istismar edərək əldə edilən gəliri özlərinə lazım olan əyalətlərin abadlaşmasına və inkişafına xərcləyir. Əslində bu, Güney Azərbaycan əhalisinin öz dədə-baba yurdundan çıxarılması, süni mühacirət üçün şovinist molla  hakimiyyətinə əlavə fürsət verib. Bəli, göl məqsədli şəkildə qurudulur ki, əhali oradan köçsün. İran rejimi bütün etiraz aksiyalarını, əhalinin müraciətlərini düşməncəsinə qarşılayır. İranda prezident olmuş ayrı-ayrı şəxslər yalnız bəhanələr gətirib, tədbirlər görüləcəyinə söz verib, yalan danışıblar. Guya bu, təbii prosesdir, xeyr... Çünki Urmiya gölü Van gölü ilə eyni arealda yerləşir. Qurumanın səbəbi təbii proseslər olsa idi, bu, Van gölünə də təsir etməli idi. Halbuki, həmin göldə belə bir proses müşahidə olunmur. Əfsuslar ki, ötən illər ərzində seçkiqabağı yalan vədlər Urmiya gölünün qurumasının qarşısını ala bilmədi... Bu, İran hakimiyyətinin Güney Azərbaycana münasibətinin göstəricisidir. Həmçinin ekoloji terrordur... 

Zabit XƏLİLOV,

"Respublika".