Vahid, sorma Vətən nədən yaxşıdır
Mədəniyyət

Vahid, sorma Vətən nədən yaxşıdır

Deyirlər, bülbülə çəmən yaxşıdır,

İnsançün laləzar vətən yaxşıdır

Vahid, sorma Vətən nədən yaxşıdır,

Adı gəlcək könlüm xəndan görünür.

Bu, bir Vətən, millət sevdalısı, aşiqi qəzəlxan-şair Vahidin ərzi-eşqidir. Böyük qəzəlxanın sevgi ilə qələmə aldığı misralar İkinci Qarabağ müharibəsi zamanı yenidən könüllərə hakim oldu. Onun şeirlərinin əsas mövzusu eşq olsa da, amma bu məhəbbət təkcə bir xanıma, hansısa gözələ deyil, Vətənə, millətə, Tanrıya olan ülvi hisslərlə qələmə alınıb. Bütün şeirlərində vətənpərvərlik mövzusu ön planda olub. Bu qəzəllər sadə dili, ahəngi, çaları və xəlqiliyilə seçilmiş, bütün dövrlərdə xanəndələrin, muğam ustalarının dillər əzbəri olmuşdur. Vahid, həmçinin Nizaminin, Xaqaninin, Füzulinin, Nəvainin qəzəllərini Azərbaycan dilinə tərcümə etmişdir. Hətta onu Məhəmməd Füzulinin yadigarı adlandırmışlar. Özü isə bu haqda yazırdı:

Deyirəm əhli-qələm, Vahid, əfv edərsə məni,

Böyük Füzulimizin yadigarı mən özüməm.        

İsgəndərov Əliağa Məmmədqulu oğlu - Əliağa Vahid 1895-ci il fevral ayının 18-də Bakının Masazır kəndində anadan olub. Mədrəsədə təhsil alan Vahid ehtiyac üzündən təhsilini yarımçıq qoyaraq, xarratlıqla məşğul olmuşdur. 18-19 yaşlarında olanda lirik şeirlər yazmağa başlamışdır. Yazdıqlarını "İqbal", "Bəsirət", "Babayi-əmir" qəzet və jurnallarında çap etdirmişdir. Bakıda "Məcməüş-şüəra" ədəbi məclisində iştirak etmiş və bu məclisdə ona Vahid təxəllüsü verilmişdir. Onu poeziyaya ilhamlandıran isə Azər Münirinin şeirləri olmuşdur. Vahid yaradıcılığının əsas mövzusu, istiqaməti cəmiyyətin nöqsanlarını, mövhumatı və haqsızlığı ifşa etmək idi. Satirik mövzuda olan ilk kitabı "Tamahın nəticəsi" adı ilə nəşr olunmuşdur. Böyük Vətən müharibəsi illərində yazdığı "Döyüş qəzəlləri", "Qəzəllər" kitablarındakı şeirlərində Əliağa Vahid Vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hissləri təbliğ etmişdir.

O, dövrünün ən oxunaqlı mətbu orqanı olan "Kommunist" qəzeti və "Molla Nəsrəddin" jurnalı ilə əməkdaşlıq etmişdir. "Kupletlər", "Mollaxana" kitabındakı şeirlərində yeniliyə mane olanlar kəskin satira atəşinə tutulurdu. Şair cəmiyyətdəki geriliyi, cahilliyi şeirlərində tənqid edərək, onları xalqa satirik formada təqdim etmişdir. Buna görə də Vahidin yazdığı qəzəllər əldən-ələ gəzərək dillər əzbəri olmuşdur. Maraqlı cəhətlərdən biri də o idi ki, şairin qəzəllərini xalq ən çox öz dilindən eşitməyi sevərmiş. Xalq arasında çox sevilsə də, şəxsi həyatında xoşbəxt yaşamamışdır. Acınacaqlı, çətinliklərlə dolu həyatı şairin əzmini, iradəsini sındıra bilməmişdir. Digər tərəfdən də bəzi həmkarları onu yıxmağa, cəmiyyət arasında nüfuzdan salmağa çalışırdı:

Etibar görməyincə, sevmərəm bir dilbəri

Nazənin mehparədən etibar istər könül.

Vahid cəmiyyətdə baş verən eybəcərlikləri elə o millətin özünə çatdıran şair idi. Bir beytlə min məna, fikir izhar edən qəzəlxan bəzən daş-qalaq edilirdi. Şair çox vaxt özünü içki düşkünü kimi göstərmiş, sovet rejiminin ən kəskin, amansız bir dövründə təqiblərdən qorunmaq üçün içkidən sanki müdafiə vasitəsi kimi istifadə etmişdir. Belə ki, repressiyaların tüğyan etdiyi bir dövrdə Mircəfər Bağırovun qarşısına siyahı qoyurlar. Həmin siyahıda Əliağa Vahidin də adı varmış. M.Bağırov şairin adının üstündən xətt çəkərək bütün günü içki içən insandan bizə zərər gəlməz, demişdir. Bir müddət sonra isə acınacaqlı şəraitdə yaşayan şairə M.Bağırov 1951-ci ildə mənzil hədiyyə etmişdir. Onun hazırcavablığı və fərqli poetik baxışları oxucular tərəfindən rəğbətlə qarşılanmışdır. Dövrünün şöhrət tapmış, amma ehtiyac içində yaşayan şairi haqqında el arasında maraqlı rəvayətlər də yayılmışdır.

Əliağa Vahidin məclislərdə, toy-düyünlərdə öz yeri, hörməti olub. Bakıətrafı və başqa rayonlarda olan toy məclislərində insanlar şairin qəzəllərini öz dilində eşitməyi səbirsizliklə gözləyər, meyxana deməyini çox sevərmişlər. Xüsusilə, Bakı mühiti üçün xarakterik olan meyxana məclislərində onun şeirləri böyük sevgi və alqışlarla qarşılanarmış. Təəssüf ki, çəkdiyi ağrı-acılar, xəstəliklər, çətin güzəran və etibarsız insanlar şairi daxilən incidirdi. Əliağa Vahid dövrünün ziyalıları olan Cəfər Cabbarlı, Səməd Vurğun, Seyfəddin Dağlı və Hüseyn Abbaszadə ilə yaxınlıq edərmiş. 1924-cü ildə məclislərin birində rus şairi Sergey Yeseninlə tanış olmuş və bu tanışlıq sonralar yaxın dostluğa çevrilmişdir. Rus şairinin Bakıda olduğu müddət ərzində Vahid onu tez-tez məclislərə apararmış. Bu böyük söz xiridarını xalqa sevdirən cəhətlərindən bəlkə də ən birincisi məclislərdə bədahətən şeir deməsi olub. Bu isə ona Tanrı tərəfindən verilmiş istedad idi.

Əliağa Vahid 1965-ci il sentyabrın 30-da Bakı şəhərində vəfat etmişdir. Heç bir fəxri adı, titulu olmayan şair dünyasını dəyişəndə ümumi qəbiristanlıqda dəfn edilməsi nəzərdə tutulmuşdu. Lakin xalqın, millətin ona olan sevgisi, hörməti sayəsində Əliağa Vahid Fəxri xiyabanda dəfn olunmuşdur.

Ramidə YAQUBQIZI,

"Respublika".