Şuşaya həsr edilmiş əsər beynəlxalq müsabiqədə mükafat qazanıb
Mədəniyyət

Şuşaya həsr edilmiş əsər beynəlxalq müsabiqədə mükafat qazanıb

Azərbaycanın mədəniyyət beşiyi Şuşaya həsr olunmuş klassik musiqi əsəri beynəlxalq müsabiqədə üçüncü yerə layiq görülüb.

"Respublika" AZƏRTAC-a istinadən xəbər verir ki, Avstriyada yaşayan bəstəkar, musiqi nəzəriyyəçisi və etnomusiqişünas Aria Torkanbourinin 2021-ci ildə bəstələdiyi "Şuşa səslənir" (“Shusha resounds”) əsəri dahi Azərbaycan bəstəkarı, musiqişünas, musiqi nəzəriyyəçisi və publisist Üzeyir Hacıbəylinin xatirəsinə ithaf olunub. Əsər Ü.Hacıbəylinin seçilmiş əsərlərindən alınmış motivlər və mövzular əsasında bəstələnib.

Əsər Vyanada fəaliyyət göstərən “Öst Ansamblı“ tərəfindən Azərbaycan Mədəniyyət Mərkəzində ifa edilərək videoyazıya alınıb və Nyu-York şəhərində fəaliyyət göstərən "Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyəti“nin III Beynəlxalq Müsabiqəsinə təqdim olunub. Əsər müsabiqədə üçüncü yerə layiq görülüb. Videoyazı ilə bu link vasitəsilə tanış olmaq mümkündür: https://youtu.be/xIY7rcFpseQ

Qeyd edək ki, bu əsər 2021-ci ildə "Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyəti“nin I Beynəlxalq Müsabiqəsində "Üzeyir Hacıbəyli" mükafatını alıb.