Vaqif Sultanlının “Tərs axını” adlı hekayələr kitabı nəşr olunub
Sosial həyat

Vaqif Sultanlının “Tərs axını” adlı hekayələr kitabı nəşr olunub

Bu günlərdə yazıçı Vaqif Sultanlının “Tərs axın” adlı hekayələr kitabı nəşr olunub. Azərbaycan Dövlət Nəşriyyatında yayınlanan kitaba müəllifin müxtəlif illərdə qələmə aldığı otuzdan artıq hekayəsi daxil edilib. Kitabın redaktoru və ön sözün müəllifi Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Elnarə Akimovadır.

Kitaba müəllifin tarixi və müasir mövzularda yazılmış “Yovşan ətri”, “Ağ yol”, “Yarpaqsız budaqların yaşıl nəğməsi”, “Vətən”,  “Səhər dumanı”, “Mağara”, “Xurmayı saçlar”,  “Qütb gecəsi”, “Kor düyün”,  “İlan əfsanəsi”,  “İlğım”, “Kufi xətti”, “Zolaqlı yuva”, “Çarpaz kölgə”, “Budda heykəli”, “Nəvayi-Qumru”, “Humayun”, “Kulikovo döyüşü” və başqa hekayələri daxil edilmışdır. Bəhs olunan əsərlərin əksəriyyəti Azərbaycan mətbuatında yayınlanmış, bəziləri isə ilk dəfə oxuculara təqdim olunur. Hekayələrin əsas mövzusu çağdaş dünyanı və yaşadığımız cəmiyyəti rahatsız edən mənəvi aşınma, əxlaqi çöküş, özgələşmə kimi ciddi sosial problemlərə söykənir. Real və şərti-metaforik üslubun kəsişimində qələmə alınan yazılarda müəllif mənsub olduğu sosial mühitin girovuna çevrilən insanların duyğu, düşüncə, həyəcan, sarsıntı və iztirablarını əks etdirməyə çalışmışdır.

Bütövlükdə dil-üslub, forma-məzmun rəngarəngliyi ilə seçilən hekayələr müəllifin yaradıcılıq xronologiyasının real, gerçək mənzərəsinin canlandırılması baxımından maraq doğurur.