Dairə və məntəqələr seçkiyə tam hazırdır
Sosial həyat

Dairə və məntəqələr seçkiyə tam hazırdır

Nəsimi rayonu

Məlum olduğu kimi, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Prosesə hazırlıq demək olar ki, yekunlaşmaq üzrədir. Hamı bir nəfər kimi ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra keçiriləcək seçkiləri böyük səbirsizliklə gözləyir.

Paytaxtın Nəsimi rayonunda da prosesə hazırlıq yüksək səviyyədə davam edir. 22 saylı Nəsimi ikinci Dairə Seçki Komissiyasının sədri Qasım Rzayev işlərin demək olar ki, yekunlaşdığını bildirib: "Hazırda 38 daimi məntəqəmiz var. Növbədənkənar prezident seçkilərinə 5 gün qalmış daha 10 məntəqə yaradılacaq. Ümumi dairə üzrə seçicilərimizin sayı 49 892 nəfər təşkil edir. Dairə Nəsimi və Yasamal rayonlarını əhatə edir. Nəsimi rayonu üzrə qeydə alınan seçici sayı 30 491, Yasamal rayonu üzrə isə 19 401-dir. Ümumi qeydiyyatdan çıxma vəsiqəsi alan əhalinin sayı 273 nəfərdir. Növbədənkənar prezident seçkilərinə 3 gün qalanadək qeydiyyatdan çıxma vəsiqəsinin verilməsi davam edir. 22 saylı Nəsimi ikinci Dairə Seçki Komissiyası artıq seçkilərə hazırlıq prosesinin 90 faizini yekunlaşdırıb. Bildirişlərin paylanması prosesi də başa çatıb".

22 saylı Nəsimi ikinci seçki dairəsinin 6 saylı seçki məntəqəsində də işlər yekunlaşıb. Məntəqənin sədri Elşad Mirvələdov hazırlıq prosesi ilə bağlı məlumat verərək bildirib ki, məntəqənin siyahı üzrə 1259 nəfər seçicisi var: "Seçici siyahıları dəqiqləşdirilib. Hazırlıq prosesi çərçivəsində bildirişlərin paylanması mərhələsi uğurla yerinə yetirilib. Bu günədək seçici siyahılarının hər biri araşdırılıb və seçicilər arasında 87 nəfər vətəndaşımızın xarici ölkələrdə yaşadığı məlum olub. Eyni zamanda hərbi xidmətdə olan 11 nəfərin də adı seçici siyahısındadır. Həmin şəxslərlə bağlı qeydiyyat aparılıb. 4 nəfər isə cəzaçəkmə müəssisəsindədir. Sadaladığım seçicilərdən başqa, digər şəxslərin hər birinə bildirişlər çatdırılıb. Bu günədək 13 nəfər məntəqədən qeydiyyatdan çıxma vəsiqəsi alıb. 8 nəfər isə evdə səs vermək üçün müraciət edib. Seçicilərdə yüksək əhvali-ruhiyyə var. Seçki məntəqəsi da tam hazır vəziyyətə gətirilib. Seçici siyahılarının hər biri divardan asılıb. Bu günədək proses çərçivəsində hər hansı bir nöqsan, yaxud mənfi hala təsadüf olunmayıb".

Qeyd edək ki, fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri mühüm tarixi əhəmiyyətə malikdir. Çünki keçmiş məcburi köçkünlərin bir hissəsi 30 il sonra öz doğma torpaqlarında - işğaldan azad olunmuş ərazilərdə səs verə biləcəklər.

Pirallahı rayonu

7 fevral 2024-cü ildə növbədənkənar prezident seçkiləri müstəqil Azərbaycanın tarixində ilk olaraq bütün ölkə ərazisində keçiriləcək. 44 günlük Vətən müharibəsi və 2023-cü il sentyabrın 19-da aparılan antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası respublikamızda yeni reallıqlar yaradıb. Bütün Azərbaycan ərazisini əhatə edəcək növbədənkənar seçkilər bütövlüyümüzün və suverenliyimizin təsbitidir. Odur ki, keçiriləcək növbədənkənar prezident seçkisini Zəfər seçkiləri də adlandırırlar.

Artıq ölkəmizdə növbədənkənar prezident seçkisinin şəffaf, demokratik şəkildə keçirilməsi, seçicilərin istədikləri namizədə səs vermələri üçün bütün dairə və məntəqələrdə hər cür şərait yaradılıb və işlər yekunlaşmaq üzrədir. 6300-dən çox seçki məntəqəsi var. Seçkini 61 qurumu təmsil edən 88 ölkədən 750 beynəlxalq müşahidəçi izləyəcək. Bunlar ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, ATƏT-in Parlament Assambleyası, MDB və digər qurumların nümayəndələridir.

Növbədənkənar prezident seçkilərinin keçirilməsi üçün yaradılan şəraitlə bağlı Bakının Pirallahı rayonunun dairə və məntəqələrində olduq. Xəzər-Pirallahı 14 saylı Dairə Seçki Komissiyasının sədri İmran Qəmbərovla görüşüb seçkilərə hazırlıqla bağlı məlumat aldıq. O qeyd etdi ki, dairədə məntəqə sayı 41-dir və bütün məntəqələrdə seçicilərin şəffaf, rahat şəkildə səs vermələri üçün işlər yekunlaşıb. Dairə ərazisində seçici sayı 52368 nəfərdir. Seçkini 618 müşahidəçi izləyəcək. Onlardan 75 nəfəri Yeni Azərbaycan Partiyası, 42 nəfər Böyük Azərbaycan Partiyası (BAP), 40 nəfər Böyük Qurtuluş Partiyası (BQP), 23 nəfər Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP), 42 nəfər Milli Cəbhə Partiyasının (MCP) təmsilçiləridir. 84 nəfər müşahidəçi isə namizədlərin təşəbbüsü əsasında seçkiləri izləyəcək. Dairə ərazisində öz təşəbbüsləri ilə iştirak edəcək müşahidəçilərin sayı isə 304-dür. 9 məntəqədə veb-kamera quraşdırılıb. İlk dəfə səs verən seçici sayı 3300, yaşlı seçici sayı isə 883 nəfərdir. 5 nəfər isə daşınan qutu ilə təmin olunacaq.

14 saylı Xəzər-Pirallahı seçki dairəsinin 36 saylı seçki məntəqəsinin sədri Mehparə Mansurova bildirdi ki, məntəqədə seçici sayı 1421, ilk dəfə səs verənlərin sayı 14, 80-100 yaşlı seçici sayı isə 37 nəfərdir. 9 nəfər əyani təhsil alan tələbə var. Məntəqə seçkilərə tam hazırdır.

34 saylı məntəqə sədri Xanlar Əsgərov bildirdi ki, seçici sayı 849 nəfər və onlardan ilk dəfə səs verəcək seçicinin sayı 3 nəfər, 80-100 arası yaşı olan seçicinin sayı 5 nəfərdir. 33 saylı məntəqənin sədri Elnur Bayramov qeyd etdi ki, seçkilərin şəffaf və mütəşəkkil keçirilməsi üçün məntəqəmizdə hər cür şərait yaradılıb və bütün işlər yekunlaşıb. Seçici sayı 1364 nəfər, birinci dəfə səs verən 18, 80-100 arası yaşı olan seçicinin sayı isə 20 nəfərdir. Artıq bütün bildirişlərin çatdırılması yekunlaşıb, məntəqə seçkilərə tam hazırdır.

"Respublika".