Vardanyanın Qarabağı tərk etməsinin gizli məqamları
Digər xəbərlər

Vardanyanın Qarabağı tərk etməsinin gizli məqamları

Qarabağdakı separatçı rejimin keçmiş saxta “dövlət naziri” Ruben Vardanyanın Xankəndini tərk etməsi növbəti siyasi oyundan xəbər verir. Məlumdur ki, artıq mövcud siyasi gediş onun əleyhinə cərəyan edir. Qarabağda erməni əsilli Azərbaycan vətəndaşlarını öz girovuna çevirən, siyasi maraqları üçün onlardan istifadə etməyə cəhd edən xüsusi missiya icraçısının ərazilərimizdən çıxması yaxşı bir hal olsa da bunun arxasında nəyin dayandığını gözardı etmək olmaz. Belə ki, Kremlin xüsusi planlarından biri Ruben Vardanyanın Ermənistandakı hakim dairələrin nüfuzunu aşağı salmaq və buradakı siyasi vəziyyəti yenidən Rusiyada cəmləmək idi. Bunun üçün erməni əsilli milyarder ilk növbədə Qarabağda öz missiyasını həyata keçirdi. Çünki Paşinyan rejiminin və ermənilərin rəğbət və nifrət anlayışları məhz Qarabağ ərazisindən keçir. Laçın-Xankəndi yolundakı dinc aksiyamıza qarşı qarayaxma kampaniyasından tutmuş, Qarabağ ərazisində kommunal ehtiyacların ödənilməsinin Azərbaycan tərəfindən guya əngəllənməsinə qədər yalanların Qarabağdakı Azərbaycan vətəndaşlarına və beynəlxalq aləmə təbliği yeni siyasi planın müddəalarından idi. Maraqlısı budur ki, Vardanyanı ərazilərimizə yerli əhali çağırmamışdı. Vardanyana qarşı həm Ermənistanda, həm də Qarabağda münasibət birmənalı deyildi. Hətta Ermənistanda Nikol Paşinyanın müttəfiqi olan millət vəkili Gagik Melkonyan Vardanyana qarşı tənqidlər səsləndirərək onun Qarabağı tərk etməli olduğunu bildirmişdi. Bu, həm də erməni siyasi dairəsinin də maraqlarını əks etdirirdi. O zaman dəvətsiz gələn qonağa Qarabağdakı xunta rejimi nəyə görə “dövlət naziri” statusu  verdi? Heç şübhəsiz, bu addım da xüsusi sifariş əsasında həyata keçirildi. Onun fəaliyyəti cinayətkar-avantürist xarakter daşıyırdı. Avropadakı erməni lobbisinin gücünə, kirli pulların yuyulmasında iştirak etmiş şəriklərinə arxalanaraq ərazilərimizdə hər hansı bir siyasi gediş edə biləcəyini düşünən milyarderin missiyası Qarabağda başa çatdı. Növbəti hədəfin isə Paşinyan rejimini hakimiyyətdən uzaqlaşdırmaq olacağı gözlənilir.

Rusiyanın Cənubi Qafqazda güc itirməsinin nəticəsi ilkin olaraq Ermənistanda özünü göstərdi. Belə ki, artıq uzun müddətdir Ermənistanda anti-Rusiya təbliğatı aparılır və hakim dairələrdən Rusiya yönümlü siyasətçilər uzaqlaşdırılır. Küçələrdə rusfob şüarlar səsləndirilir. Bu hal Qafqazın siyasi vəziyyətinin rəsmi Moskvanın əlində cəmlənməsinə ciddi əngəl törədir. Bütün bunlar isə öz növbəsində Vardanyanın Qarabağa gəlişini özlüyündə izah edir. Rusiyanın Ermənistanda yeni siyasi cəbhə yaratması Ermənistanın yenidən onun maraqlarına uyğun hərəkət etməsinə səbəb olacaq. Burada iki ehtimal var. Birincisi, Paşinyan hakimiyyəti artıq iflas etmiş siyasi gedişini dəyişərək Rusiyaya yenidən meyil edəcək və rəsmi Moskvanın stabil vəziyyət yaratma cəhdlərinə müsbət cavab verəcək. İkincisi isə Paşinyan hakimiyyəti süqut edəcək. Sirr deyil ki, Ermənistanda anti-Rusiya hərəkatı ilə yanaşı, Paşinyanın hakimiyyətdən getməsi üçün də təzyiqlər var. Bu isə xüsusi missiya icraçısı olan Vardanyanın istəyinə çatması üçün vacib amillərdəndir.

Qarabağ ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının təhlükəsizliyi dövlətimizin təminatı altında olacaq. Ərazilərimizdə hər hansı bir siyasi gücün və ya qruplaşmanın söz sahibi ola bilməyəcəyi Ermənistan hakim dairələri tərəfindən birmənalı olaraq qəbul edilməlidir. Digər tərəfdən, Qarabağdakı erməni azlığının reinteqrasiya prosesi üçün yalnız yerli icmalar ilə danışıqların aparılması regionda və beynəlxalq məkanda anlaşılmalıdır. Ölkə başçımızın Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasda bildirdiyi kimi: “Həmçinin bizim beynəlxalq tərəfdaşlarımızla razılaşdırılıb ki, Qarabağdakı erməni azlığın hüquqları və təhlükəsizliyi ilə bağlı müzakirələr aparılacaq. Biz bunu etməyə hazırıq, lakin erməni icmasının Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri ilə, Qarabağda Rusiyadan rəhbər mövqe tutmaq üçün ixrac edilmiş (exported) şəxslə deyil”.

      Belə görünür ki, “baş nazir” vəzifəsindən azad edilən Vardanyanın  Xankəndidən uzaqlaşdırılması rəsmi Bakının Xankəndi ilə danışıqlara gedə biləcəyinə şərait yaradır. Artıq Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilmiş millət vəkili Ramin Məmmədov martın 1-də Qarabağda yaşayan erməni sakinlərinin təmsilçiləri ilə görüşüb. Beynəlxalq hüquqa və respublikamızın Konstitusiyasına əsasən sakinlərin Azərbaycana reinteqrasiyası üzrə məlumatlar verib.

                                             Nurlan ABDALOV,

                                                 “Respublika”.