Vətən sevgisi əzəli və əbədi bir qəlb odudur
Sosial həyat

Vətən sevgisi əzəli və əbədi bir qəlb odudur

"Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır".

Heydər ƏLİYEV,

Ümummilli Lider.

Hər bir insanı el-obasına, yurduna, Vətəninə bağlayan ali keyfiyyətlər sırasında vətənpərvərlik hissi müstəsnalıq təşkil edir. Bu ali hiss bütün varlığı ilə doğulub boya-başa çatdığı torpağa ruhən bağlanan, onda milli qürur və təəssübkeşlik duyğularını gücləndirən insanlarda daha güclü olur. Bu duyğu özünü dərk edən vətənpərvər insanı həyatı boyu müşayiət edir, onun kamil şəxsiyyət kimi formalaşmasına, mənalı yaşam tərzinə, məqsədyönlü fəaliyyətinə təsir göstərir.

Vətən elə bir müqəddəs məkandır ki, onu hər kəs sevməlidir. Doğma yurduna biganə münasibət bəsləyənlərə əsl qiymət Abbas Səhhətin aşağıdakı misralarında verilib:

Vətəni sevməyən insan olmaz,

Olsa da ol şəxsdə vicdan olmaz.

Ana Vətən ulu əcdadlarımızın bizə miras qoyduğu, əmanət etdiyi, bizi qoynunda yaşadan müqəddəs torpaqdır. Ona sevgi olmayan qəlbdə ülvi hisslərə yer olmaz. Normal düşüncə tərzi olan hər kəsin daxilində Vətənə sevgi yaşayır. Bu sevgi yüksək olduqca böyük şəxsiyyətlər yetişdirir. Ana Vətən məhz belə böyük şəxsiyyətlərin çiynindədir və onların adı ilə ucalır. Ulu öndər Heydər Əliyevin Vətənə sevgisi o qədər uca və yenilməz olub ki, çətin günlərdən və mübarizələrdən qalib çıxaraq bu gün bizə xoşbəxt yaşadığımız Azərbaycanı bəxş etdi. Hər birimiz müstəqil Vətənimiz, bayrağımız, azadlığımıza görə ümummilli liderə borcluyuq və onun ideyalarını yaşatmalı, bütün qəlbimizlə Vətəni sevməliyik. Vətənə sevgi ilə ürəyimiz çırpınmasa, ölkənin parlaq gələcəyi dumana qərq olar. Vətənpərvərlik sonradan qazanılmış keyfiyyət deyil, o, hər bir insanın qanında, canında və ruhundadır. Vətənpərvərlik tərbiyəsi insanları ali məqsədlər uğrunda səfərbər edir, doğma torpaq, yurd qarşısındakı məsuliyyətimizi düzgün müəyyənləşdirir. Ölkənin, cəmiyyətin qazandığı bütün uğurların mayasında vətənpərvərlik dayanır.

Qloballaşan dünyada vətənpərvərlik duyğuları, vətənsevərlik hissi bir sıra hallarda formal vətəndaşlıq, loyallıq, tolerantlıq kimi ümumbəşəri dəyərlərin kölgəsində qalır. Bu halda vətənpərvərliyi kor-koranə bir ideologiyaya qulluq etmək, milli məhdudiyyət, özünütəcrid kimi göstərməyə, yaxud da ura-patriotizm, pafos, boğazdan yuxarı ritorika kimi qələmə verməyə çalışırlar. Halbuki vətənpərvərlik insanın daxilindən, ruhundan gələn bir hiss olaraq onun öz dövləti, tarixi vətəni ilə sıx bağlılığı deməkdir. Belə bir şəraitdə gənclərdə milli mənlik şüurunu qoruyub saxlamaq, milli özünüdərki, vətənpərvərlik duyğularını gücləndirmək son dərəcə vacib və aktual problem kimi ortaya çıxır.

Ümummilli lider Heydər Əliyev məhz buna görə də Azərbaycan gəncliyinə milli-mənəvi dəyərlərə, adət-ənənələrə hörmətlə yanaşmağı, vətənpərvər olmağı tövsiyə edirdi: "Mənəviyyat olmayan yerdə heç bir şey ola bilməz. Nə qədər var-dövlət olsa da, nə qədər pul olsa da, nə qədər zənginlik olsa da, mənəviyyat olmayan yerdə heç şey ola bilməz. Xalqımızın tarixinin əsasını təşkil edən bütün mərhələlərdə, keçmiş əsrlərdə yüksək mənəviyyat olmuşdur... Ona görə də bu gün mənəvi tərbiyə bəlkə də keçmiş illərdən daha çox lazımdır. Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, bizim milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidirlər. Gənclər bizim tariximizi, keçmişimizi yaxşı bilməlidirlər. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz".

Ulu öndərin dövlətçilik ideallarına sadiqlik nümayiş etdirən Prezident İlham Əliyev ötən illər ərzində Azərbaycanın milli maraq və mənafeyini uca tutaraq, həm xarici, həm də daxili siyasətdə əsl vətənpərvərlik nümayiş etdirir. Son illərdə baş vermiş qlobal hadisələrdə bunu qabarıq görmək mümkündür. Vətənpərvərlik bəşəri dəyəri inkar etməyərək, hər bir şəxsin öz ölkəsinin müdafiəsinə qalxmaq, onun müstəqilliyini qorumaq, inkişafına kömək göstərmək istəyidir. Hər bir azərbaycanlı üçün isə vətənpərvərlik onun vətəndaşlıq mövqeyində xüsusi yer tutur.

Azərbaycan Prezidentinin təlqin etdiyi vətənpərvərlik bütün bəşəriyyətə sevgidir və fərqli mədəniyyətlərə hörmətdir. İnsana insan kimi dəyər verməkdir. Dünyanın harasında olursansa ol, haqqı, ədaləti qorumaqdır, yalanın, zorakılığın deyil, qanunçuluğun, sivil münasibətlərin yanında olmaqdır. Vətənpərvərlik hissi məsuliyyətli davranışdır, özünə və başqalarına hörmət etmək, hər sözünün, davranışının məsuliyyətini bilməkdir. Dayanıqlı inkişaf, ali məqsədlərin reallaşması naminə birgə əməkdaşlıqdır. Mövcud imkanları insanların və ümumilikdə bəşəriyyətin xoşbəxtliyi uğrunda gerçəkliyə çevirməyə can atmaqdır.

Aiza ŞABANOVA,

"Respublika".