Alovla savaşan mübarizlər
Sosial həyat

Alovla savaşan mübarizlər

10 Oktyabr - Yanğınsöndürənlərin Peşə Bayramı Günüdür 

Mərdlik, cəsarət, qorxmazlıq, mətanət, hünər, xilaskarlıq yanğınsöndürənlərin ən böyük mənəvi keyfiyyəti, üstəgəl vətəndaşlıq borcu, peşə xüsusiyyətidir. Təbii fəlakətlə, alovlarla savaşan oğullarımızın qəhrəmanlığı hər zaman özünü qabarıq şəkildə büruzə verib. Fövqəladə vəziyyətlərdə onlar heç zaman geri çəkilməyiblər, hadisələrin episentrində olublar, çarəsiz duruma düşən insanları xilas ediblər.

Tarixi bir əsrdən artıq dövrü əhatə edən Azərbaycanın yanğın təhlükəsizliyi qurumları şərəfli yolu keçib. XIX əsrin sonlarında Azərbaycanda neft sənayesinin inkişafı ilə bağlı yanğından mühafizə qurumları yaradılıb. Mənbələrə görə, ilk dəfə Bakıda yanğın komandasının yaradılmasına dair Şəhər Duması tərəfindən 1884-cü il 11 yanvar tarixində  qərar qəbul edilib. Bu qərardan bir il sonra - 1885-ci ildə gündən-günə inkişaf edən neft Bakısında əvvəllər yalnız bir yanğın komandasının yaradılması mümkün olub və sonralar onların sayı artıb.

Azərbaycanın dövlət müstəqilliyini məharətlə və fədakarlıqla qoruyan və onu bütün təhlükələrdən xilas edən ümummilli liderimiz Heydər Əliyev respublikamızda yanğınsöndürmə qurumlarının maddi-texniki bazasının möhkəmləndirilməsinə xüsusi diqqət yetirib. O, yanğınsöndürənlərin xidməti fəaliyyətinə yüksək qiymət verərək qeyd edib ki, yanğın söndürmək cəsarət və mərdlik məktəbidir. Ölkəmizin yanğından mühafizə qurumlarının keçdiyi şərəfli tarixə, bu xidmət sahəsinin çoxsaylı əməkdaşlarına olan qayğısı və ehtiramı sayəsində 2002-ci il oktyabrın 5-də Prezident Heydər Əliyevin imzaladığı sərəncamla yanğınsöndürənlərin peşə bayramı günü təsis edilib və hər il oktyabrın 10-u Azərbaycan yanğınsöndürənlərinin peşə bayramı günü kimi qeyd olunur. Fövqəladə Hallar Nazirliyinin tərkibində olan yanğından mühafizə qurumlarının qəhrəmanlıq, fədakarlıqlarla zəngin tarixi ənənələrini yaşatmaq üçün respublika ərazisində baş vermiş yanğınların söndürülməsini və bununla bağlı təxirəsalınmaz xilasetmə işlərini müasir dövrün tələblərinə uyğun şəkildə uğurla həyata keçirdiyini xüsusi qeyd etməliyik.

Azərbaycanın yanğınsöndürmə qurumları Birinci və İkinci Qarabağ müharibələrində düşmənin raket atəşinə məruz qalan ərazilərdə fədakarlıqla çalışıblar, dinc əhalinin təhlükəsizliyi üçün əllərindən gələni əsirgəməyiblər. Döyüşlər zamanı cəbhəboyu ərazilərdə və azad edilmiş rayonlarda xidmət aparan qəhrəman yanğınsöndürənlər onlarla yanğının qarşısını alıb, insanların həyatını xilas ediblər. Vətən müharibəsi zamanı böyük qəhrəmanlıq göstərərək öz xidməti vəzifələrini layiqincə yerinə yetirən yanğınsöndürənlərin fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. 44 günlük Vətən müharibəsində qazanılmış şanlı Zəfər xalq-ordu birliyinin sarsılmaz olduğunu göstərdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində hər kəs öz üzərinə düşən vəzifəni yerinə yetirmək üçün səfərbər oldu və  düşmən tapdağı altında olan torpaqlarımızın azad edilməsində yanğısöndürənlər də əzmlə iştirak ediblər. Həmçinin döyüşlər zamanı FHN Dövlət Yanğından Mühafizə hissələri gücləndirilmiş iş rejimində xidmət aparıblar.

Cəbhə xəttində yerləşən Füzuli, Ağdam, Tərtər, Ağcabədi, Beyləqan rayonlarının kəndlərinin düşmən tərəfindən mütəmadi olaraq ağır artilleriyadan atəşə məruz qaldığı bir vaxtda yanğınsöndürənlər qorxmadan, çəkinmədən, operativ şəkildə öz xidməti vəzifələrini layiqincə və peşəkarlıqla yerinə yetiriblər. Düşmən mərmisindən baş verən yanğınları söndürərkən öz həyatlarını təhlükəyə atan yanğınsöndürənlər bu şərəfli vəzifənin öhdəsindən layiqincə gəliblər. Dövlətimizin başçısının ətrafında sıx birləşən hər bir qurum, hər bir vətəndaş torpaqlarımızın azadlığı uğrunda əlindən gələni əsirgəmədi. Bu tarixi anlarda yanğınsöndürənlər də ön sırada dayandılar.

Qeyd edək ki, işğaldan azad edilən ərazilərdə  Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin müvafiq bölmələri Ağdam, Füzuli, Cəbrayıl və Xocavənd rayonlarında fəaliyyət göstərib. İkinci Qarabağ müharibəsində Ağdam rayonunun ərazisi düşmən atəşinə daha çox məruz qalıb. Həmin günlərdə şanlı Azərbaycan Ordusunun gücü  qarşısında aciz qalan düşmən birbaşa dinc əhalini hədəf seçirdi. Qırx dörd günlük müharibədə düşmənin mütəmadi atəşə tutduğu kəndlərdə baş verən yanğınların söndürülməsində FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Ağdam rayon Dövlət Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti gücləndirilmiş iş rejimində çalışıb. Ermənistan silahlı qüvvələrinin raket atəşi   zamanı evlərdə, dövlət əhəmiyyətli obyektlərdə, təsərrüfatlarda partlayışlar, yanğınlar olurdu və yanğınsöndürənlər dərhal həmin ərazilərə cəlb edilib, mərmilər altında şəxsi heyət öz vəzifəsinin öhdəsindən layiqincə gəlib. Ağdam rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Mehmandar Nəsirli bildirir ki, qalib dövlətin qurumu kimi bu gün də qürurla xidmətimizi davam etdiririk. Hazırda azad edilən Ağdamda bölməmiz fəaliyyətə başlayıb. Bu da bizim üçün böyük fəxrdir və haqlı olaraq qürur hissi keçiririk. Vətən müharibəsi zamanı göstərdiyi xidmətlərinə görə yanğınsöndürənlərimiz fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb.

İşğaldan azad edilən ərazilərdə yaradılan Fövqəladə Hallar Nazirliyinin qurumları daha səmərəli fəaliyyət göstərmələri üçün dövlətimizin başçısı İlham Əliyevin göstərişi ilə xüsusi təyinatlı texnikalar və müasir təcili tibbi yardım avtomobilləri ilə təmin edilib. Belə ki, işğaldan azad edilmiş ərazilərdə yanğından mühafizə üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən "KamAZ" markalı 100 yanğınsöndürən və "İveco" markalı 50 xüsusi təyinatlı yanğınsöndürən avtomobili alınıb. Həmin avtomobillərdən  yanğın yerinə şəxsi heyətin, yanğın texniki və xilasedici avadanlıqların, suyun və köpükəmələgətirən maddələrin daşınması, yanğın yerinin fasiləsiz olaraq odsöndürücü maddələrlə təmin edilməsi, çoxmərtəbəli binalardan insanların təxliyəsi və əşyaların çıxarılması, xilasedici və yanğınsöndürənlərin yuxarı mərtəbələrə qaldırılması, lafet lüləsi vasitəsilə yüksəklikdə yanğınların söndürülməsi, yanğın yerinin işıqlandırılması, eyni zamanda digər köməkçi işlərin görülməsi üçün istifadə olunacaq. Bundan başqa, müxtəlif texnogen, təbii qəzalar və yol-nəqliyyat hadisələri zamanı xüsusi xilasetmə işlərinin aparılması, işğaldan azad edilmiş ərazilərdə yüklərin və köməkçi materialların daşınması üçün digər avtomobillər də gətirilib.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınları ilə mübarizə məqsədilə qardaş Türkiyəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri ən çətin şəraitdə alovlarla igidliklə mübarizə aparıblar. Yanğınlar zamanı Türk bayrağını xilas edərək öpüb gözünün üstünə qoyan soydaşımızın nəcib hərəkəti bütün türk dünyasında rəğbətlə qarşılandı. Qeyd edək ki, Türkiyədə baş verən meşə yanğınlarının söndürülməsində FHN-in 743 əməkdaşı böyük fədakarlıq göstərib. Bundan başqa, 97 texnika, o cümlədən 77 yanğınsöndürmə, 6 nasos avtomobili, 1 yanacaqdoldurma çəni, 4 qərargah avtomaşını, 2 avtobus və 1 pikap, eləcə də köməkçi texniki vasitələr, "BE-200ÇS" tipli amfibiya təyyarəsi və 1 helikopter Türkiyədə meşə yanğınlarının söndürülməsinə cəlb edilmişdi.

Sentyabrın 25-də qədim yurd yerimiz Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş yanğınla əlaqədar əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. İlk dəqiqələrdə hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının ehtiyat yanacaq çənləri parkında baş verdiyi və genişlənmə riskinin yüksək olduğu müəyyən edilib. Yanğınsöndürənlərin fədakarlığı və peşəkar fəaliyyəti sayəsində yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Ətraf ərazilər, o cümlədən digər yanacaq çənləri yanğından mühafizə olunub. Qəhrəman yanğınsöndürənlərimiz düşmən əsarətindən azad edilən Qarabağ və Şərqi Zəngəzurda xidmətlərini uğurla davam etdirirlər.

Salman ALIOĞLU,

"Respublika".