Vətən torpağının hər qarışında xoşbəxtlik tapan əzəli sakinlər
Sosial həyat

Vətən torpağının hər qarışında xoşbəxtlik tapan əzəli sakinlər

Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Füzuli şəhərinə yola salınıb.

Dekabrın 13-də Bakı şəhərinin Qaradağ rayonundan yola çıxmış keçmiş məcburi köçkünlər 25 ailə - 112 nəfərdən ibarət olub. Qeyd edək ki, indiyədək Füzuli şəhərində 358 ailənin, yəni 1298 nəfərin daimi məskunlaşması təmin edilib.

Doğma torpaqlara geri dönmüş Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini ifadə ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad etmiş rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Üzlərindən xoşbəxtlik yağan Füzuli sakinləri əzəli el-obalarına qayıtmağın sevincini yaşayırlar. Təkcə Füzuli şəhər sakinləri deyil, bütün Qarabağ əhalisi bir gün ata-baba yurduna geri dönmək istəyi ilə yaşayıb, içlərindəki bu ümid qığılcımı parlayacağı günü səbirlə gözləyib. Nəhayət, torpaq həsrəti ilə keçən uzun illik məşəqqətli mərhələ sona çatıb, haqq-ədalət öz yerini tapıb. Uşaq gülüşlərinin, qoca nənə-babaların, əcdadların səslərinin əks-sədalarının hopduğu bu torpaqlar illər idi ki, doğma insanların ayaq səslərini gözləmişdi. Əzəli yurda doğru atılan addımlarda bir arxayınlıq zəfər hissi var, hər bir addım xalqımızın sarsılmaz ruhunun təcəssümüdür.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin on illər sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Əlbəttə ki, Böyük Qayıdışın tam şəkildə reallaşması üçün bir sıra işlərin həyata keçirilməsi vacibdir. Bunlardan biri də minalanmış ərazilərin təmizlənməsidir. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb. Dekabrın 4-dən 10-dək Tərtər, Kəlbəcər, Ağdam, Laçın, Xocavənd, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 87, tank əleyhinə 84 mina və 340 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Həftə ərzində 533 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

"2026-cı ilin sonunadək Ağdam şəhərindən başqa, 12 kənd və Füzuli şəhərindən başqa, 10 kənd bərpa olunaraq təhvil veriləcək". Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov deyib. O qeyd edib ki, artıq Füzuli şəhərinə köçmüş vətəndaşlarla mütəmadi iş aparılır: "Onların məşğulluğunun təmin olunması ilə bağlı bütün zəruri tədbirlər görülüb. Hazırda 333 ailə orada məskunlaşıb. Bu yaxınlarda orada əmək yarmarkası da keçirilib. İlk dəfə olaraq sakinlərimiz 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününü və Yeni İli öz doğma torpaqlarında qeyd edəcəklər".

Göründüyü kimi, şanlı zəfərdən sonra növbəti mərhələ olan Qarabağın dirçəldilməsi prosesi uğurla davam etdirilir. Keçmiş məcburi köçkünlərin doğma yurd-yuvalarına tez bir zamanda qayıtması üçün bütün imkanlar səfərbər olunub. Bir vaxtlar xarabalığa çevrilən şəhərlərə artıq həyat qayıdır.

Nurcan SÜLEYMANOVA,

"Respublika".