Vətən uğrunda döyüş
Sosial həyat

Vətən uğrunda döyüş

Vətən naminə düşmənlə döyüşdə ölümü ilə ölümsüzlük qazanan Masallı elinin qəhrəman oğlu şəhid Raqib Vidadi oğlu Əzizovun torpağa tapşırıldığı gündən 3 il ötdü. İgidliyi, mərdliyi dillərdə dastana dönən, yeri ürəklər olan Vətən sevdalısının uyuduğu müqəddəs yer ziyarət olundu, məzarına təzə güllər düzüldü. Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Raqib Əzizov 29 avqust 1991-ci ildə Masallının Yolağac kəndində dünyaya göz açıb. Vətənə sevgi, düşmənə nifrət ruhunda böyüyən, həmişə Qarabağın işğalına qarşı barışmaz mövqe göstərən Raqib 2009-2011-illərdə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Düşməndən qisas almaq məqsədilə həyatını hərbiyə bağlayıb. 2012-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin TTM-də təhsil alır və hərbidə bağlama rabitə bölüyünün mobil retranslyasiya stansiyasının rəisi vəzifəsində çalışıb.

Nəhayət, 27 sentyabr 2020-ci il başlanan Vətən müharibəsində Raqib zəfər gününə qədər erməni dığalarına qan uddurub. 44 günlük haqq savaşımız başa çatandan sonra hərbi xidmətini davam etdirib. Dekabrın 8-də Xocavənd rayonunun Hadrut qəsəbəsi istiqamətində qanunsuz erməni silahlı qrupu Azərbaycan Ordusunun bölmələrini atəşə tutub. Gizir Raqib Əzizov yağıya qarşı son nəfəsə qədər döyüşüb.

R.Əzizov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda”, Xocalının, Zəngilanın azad olunmasına görə medalları ilə təltif edilib.

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü.