VIII gün: Hadisələr, şərhlər
Gündəm

VIII gün: Hadisələr, şərhlər

Ötən hər gün, ay və il ölkəmizlə bağlı mühüm əhəmiyyətə malik, maraqlı, tarixi və taleyüklü hadisələrlə yadda qalır. Təbii ki, qəzetimizin saylarında həmin hadisələr barədə operativ yazılar, xəbərlər, rəylər verilir. "Respublika"nın yeni - "8-ci gün" rubrikası özlüyündə məram və məqsədlərimizi açıq ifadə edir. Belə ki, 8-ci gün ötən 7 gün ərzində istər ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatında, istərsə də onun hüdudlarından kənarda baş verən Azərbaycanla bağlı ən önəmli 3 hadisəni qısa şərh formasında, lakonik tərzdə, digər mühüm hadisələri isə xronoloji qaydada oxucularımıza təqdim edirik.

27 avqust

  • Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin milli müdafiə nazirini qəbul edib.

Müdafiə sahəsində Azərbaycan-Türkiyə işbirliyi inkişaf edir

Ölkə başçımız avqustun 27-də Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güləri qəbul edib. Prezident İlham Əliyev Yaşar Gülərin Türkiyənin milli müdafiə naziri vəzifəsinə təyin edilməsini Türkiyə Prezidenti tərəfindən göstərilən böyük etimad kimi dəyərləndirdi. Görüşdə Azərbaycan və Türkiyə Silahlı qüvvələrinin birgə işbirliyi ilə bağlı böyük səylər göstərdiyini və töhfələr verdiyini vurğuladı, bu əməkdaşlığın çox yaxşı səviyyədə olduğunu qeyd etdi. Avqustun 28-də isə Prezident Türkiyə Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Metin Gürakı qəbul edib.

Dünyada Azərbaycan-Türkiyə münasibətləri hər bir dövlət üçün mükəmməl örnəkdir. Bu iki dövlət yaxşı gündə də, çətin gündə də bir-birilərinin yanındadırlar. Azərbaycan və Türkiyə dövlətləri arasındakı münasibətlər hər iki ölkə rəhbərliyinin həyata keçirdiyi siyasət nəticəsində dayanmadan inkişaf edir, iki xalq arasında əlaqələrin səviyyəsini durmadan yeni mərhələyə qaldırır. Eləcə də, Azərbaycan-Türkiyə əlaqələri bütün türk dünyası üçün mühüm rol oynayır və türkdilli dövlətlər arasında münasibətlərin inkişafına güclü təsir göstərir. 2021-ci ildə təsdiqlənən "Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş" bu sahədəki yeniliklərin növbəti mərhələsi kimi qəbul edilir. İki dövlət, bir millət, bir yumruq olan bu ölkələrin əsas hədəfi regional olaraq təhlükəsizliyi təmin etmək və beynəlxalq məkandakı nüfuz dairələrini genişləndirməkdir. Məhz bu çərçivədə görülən işlər - Azərbaycan Ordusunun Türkiyə modeli əsasında inkişafı, Türkiyə müdafiə sənayesinin gücü antitürk dairələrini ciddi şəkildə narahat edir, bədnam qüvvələr bu birliyi qısqanır. Əsasən də hərbi təlimlərin keçirilməsi bu dairələrə göz dağıdır.

İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı möhtəşəm Zəfərdən sonra Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Ordusunun maddi-texniki təminatının yaxşılaşdırılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi, döyüş qabiliyyətinin daha da yüksəldilməsi məqsədilə ən son model döyüş texnologiyaları ilə gücləndirilən Azərbaycan Ordusu Türkiyə Silahlı Qüvvələri ilə birgə yüksək səviyyəli hərbi təlimlərdə iştirak edir.

  • Azərbaycan səfirliyi Rusiya XİN-ə etiraz notası göndərib.
  • Laçında Uşaq İncəsənət Festivalının yay düşərgəsi keçirilib.
  • Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə klassik avtomobillərin yürüşü və sərgisi keçirilib.

28 avqust

  • Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib.
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 28-də Türkiyə Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Metin Gürakı qəbul edib.
  • Azərbaycanın Rus İcması regionda sabitliyi pozmaq cəhdlərini pisləyib.

29 avqust

wFransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

wBakıdan Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməni əsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün humanitar yardım yola salınıb.

 

Hayların "humanitar fəlakət" şousu ifşa edildi

Son günlərdə baş verən hadisələr bir daha onu göstərir ki, Qarabağdakı ermənilərin guya "humanitar böhran" yaşaması ilə bağlı iddiaları Azərbaycanla reinteqrasiya prosesinə mane olmaqdır. Əgər həqiqətən də Qarabağda bir böhran varsa, Qızıl Aypara Cəmiyyətinin avqustun 29-da apardığı humanitar yük Ağdam-Xankəndi yolunda saxlanılmazdı. Xatırladaq ki, avqustun 21-də Azərbaycan Qızıl Aypara Cəmiyyəti İdarəetmə Şurasının qərarı ilə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərə humanitar yardım göstərməyə hazır olduğu barədə bəyanatla çıxış etmişdi. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qarabağda yaşayan erməni əsilli şəxslər üçün humanitar yardım göndərməsi önəmli addımdır. Ermənistan humanitar yüklərin Laçın yolu vasitəsilə daşınmasını həyata keçirməyə çalışır. Qızıl Aypara Cəmiyyətinin humanitar yük karvanı həm də beynəlxalq aləmə bir mesaj verir ki, Azərbaycan öz ərazisində, öz vətəndaşları ilə davranışda da humanist prinsiplərdən çıxış edir.

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərə malların daşınması üçün Ağdam-Xankəndi yolundan istifadə olunmalıdır. Sovetlər zamanında Ağdam-Xankəndi yolu coğrafi, təbii olaraq nəqliyyat nöqteyi-nəzərindən ən uyğun, səmərəli yol kimi istifadə olunub. Lakin onlar bu yoldan istifadə etmək əvəzinə yolda maneələr yaratmaqla məşğuldurlar. Çünki bəllidir ki, bu yol onlara sərf etmir. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qarabağda yaşayan ermənilərə yardım məqsədilə Bakıdan yola saldığı humanitar yardım karvanı günlərdir Ağdam-Xankəndi yolunda gözləyir. TIR-lar 40 ton un məmulatları ilə yüklüdür. Reinteqrasiya çərçivəsində danışıqların aparılması üçün Yevlaxa dəvət edilən erməni əhalisinin nümayəndə heyəti bu görüşdən də, boyun qaçırdı. Lakin Azərbaycanın təklif və tələbi qətidir. Humanitar yüklərin daşınması Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə həyata keçirilməlidir. Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel də Azərbaycanın Ağdam vasitəsilə Qarabağa humanitar yardım göstərməyə hazır olduğunu bildirməklə, Aİ-nin də bu yola qarşı çıxmadığını təsdiqləmişdi. "Mən Azərbaycanın Ağdam vasitəsilə humanitar yükləri bərabər şəkildə həyata keçirməyə hazır olduğunu da qeyd etdim… BQXK-nın tibbi təxliyənin bərpasını da alqışlayıram", - deyə Avropa İttifaqı Şurasının rəhbəri bu yola dəstəyini bildirmişdi.

  • Laçından olan daha 13 ailə doğma yurduna qovuşub.

30 avqust

  • Dünyanın müxtəlif ölkələrini təmsil edən vətəndaş cəmiyyəti təşkilatları Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş minlərlə azərbaycanlı haqqında təcili tədbirlər görülməsi barədə beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb.

31 avqust

  • Azərbaycanın Livandakı səfirliyinə erməni əsilli şəxslər hücum edib.

 

Diplomatik nümayəndəliklərə hücum beynəlxalq cinayətdir

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri bir neçə dəfə radikal qrupların hücumuna məruz qalıb. Belə hücumlardan biri də avqustun 31-də Livandakı səfirliyimizə qarşı törədilib. Döyüş meydanından sonra diplomatik masada da məğlubiyyətə uğrayan ermənilər çarəsizlikdən xarici ölkələrdəki səfirliklərimizi hədəf alıblar. Gürcüstan, Böyük Britaniya və Fransadan sonra indi də Livandakı səfirliyimiz hücuma məruz qalıb. 50-yə yaxın erməni əsilli şəxs səfirliyin inzibati binasının ətrafındakı hasara zərbələr endirib, özləri ilə gətirdikləri içərisində boya olan və partlayıcı bərkidilmiş şüşələri səfirliyin inzibati binasına atıb. Hücum nəticəsində səfirliyin heyəti xəsarət almayıb. Amma məlum məsələdir ki, diplomatik korpusun yerləşdiyi binaya hücum elə həmin dövlətə, hazırkı vəziyyətdə isə Azərbaycana hücum sayılır. Bu kimi hadisələr ikitərəfli münasibətlər müstəvisində dekonstruktiv xarakter daşıyan məqamdır. Nəzərə almaq lazımdır ki, beynəlxalq qanunvericiliyin tələblərinə görə, baş vermiş cinayətin məsuliyyətini həm də həmin ölkələr daşıyırlar. Lakin bu günə qədər Böyük Britaniyada, İranda, Fransada, Livanda diplomatik nümayəndəliklərimizə hücumlarla bağlı heç bir tədbir görülməyib.

Bu baxımdan səfirliklərimizin binasının lazımi səviyyədə qorunmaması həmin dövlətlərin beynəlxalq hüquqla üzərinə götürdüyü öhdəliklərin pozulması deməkdir. Yəni səfirliklərin ərazisi birbaşa dövlətlərin ərazisi hesab olunur. Bu halda səfirliklərin fəaliyyət göstərdiyi ölkələrin beynəlxalq və daxili hüquqla məsuliyyəti yaranır.

Baş prokuror Kamran Əliyev də Azərbaycanın Beyrutdakı səfirliyinin binasına hücumla bağlı livanlı həmkarı ilə telefonla danışıb. Baş Prokurorluqdan verilən məlumatda bildirilib ki, danışıq zamanı beynəlxalq norma və prinsiplərə, eyni zamanda daxili qanunvericiliyə uyğun olaraq hərtərəfli, tam və obyektiv istintaq aparılmaqla təqsirkar şəxslərin dairəsinin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi xahiş olunub.

  • Azərbaycan Prezidenti İlham Əliyev Malayziyanın XVI Ali Başçısı Əlahəzrət əl-Sultan Abdullah Riayatuddin əl-Mustafa Billah Şah ibni əl-Mərhum Sultan Hacı Əhməd Şah əl-Mustain Billaha bu ölkənin milli bayramı - Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.
  • Diplomatik korpusun nümayəndələri, hərbi attaşelər və xarici jurnalistlər Ağdam-Xankəndi yoluna gəliblər.

1 sentyabr

  • Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə bu ölkənin milli bayramı - Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.
  • Azərbaycan Prezidenti İlham Əliyev Slovakiya Prezidenti Zuzana Çaputovaya bu ölkənin milli bayramı - Konstitusiya Günü münasibətilə təbrik məktubu göndərib.
  • Azərbaycan XİN Şarl Mişelin mətbuat katibinin bəyanatına cavab verib.
  • Şamaxıda Azərbaycan Dili və Ədəbiyyatı Forumu işə başlayıb.

2 sentyabr

  • Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti Vo Van Txıonqa bu ölkənin milli bayramı - Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.
  • Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.
  • Müdafiə Nazirliyi qanunsuz erməni silahlılarının xarici aviaşirkətlərin sərnişin təyyarələrinə qarşı radiomaneələr tətbiq etməsi ilə bağlı məlumat yayımlayıb.

“Respublika”.