Volfqanq Maniq:  Almaniya ilə Azərbaycan arasında, xüsusilə enerji sahəsində münasibətlər strateji əhəmiyyət kəsb edir
Siyasət

Volfqanq Maniq:  Almaniya ilə Azərbaycan arasında, xüsusilə enerji sahəsində münasibətlər strateji əhəmiyyət kəsb edir

Dekabrın 9-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniyanın ölkəmizdəki səfiri Volfqanq Maniqi qəbul edib.

Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, Almaniyada yeni hökumətdən formalaşdığını və yeni kanslerin seçildiyini qeyd edən səfir Volfqanq Maniq Azərbaycan ilə münasibətlərin möhkəmlənməsinə önəm verildiyini bildirib. İki ölkə arasında, xüsusilə enerji sahəsində münasibətlərin strateji əhəmiyyət kəsb etdiyi vurğulanıb. Almaniyada yeni hökumətin alternativ enerjiyə keçmək ilə bağlı məqsədlərindən danışan səfir təbii qazın bu xüsusda keçid enerjisi rolunda çıxış etdiyini söyləyib. Diplomat gələn il təşkil olunacaq "Berlin Enerji Keçidi Dialoqu" tədbiri barədə məlumat verib.

Nazir Ceyhun Bayramov Almaniyada yeni Kanslerin seçilməsi və yeni hökumətin formalaşması ilə bağlı təbriklərini çatdırıb. O, iki ölkə arasında dostluq və yüksəksəviyyəli əməkdaşlıq münasibətlərinin yeni hökumətlə də davam etdiriləcəyinə ümidini ifadə edib. Ölkəmizin Avropa, o cümlədən Almaniyanın enerji sahəsində etibarlı tərəfdaşı olduğunu vurğulayan nazir yaşıl enerji və iqlim məsələlərinin Azərbaycan hökumətinin gündəliyində duran əsas məsələlərdən olduğunu söyləyib. C.Bayramov azad olunmuş Qarabağ ərazisinin dövlətimizin başçısı tərəfindən "yaşıl enerji zonası" elan edildiyini Almaniya səfirinin diqqətinə çatdırıb.

Nazir Ceyhun Bayramov, həmçinin bölgədə mövcud olan ən son vəziyyət, o cümlədən Ermənistan ilə münasibətlərin normallaşması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar barədə səfirə məlumat verib. Ermənistanın bu addımlara hələ də qarşılıq vermədiyi, eyni zamanda, təxribatçı əməllərini davam etdirərək bölgədə sülhün təmin olunması prosesinə xələl gətirdiyi diqqətə çatdırılıb.

Görüşdə tərəflər münaqişə sonrası mərhələdə bölgədə sülh və təhlükəsizliyin təmin olunması, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

AZƏRTAC