Xalçalarımıza göz dikən hayların oğurluğu davam edir
Siyasət

Xalçalarımıza göz dikən hayların oğurluğu davam edir

Bütün dövrlərdə Ermənistanın formalaşmış bir qaydası var. Bu dövlət  ya beynəlxalq ictimaiyyəti aldadaraq ölkəmizə qarşı ərazi iddiaları irəli sürür, ya da Azərbaycanın tarixi, mədəni irsini məhv etməyə çalışır.

Əslində, ermənilərin "istəkləri" dünənin, bu günün məsələsi deyil. Onların tipik oğurluq və mənimsəmə tarixləri elə dövlət adlandırdıqları Ermənistanın yaranışı ilə yaşıddır. Çünki hayların dövlət quruluşu da məhz Azərbaycan ərazilərinə yiyələnməklə, tarixi, mədəni irsini oğurlamaqla başlayıb. Zaman keçdikcə onların gerçəkləşən arzuları fonunda bir çox planları reallaşıb. Ermənilər qədim İrəvan xanlığına məxsus Qərbi Azərbaycan torpaqlarında yerlərini bərkidəndən sonra bölgəyə aid nə varsa hamısına sahiblənmişlər. Ötən əsrin sonlarında arxalandıqları qüvvələrin sayəsində daha da irəli gedərək Azərbaycan ərazilərinin 20 faizini işğal etmişlər. Qərbi Azərbaycan torpaqlarından azərbaycanlıların deportasiya edilməsindən sonra Qarabağ ərazilərinin işğalı və daha böyük planların həyata keçirilməsi üçün əlverişli zəmin yaranmışdır.

Bütün baş verənlər hay toplumu üçün Azərbaycanın mədəni sərvətlərinin və irsinin oğurlanması, talan edilməsi, mənimsənilməsi, qeyri-qanuni daşınmasına şərait yaratmışdır. Baxmayaraq ki, bunlar beynəlxalq hüquq və konvensiyaların kobud şəkildə pozulmasıdır, proses tam 30 il davam etmişdir. Nəticədə, işğal altında olan ərazilərimizdə bir dənə də salamat tarixi-mədəni abidə qalmamışdır. Ya tamamilə dağıdılmış, ya sökülüb, oğurlanıb Ermənistana aparılmış, ya da bəzi dəyişikliklər edilərək erməniləşdirilməyə cəhd edilmişdir. Dövlət, millət kimi dərin köklərə, tarixə sahib olmadıqlarından oğurluq onlar üçün ən asan vasitədir. Ermənilər məhz özgəsinin malını mənimsəmə və oğurlama prinsipi ilə tərbiyə olunmuşlar. 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində Azərbaycan öz ərazilərini işğaldan azad etdi. Bölgənin yenidən tikilib-qurulması ilə yanaşı, bütün tarixi-mədəni abidələrin də bərpasına başlandı. Ermənistan isə hələ də ölkəmizə qarşı iddialarını davam etdirir və fürsət düşən kimi nəinki mədəni-tarixi abidələrimizi, hətta mətbəximizi, el sənətimizi və incəsənət nümunələrimizi də oğurlamağa çalışırlar.

Məlumdur ki, Qarabağ və Şərqi Zəngəzur bölgəsi yeraltı, yerüstü təbii ehtiyatla zəngin olduğu kimi, el sənəti ilə də məşhurdur. Böyük bir məktəb olan Qarabağ xalçaçılıq sənəti bütün dünyaya tanışdır. Ərazidə maldarlığın inkişafına münbit şərait olduğu üçün xalçaçılıq sənəti də böyük inkişaf mərhələsi keçmişdir və Azərbaycan xalçaçılıq məktəbinin bir qolu olan Laçın qrupuna aid, özünün rəng, çeşid və naxış fərqi, gözəlliyi ilə məşhur olan "Qasımuşağı" xalçası dəfələrlə ermənilər tərəfindən oğurlanmışdır.

Hələ 2010-cu ildə ənənəvi Azərbaycan xalçaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Lakin acınacaqlı haldır ki, son 30 ildə ermənilərin dünyaya nümayiş etdirmək istədiyi xalça ornamentləri Qarabağ bölgəsinin xalçaçılıq ənənələrinə aiddir. Onlar qədim el sənəti olan xalçalarımızı da oğurlamaq istəyirlər. Məsələn, "Qasımuşağı" xalçası növbəti dəfə, bir neçə gün əvvəl sosial şəbəkələrdə erməni mədəniyyət nümunəsi kimi təqdim edilib. Lakin ermənilər bir şeyi unudurlar ki, nümayiş etdirdikləri xalçalardakı bütün elementlər Azərbaycanın Qarabağ növünə aid olan "Qasımuşağı" xalçasındandır. Bu növ əvvəlcə Laçında yaranıb, sonra yavaş-yavaş bütün Qarabağa yayılıb. Sözügedən çeşnə həm Laçında, həm Zəngilanda, həm də Cəbrayılda çox toxunub. Səkkizbucaq olan element tam şəkildə müsəlman-türk mədəniyyətinə aiddir. Ermənilərə isə heç bir aidiyyəti yoxdur. Xalçanın ortasında olan isə Oğuz damğasıdır. Bu damğaya "Pıtraq", "Əqrəb", yaxud da "Qarmaqlı" deyirlər. Bu elementin türklərə aid olması bütün dünyada qəbul edilir. Onu da qeyd edək ki, dövlətimiz tərəfindən Qarabağ xalçaçılıq sənəti ənənələri yenidən bərpa edilərək, bu gün Laçında davam etdirilir.

Xatırlatmaq istərdik ki, bu hal 2023-cü ildə də baş vermişdir. Belə ki, oktyabrın 16-da Vyana Beynəlxalq Mərkəzinin Rotunda zalında "Keçmişin gələcəyi: Ermənistanın ənənəvi incəsənətinin dirçəlişinə dəstək verməklə qadın sahibkarların səlahiyyətlərinin artırılması" adlı sərgi Azərbaycanın maddi-mədəni irsinin Ermənistan tərəfindən mənimsənilməsi və özününküləşdirilməsi cəhdinə xidmət edib. Sərgidə Azərbaycan xalça sənətinin müxtəlif məktəblərinə xas xalçalar erməni xalçaları kimi göstərilib. Haylar öz adlarına çıxdıqları, lakin onlarda mövcud olmayan bir sıra Azərbaycan xalçalarını "zəngin erməni mədəni irsi"nin nümunələri kimi nümayiş etdirməyə çalışıblar. Ancaq onlarda bu ornamentlər olmadığı üçün xalçaların yalnız fotolarını sərgidə asmaqla kifayətlənməli olublar. Ölkəmizin mədəni irsini beynəlxalq səviyyədə erməniləşdirməyə növbəti dəfə cəhd göstərən Ermənistan bu dəfə də sərgidə Azərbaycanın Qarabağ, Qazax və Şirvan bölgələrinin klassik xalça kompozisiyaları əsasında toxunmuş "Çələbi", "Xətai", "Qasımuşağı", "Malıbəyli", "Bəhmənli", "Borçalı" və digər xalçalarını öz adlarına çıxmaq istəyiblər.

Məsələ ilə bağlı Azərbaycanın Avstriyadakı səfirliyi Ermənistan milli-mədəni irsinin nümayişi pərdəsi altında təqdim olunan sərgi ilə bağlı BMT-nin Vyana bölməsinin rəhbərinə rəsmi etiraz məktubu ünvanlayıb. Etiraz məktubunda bildirilib ki, sərgidə Azərbaycanın xalq sənətinin ən qədim və mühüm sahələrindən biri olan xalçaçılıq ənənələrinə xas ornamental elementləri ehtiva edən xalçaların erməni xalçaları kimi təqdim olunması təxribat və tarixi saxtalaşdırmaqdır. Göründüyü kimi, erməni oğurluğu, saxtakarlığı və təxribatı davam edir.

Ramidə YAQUBQIZI,

"Respublika".