Xalqımız ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa edənə, qurub-yaradana səs verdi
Region

Xalqımız ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa edənə, qurub-yaradana səs verdi

Əmin-amanlığa, xoşbəxt gələcəyə aparan seçkilər

Özünün sürətli inkişaf tempini təmin edən Azərbaycan regionun tərəqqisində aparıcı rol oynayan ölkədir. Bu reallıq beynəlxalq miqyasda da açıq etiraf olunur. 30 il işğal altında qalan tarixi torpaqlarını öz gücü hesabına azad edən Azərbaycanın nüfuzu daha da artıb. Dünya miqyasında aparıcı söz sahiblərindən birinə çevrilən ölkəmiz regionda sülhün bərqərar olması, əmin-amanlığın yaradılması üçün səylərini əsirgəmir.

2023-cü ilin sentyabrında öz suverenliyini tam şəkildə təmin edən Azərbaycan fevralın 7-də daha bir sınaqdan uğurla çıxdı. Ölkənin bütün ərazilərində növbədənkənar prezident seçkiləri keçirildi. Vətəndaşlarımız bölgələrdə də mütəşəkkil şəkildə bu seçkilərdə öz tarixi seçimini etdi. Bölgə müxbirlərinin seçki məntəqələrindən hazırladıqları materialları oxuculara təqdim edirik:

Gəncə

Gəncə şəhərində də səsvermə mütəşəkkil, şəffaf və demokratik, əsl bayram əhvali-ruhiyyəsi ilə keçmişdir. Belə ki, şəhər üzrə 4 seçki dairəsi fəaliyyət göstərmişdir. Bütün seçki dairələrində demokratiklik və şəffaflıq təmin olunmuşdur. 38 saylı Gəncə Birinci Seçki Dairəsinin əhatə etdiyi 38 seçki məntəqəsinin hamısında seçici fəallığı yüksək olmuşdur. Dairənin sədri İbrahim Cəfərov məlumat verərək bildirdi ki, dairə üzrə 38 seçki məntəqəsində 52300 nəfər seçici vardır. Onlardan 86 nəfəri ilk dəfə səs verənlərdir. 400 nəfər müşahidəçi seçkini izləyir. Hər bir məntəqə lazım olan bütün avadanlıqlarla təmin olunmuş, məntəqə sədrləri və üzvlər üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar və maarifləndirmə tədbirləri (treninqlər) həyata keçirilmişdir. Seçicilərin 52 faizi qadın, 48 faizi kişidir. Seçki prosesini eyni zamanda beynəlxalq müşahidəçilər də izləyirlər.

39 saylı Gəncə İkinci Seçki Dairəsinin əhatə etdiyi 36 seçki məntəqəsinin hamısında seçki fəallığı yüksək olmuşdur. Dairə seçki komissiyasının sədri Zakir Hüseynov bildirdi ki, dairədə 36 məntəqə fəaliyyət göstərir, 50132 nəfər seçici səs verəcəkdir. Seçki dairəsi üzrə bütün seçki məntəqələri telefonlaşdırılıb. Həmçinin seçki məntəqələri müasir texniki avadanlıqlarla təmin edilib. Yaranacaq hər hansı hala qarşı öncədən tədbirlər görülüb. Belə ki, bütün seçki məntəqələri generatorlarla, müxtəlif texniki avadanlıqlarla tam təmin edilib. Seçkilərdə şəffaflığın təmin edilməsi məqsədilə seçki dairəsinin 11 seçki məntəqəsində səsvermə prosesinin birbaşa izlənməsi üçün veb-kameralar quraşdırılmışdır. 1309 nəfər ilk dəfə səs verəcəkdir.

Bütün məntəqələrdə səsvermə fəallığı müşahidə olunurdu. Baş çəkdiyimiz 14 saylı seçki məntəqəsində, sözün əsl mənasında, növbə yaranmışdı. Məntəqədə seçicilərin normal şəraitdə öz iradələrini ifadə etmələri, istədikləri namizədlərə səs vermələri üçün hər cür şərait yaradılıb. Seçicilərin 56 faizini qadınlar, 44 faizini kişilər təşkil edir. Müşahidəçilərin dediyinə görə, səsvermə prosesində heç bir qanun pozuntusuna rast gəlinməyib. Şəhər ağsaqqalı, ixtiraçı alim, professor Nürəddin Məmmədov bildirdi ki, bu seçki birmənalı Aərbaycanın inkişafına, sabitlik və rifaha xidmət edir. Mən və ailəm ən layiqli namizədə, Azərbaycanı sevən, qurub-yaradana səs verdik.

40 saylı Gəncə Üçüncü Seçki Dairəsinin əhatə etdiyi 37 seçki məntəqəsinin hamısında seçki fəallığı müşahidə olunmuşdur. Dairə sədri Elbar Əhmədovun verdiyi məlumata görə, dairə üzrə fəaliyyət göstərən 37 seçki məntəqəsində 51100 nəfər seçici vardır ki, onlardan 3128 nəfəri ilk dəfə səs verən gənclər, 993 nəfər 80-100 yaşında olan seçicilərdir. Seçkinin şəffaflığı üçün 10 məntəqəyə veb-kamera quraşdırılmış, bütün məntəqələrdə seçicilərin rahat səs verməsi üçün tam şərait yaradılmışdır. 300 nəfər müşahidəçi seçkini izləyir. Səsvermədə heç bir pozuntuya təsadüf olunmamışdır. 41 saylı Gəncə-Samux-Goranboy Seçki Dairəsinin sədri Nizami Hacıyev bildirdi ki, respublikamızda demokratik seçkilərin keçirilməsi üçün zəruri ictimai-siyasi sabitlik, beynəlxalq təcrübəyə söykənən mütərəqqi hüquqi baza vardır. Demokratik, azad seçkilərin keçirilməsi təcrübəsi ildən-ilə təkmilləşdirilmişdir. Bu baxımdan, seçki tam obyektiv, şəffaf və demokratik şəraitdə keçirilir. Dairə üzrə fəaliyyət göstərən 47 seçki məntəqəsində 50601 seçici mövcuddur. Onlardan 2674 nəfəri ilk dəfə səs verən gənclərdir. 80-100 yaşlı seçicilər isə 889 nəfərdir. Məntəqələrdə yüksək seçki fəallığı müşahidə olunurdu.

Lənkəran

Səhər saatlarından Lənkəran şəhərində canlanma hiss olunur. İnsanlar dəstə-dəstə seçki məntəqələrinə doğru gəlirlər. Yolumuzu 22 saylı seçki məntəqəsinə salırıq. Lənkəran şəhər S.Kazımbəyov adına 6 nömrəli məktəb-liseyin binasında yerləşən məntəqədə qələbəlik hökm sürür.

Səhər saat 8-dir. Məntəqənin sədri, rayon ziyalısı, respublikanın əməkdar müəllimi Akif Xalıqov seçiciləri salamlayır, onları mütəşəkkil şəkildə səsverməyə dəvət edir.

Seçicilər növbə ilə qeydiyyatdan keçib bülleten götürür və səsvermə kabinəsinə daxil olurlar. Şəffaf seçki qutusuna ilk olaraq Birinci Qarabağ müharibəsi veteranı, II qrup əlil Əfqan Sadıqlı yaxınlaşır. Səsvermədən sonra müsahibimiz deyir: "Bu gün hamı sevinc, yüksək əhvali-ruhiyyə içindədir. Bu sevinci, xoş ovqatı bizə yaşadan Azərbaycanın qalib lideri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevdir. İlk dəfə olaraq seçkidə qalib ölkənin vətəndaşı kimi fəxrlə, qürurla iştirak edirik. Mən müstəqil Azərbaycanın müdrik rəhbərinə, qalib Baş Komandanımıza səs verdim".

Gülər Aslanova Lənkəran Tibb Kollecinin tələbəsidir: "Sevincimin həddi-hüdudu yoxdur", - deyir. İlk dəfə Konstitusiya hüququndan istifadə etdiyini, sərbəst şəkildə seçdiyi namizədə səs verdiyini bildirir. Tələbə yoldaşları Aygün Abbaslı və Aysel Mollazalova da seçkidə iştirak etdikləri üçün sevinc, qürur hissi keçirdiklərini deyirlər.

Aygün Həsənova şəhid Namiq Həsənovun bacısıdır. Vaxtilə qardaşının təhsil aldığı Şıxəkəran kənd tam orta məktəbi onun adını daşıyır. Aygün xanım səsvermədən sonra fikirlərini bizimlə bölüşür: Dövlətimiz tərəfindən şəhid ailələrinə yüksək qayğı göstərilir. Bizim ailə də üçotaqlı mənzillə təmin olunub. Yeganə seçimimiz Azərbaycanı qalib dövlət kimi dünyaya tanıdan, şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına böyük qayğı göstərən cənab İlham Əliyevdir.

Məntəqənin sədri Akif Xalıqov seçici fəallığının yüksək olduğunu, məntəqədə 1308 nəfərin səs verəcəyini bildirir. Səhər saatlarında seçicilərin 30 faizi səsvermədə iştirak edib.

21 saylı məntəqədə komissiya üzvləri hər bir seçiciyə həssaslıqla, diqqətlə yanaşır, seçki prosedurunun tələblərini yerinə yetirir. Məntəqənin sədri Fuad Məlikov səhər saatlarında artıq 120 nəfərin səsvermədə iştirak etdiyini bildirir. Seçkiləri 6 nəfər müşahidəçi izləyir. Böyük Azərbaycan Partiyasını təmsil edən müşahidəçi Elvira Həsənova seçkilərin normal keçdiyini, heç bir qanun pozuntusunun qeydə alınmadığını deyir.

20 saylı seçki məntəqəsində 1128 nəfər seçicinin səsverməsi üçün normal şərait yaradılıb. Ağsaqqal, 88 yaşlı Müdariz Heydərov seçkilərin ədalətli keçdiyini, istədiyi namizədi dəstəklədiyini bildirir.

Məntəqədə MDB-ni təmsil edən müşahidəçilərlə görüşürük. Nataliya Melnikova və Natalya Zadubrovskaya Lənkəran şəhərində 9, 10, 11, 12 saylı məntəqələrdə seçki prosesini izlədiklərini, heç bir qanun pozuntusu ilə rastlaşmadıqlarını deyirlər. Yüksək seçici fəallığı diqqətimizi daha çox cəlb etdi, - deyə bildirirlər.

Aşağı Nüvədi qəsəbəsindəki 5 saylı məntəqədə nümunəvi şərait yaradılıb. Burada seçkilərin ədalətli, obyektiv keçdiyinin, seçicilərin öz iradələrini azad, sərbəst şəkildə ifadə etdiklərinin şahidi oluruq. Məntəqənin sədri Nibuvvət Allahverdiyev 45 illik seçki təcrübəsinə malikdir.

Məntəqədə 89 yaşlı ağsaqqal Zahid Həsənovla tanış oluruq. Qəsəbə sakinlərinin zəfər seçkisində böyük həvəslə iştirak etdiyini, qalib dövlətimizin qalib liderinə səs verdiyini bildirir. ATƏT-in müşahidəçilərindən Aleksandr Lankeviç və Endreser Maybrikt məntəqədə seçkilərin gedişini izlədiklərini, seçici fəallığından razı qaldıqlarını deyirlər.

Lənkəran rayonunun 132 saylı seçki məntəqəsində də səsvermə uğurla davam edirdi.

Mingəçevir

Bu prezident seçkilərini qüdrətli Azərbaycanın tarixində yeni dövrün başlanğıcı kimi qeyd etmək olar. 54 saylı Mingəçevir Seçki Dairəsində də seçicilərin sərbəst, demokratik şəraitdə səs vermələri, müşahidələrin şəffaf aparılması üçün məntəqələrdə hər cür şərait yaradılmışdır. Dairənin sədri Oqtay Məmmədov bildirdi ki, dairə üzrə 40 məntəqə fəaliyyət göstərir. Ümumilikdə dairəni əhatə edən məntəqələrdə 51 min 240 seçici qeydə alınmışdır. Bütün seçki məntəqələri lazımi avadanlıqlarla, rabitə və digər texniki vasitələrlə təmin edilmişdir. Səsvermənin gedişini izləmək üçün 12 seçki məntəqəsində veb-kamera quraşdırılmışdır. Dairə üzrə 330 nəfər müşahidəçi seçkinin gedişini izləyir. Heç bir qanun pozuntusu müşahidə olunmayıb. 2922 nəfər ilk dəfə səs verənlərdə fəallıq müşahidə olunur. Azərbaycan dövləti və xalqı fevralın 7-də mütəşəkkil və ədalətli seçki nümunəsi ilə özünün demokratik irsini nümayiş etdirdi, bütün dünyaya əsl demokratiya dərsi verdi.

Masallı

Rayonda növbədənkənar prezident seçkiləri yüksək işgüzarlıq, gözəl əhvali-ruhiyyə şəraitində keçir. Masallı şəhərindəki 5 saylı seçki məntəqəsində də bunun şahidi oluruq. Masallı Ziyalılar Cəmiyyətinin sədri, "Şərəf nişanı" ordeninə və "Tərəqqi" medalına layiq görülmüş Qardaş Fətullayev məntəqədə bizə yaxınlaşır. Seçki gününün sevincini bölüşərək deyir: "Bu seçkilərin əvvəlkilərdən fərqi çoxdur. Müstəqillik əldə etdikdən sonra ilk dəfə ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin tam bərpası şəraitində növbədənkənar prezident seçkiləri keçirilir. Hər birimiz qalib dövlətin, xalqın nümayəndəsi kimi seçkilərdə iştirak edirik. Haqlı olaraq sevinir, fəxr edir, qürur duyuruq. Mən əhali arasında seçkilərə böyük maraq görürəm. İnanıram ki, seçkilərdən sonra ölkəmiz yüksək inkişaf və tərəqqi mərhələsinə daxil olacaq".

Rayonun ərazisində 73 saylı Masallı-Cəlilabad, 74 saylı Masallı, 75 saylı Yardımlı-Masallı və 76 saylı Lənkəran-Masallı seçki dairələri üzrə 124 seçki məntəqəsi fəaliyyət göstərir. Məntəqələrdə 115479 nəfər seçici vardır.

73 saylı Masallı-Cəlilabad dairə Seçki Komissiyasının sədri İlkin Hüseynov bildirir ki, dairə üzrə seçicilərin sayı 52782 nəfərdir. 13 məntəqədə veb-kamera qurulub. Seçkiləri 607 nəfər müşahidəçi izləyir. Yeni Azərbaycan Partiyası, Böyük Azərbaycan Partiyası, Böyük Qurtuluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası və Milli Cəbhə Partiyasının hər birinin 49 nəfər müşahidəçisi, Əliyev Fuad Ağası oğlu və Oruc Zahid Məhərrəmin təşəbbüsü ilə hər biri tərəfindən 49 nəfər seçkilərin gedişini müşahidə edir.

3 saylı seçki məntəqəsi Masallı şəhər 3 saylı tam orta məktəbin binasında yerləşir. Seçkilərin demokratik, şəffaf keçirilməsi üçün məntəqədə hər cür şərait yaradılıb. Rayon ziyalısı Fəxrəddin Talıbzadə ilk dəfə olaraq seçicilərin şəxsiyyət vəsiqələrinin yeni, müasir avadanlıqlarla yoxlanıldığını, veb-kamera vasitəsilə seçkilərin izlənildiyini diqqətə çatdırır. Saat 15-ə kimi 1219 nəfər seçicidən 738 nəfərin məntəqəyə gəlib səs verdiklərini deyir. Məntəqə sədri ilk dəfə seçkilərdə iştirak edən Ləman Əlizadə və Elnur Əhədovu təbrik edir.

ATƏT-in müşahidəçilərindən Alexander Deborah Lynn (ABŞ) və Abixan Abilay (Qazaxıstan) məntəqədə seçkilərin gedişini izləyib və razı qaldıqlarını bildiriblər.

Kəlbəhüseynli kəndindəki 29 saylı məntəqədə nümunəvi şərait mövcuddur. Seçicilər sərbəst şəkildə istədikləri namizədə səs verirlər. Məntəqənin sədri Vəfalı Paşayev 55 nəfərin ilk dəfə seçkilərdə iştirak etdiyini, xəstəliyi ilə əlaqədar 21 seçicinin mənzilinə daşınan seçki qutusunun aparıldığını deyib.

74 saylı Masallı Seçki Dairəsi 58 məntəqəni birləşdirir. Dairənin sədri Loğman Şahbazov 49279 nəfər seçicinin qeydə alındığını, saat 15-ə kimi seçicilərin 66,68 faizinin səsvermədə iştirak etdiyini bildirir. Seçicilərdən 1020 nəfərin yaşı 80-100 arasındadır. Viləş kənd sakini, Böyük Vətən müharibəsi iştirakçısı Cənnət Teymurovun və Bədəlan kənd sakini Qızxanım Fətullayevanın yaşı bir əsrdən çoxdur.

Seçki günü Bədəlan kənd sakini Rüfət Abdinovun, Sığdaş kənd sakini Könül Rəhmətovanın, Musaküçə kənd sakini Şahin Həsənovun və Birinci Yeddioymaq kənd sakini Nərgiz Abasovanın 18 yaşı tamam olub. Dairə sədri ilk dəfə səsvermədə iştirak edən gəncləri təbrik edib, xoş arzularını söyləyib.

15, 22, 44 və 49 saylı məntəqələrdə də veb-kamera qurulub. Seçkiləri 778 nəfər müşahidəçi izləyir. ATƏT-in iki müşahidəçisi 8, 17, 31, 32 və 53 saylı məntəqələrdə seçkilərin gedişini izləyib, heç bir nöqsan və irad qeydə alınmayıb, - deyə Loğman Şahbazov bildirib.

Astara

Astara rayonunda 79 saylı Astara seçki dairəsi üzrə 50, 80 saylı Lerik-Astara seçki dairəsi üzrə 19 seçki məntəqəsi fəaliyyət göstərir. Astara şəhər 1 saylı seçki məntəqəsi rayon mədəniyyət mərkəzinin binasında yerləşir. Məntəqənin sədri Hacıbala Ramazanov seçkilərin mütəşəkkil, seçicilərin fəallığı şəraitində keçdiyini qeyd edir.

Astara şəhərinin 90 yaşlı sakini, respublikanın Əməkdar müəllimi Heybət Hüseynov səhər saat 8-də məntəqəyə gəlib seçkilərə xeyir-dua verib. Seçici Gülnar Abdullayeva söhbət zamanı müstəqil Azərbaycanı inkişafa, tərəqqiyə aparan, dövlət və xalq mənafeyi naminə mütərəqqi, uğurlu siyasət yürüdən ən layiqli namizədə səs verdiyini qeyd edir. Digər seçici Mahir Abbasov məntəqəyə qalib ölkənin vətəndaşı kimi sevinclə, qürurla gəldiyini deyir. Seçkinin azad və demokratik şəkildə təşkilindən, səsvermənin gedişindən razı qaldığını bildirir.

Məntəqə sədri 28 nəfər xəstə seçicinin mənzillərinə daşınan qutu aparıldığını qeyd edir.

Astara şəhərindəki 5 saylı seçki məntəqəsində də fəallıq, işgüzarlıq nəzərə çarpır. Məntəqənin sədri Səlimə Nəsirova gənclərin seçkilərdə fəal iştirak etdiyini, azad, sərbəst şəkildə seçim etdiklərini vurğulayır.

Ərçivan qəsəbəsindəki 31 saylı seçki məntəqəsinin sədri Ceyhun Baxşıyev seçkilərin ədalətli, demokratik şəkildə keçirilməsi üçün lazımi şəraitin yaradıldığını və seçkinin normal keçdiyini diqqətə çatdırır.

Məntəqəyə səs verməyə gəlmiş 44 günlük Vətən müharibəsi iştirakçısı Elvin Nəsirov bu günü səbirsizliklə gözlədiyini deyir: "İlk dəfədir ki, ölkəmizin bütün ərazisində prezident seçkiləri keçirilir. Torpaqlarımız düşmən tapdağından azad edilib, ölkəmizin suverenliyi tam bərpa olunub. Qalib xalq kimi dünyada tanınırıq. Müstəqil Azərbaycan bütün sahələrdə sürətlə inkişaf edir. Belə azad, demokratik bir məmləkətdə yaşamaqdan məmnunluq, qürur duyuram. Xalqımızın 30 illik torpaq həsrətinə son qoyan, müstəqil Azərbaycanı işıqlı gələcəyə aparan liderin namizədliyini dəstəkləyirəm".

Rayonda seçkilərin şəffaf, ədalətli və obyektiv keçirilməsini məntəqələrdəki vəziyyəti müşahidə edən nümayəndələr, ATƏT-in müşahidəçiləri də açıq etiraf edirlər. Ana Vətən Partiyasının nümayəndəsi Bəxtiyar Məmmədov seçkilərin demokratikliyinə qətiyyən şübhə etmədiyini, seçki qanunvericiliyinin tələblərinə ciddi əməl olunduğunu bildirir.

Məntəqələrə həvəslə, böyük coşqu ilə gələn astaralı seçicilər növbəti dövr üçün ölkənin təhlükəsizliyini, davamlı inkişafı və xalqın rifahını təmin edəcək təcrübəli, bacarıqlı, layiqli namizədə səs verdiklərini bildirirlər.

Lerik

Dağlar diyarında əsl seçki ovqatı hiss olunur. Seçicilər 108 seçki məntəqəsində öz seçimlərini etmək üçün axın-axın məntəqələrə gəlirlər. 1 nömrəli seçki məntəqəsi Rövşən Abdullayev adına Lerik rayon mədəniyyət mərkəzində yerləşir. Məntəqənin sədri Bəylər Salmanov seçkilərin gedişi barədə məlumat verərək deyir: "Məntəqədə azad, ədalətli seçkilərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Veb-kamera vasitəsilə seçkilərin gedişini izləmək mümkündür. Ənənələrə uyğun olaraq səhər saat 8-də ağsaqqallardan Hidayət Bəşirov, Qəhrəman Əliyev, Aydın Abdullayev, Elxan Qənbərov məntəqəyə gələrək seçki prosesinə xeyir-dua veriblər".

Gənc seçici Səlminaz Vəliməmmədova seçkilərdə iştirak etməsindən qürur duyduğunu, gənclərin böyük dostu və himayədarı, xalqımızın qalib lideri cənab İlham Əliyevə səs verdiyini deyir.

Məntəqənin sədri Bəylər Salmanov saat 17-yə kimi seçicilərin 79,5 faizinin səsvermədə iştirak etdiyni, öz iradələrini azad, sərbəst şəkildə ifadə etdiklərini vurğulayır. Xəstə olduğuna görə 7 seçicinin mənzillərinə daşınan qutu aparılıb. ATƏT və MDB-ni təmsil edən müşahidəçilər, MSK-dan gəlmiş nümayəndələr seçkilərin gedişindən razı qaldıqlarını bildiriblər.

Lərmərud kəndi rayon mərkəzindən 28 kilometr uzaqda yerləşir. 44 saylı kənd seçki məntəqəsində işgüzarlıq, fəallıq hiss olunur. "Tərəqqi" medallı müəllim Əfrəddin Abdullayev fikirlərini bizimlə bölüşür: "Müstəqil Azərbaycan gözəl günlərini yaşayır. Topraqlarımız işğaldan azad edilib, ölkəmizin ərazi bütövlüyü tam təmin olunub. 30 ilə yaxın torpaq həsrəti ilə yaşamış soydaşlarımız ata-baba yurdlarına qayıdırlar. Xalqımıza sonsuz qələbə sevincini, böyük zəfəri yaşadan müdrik rəhbərə minnətdarıq. Kəndimizin seçiciləri hamılıqla qalib liderimizi dəstəkləyir".

Məntəqənin sədri Xanulla Əbilov kənd ağsaqqallarının, ziyalıların, gənclərin, sadə zəhmət adamlarının seçkilərdə fəal iştirak etdiyini, 468 seçicidən 379 nəfərin məntəqəyə gəlib istədiyi namizədə səs verdiyini bildirir.

80 saylı Lerik-Astara Dairə Seçki Komissiyası ilə əlaqə saxlayırıq. Komissiyanın sədri İdris Şıxəliyev seçkilərin mütəşəkkil keçdiyini, seçicilərin 79,3 faizinin səsvermədə iştirak etdiyini bildirir.

Yardımlı

Yardımlı rayonunun ərazisində 69 seçki məntəqəsi fəaliyyət göstərir. Seçicilərin sayı 31333 nəfərdir. Hazırlıq işləri yüksək səviyyədə aparılıb. Bunu seçkinin gedişində müşahidə etmək olur. 54 saylı Ostair və 55 saylı Dəlləkli kənd seçki məntəqələrində seçici fəallığı diqqəti cəlb edir. Rayon veteranlar şurasının sədri Zakir İmanov Dəlləkli kəndindəki məntəqədə səs verdiyini, məntəqədə seçkilərin azad, şəffaf, obyektiv keçirilməsi üçün normal şərait yaradıldığını bildirir. Bu seçkilərə maraq böyükdür, - deyə Zakir müəllim söhbətə başlayır. Seçicilər məntəqələrə ümidlə gəlir, müstəqil Azərbaycanın sabahına səs verirlər. Azərbaycanı qalib dövlət, xalqımızı qalib xalq kimi dünyaya tanıdan rəhbəri yenidən ölkə başçısı görmək hər birimizin arzusudur.

20 saylı Yolocaq kənd seçki məntəqəsində də seçici fəallığı yüksəkdir. Məntəqənin sədri Əhliman Bədirov seçici siyahısında 455 nəfərin qeydə alındığını, seçicilərin yarıdan çoxunun səsvermədə iştirak etdyini bildirir. Kənd ağsaqqalı Təmişət Əbilov seçki bülletenini şəffaf qutuya daxil edərək deyir: "Növbədənkənar prezident seçkiləri dövlətimiz və xalqımız üçün çox önəmlidir. Seçkilərdə fəal iştirak etmək, vətəndaşlıq mövqeyini ifadə etmək hər birimizin borcudur. Qalib ölkənin vətəndaşı kimi seçkilərdə iştirak etmək olduqca qururvericidir".

75 saylı Yardımlı-Masallı Dairə Seçki Komissiyasının sədri Qabil Canəliyev Yardımlı şəhərindəki 1 və 2 saylı, 39 saylı Çayüzü, 45 saylı Şəfəq, 66 saylı Avaş kənd seçki məntəqələrində veb-kameraların quraşdırıldığını, seçki prosesinin internet vasitəsilə izlənildiyini qeyd edir. Yerli müşahidəçilərlə yanaşı, ATƏT-in iki nümayəndəsi tərəfindən seçkilərin izlənildiyini və heç bir qanun pozuntusunun qeydə alınmadığını bildirir.

Rayonun seçki məntəqələrində seçicilərin 80,32 faizi səsvermədə iştirak edərək müstəqil Azərbaycanın sürətli inkişafına, tərəqqisinə və parlaq gələcəyinə səs veriblər.

Şuşa

Növbədənkənar prezident seçkiləri 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin Şuşa şəhərində yaradılmış 105 saylı seçki məntəqəsində seçicilərin ruh yüksəkliyi və fəallığı ilə başa çatıb. Səhər saatlarından Şuşa şəhər 1 nömrəli tam orta məktəbin binasındakı 105 saylı seçki məntəqəsinə üz tutan seçicilər konstitusion hüquqlarından istifadə edib, öz namizədlərinə səs veriblər. Məntəqə seçki komissiyasının sədri Səbinə Gözəlova bildirib ki, məntəqə üzrə 1222 seçici qeydə alınıb və onların çoxu səsvermədə iştirak edib. Seçki məntəqəsində ilk səs verənlərdən biri Ceyhunə Səfərəliyeva bildirib ki, özümü xoşbəxt hesab edirəm. Bu gün Şuşa şəhərində səs vermək mənə də nəsib oldu. Məntəqəyə hamıdan əvvəl gələrək, ilk səsi mən verdim. Bu, həyatımda ən unudulmaz gün olacaq. Seçki məntəqəsində yerli və xarici müşahidəçilər seçkinin gedişini izləyiblər. Şuşada seçki bayram əhvali-ruhiyyəsi ilə başa çatıb.

Füzuli

İşğaldan azad olunan Füzuli şəhərində məskunlaşan sakinlər, eləcə də burada çalışanlar növbədənkənar prezident seçkilərində ruh yüksəkliyi ilə iştirak ediblər. Onlar şəhərdə yaradılan 3 məntəqədə səs veriblər. Növbədənkənar prezident seçkiləri Füzulidə seçici fəallığı ilə müşahidə olunub. 84 saylı Füzuli seçki dairəsinin sədri Ramiz Teymurovun verdiyi məlumata görə, dairə üzrə ümumilikdə 77 seçki məntəqəsi üzrə 54457 nəfər seçici və seçki prosesini izləmək üçün 1020 müşahidəçi qeydə alınıb. Seçicilərdən 3619 nəfər işğaldan azad olunan ərazilərdə qeydiyyata alınıb. Belə ki, seçkilərin keçirildiyi 77 saylı seçki məntəqəsində qeydə alınan 1292 nəfər Füzuli şəhər sakinidir. 75 saylı seçki məntəqəsində 1351 nəfər, 76 saylı seçki məntəqəsində 976 nəfər qeydiyyata alınan seçicilər isə işğaldan azad olunan ərazilərdə çalışanlardır. Füzuli şəhərində növbədənkənar prezident seçkiləri üzrə səsvermə uğurla başa çatıb. Qeyd edək ki, Füzulinin işğaldan azad edilən ərazilərində 84 saylı Füzuli seçki dairəsinin 3 yeni məntəqəsi yaradılıb və həmin məntəqələrdə qeydə alınan 3619 seçicinin böyük əksəriyyəti səsvermədə iştirak edib. Füzuli şəhərində seçicilər arasında ilk dəfə səs verən gənclərdən biri Amin İsmayılzadə bildirib ki, keçən ilin avqust ayından Füzuli şəhərinə köçmüşük. On səkkiz yaşım yeni tamam olub. İlk dəfə səs verdiyim üçün çox qürurluyam, doğma şəhərdə səs vermək başqa bir hissdir. Mən cənab İlham Əliyevə səs verdim.

Xankəndi

122 saylı Xankəndi seçki dairəsinin sədri Mədinə Abbasovanın verdiyi məlumata görə bu qədim yurd yerimizdə növbədənkənar prezident seçkiləri bayram əhvali-ruhiyyəsi ilə başa çatıb. Prezidentliyə namizəd İlham Əliyevin ailə üzvləri ilə birlikdə Xankəndidə səs verməsi çox böyük tarixi hadisə kimi yaddaşlarda yaşayacaq. Fevralın 7-də qürurverici anlar yaşadıq. Burada yeni məntəqənin açılması böyük uğur, unudulmaz tarixi hadisədir. Bütün qəlbimizlə, ruhumuzla bu qüruru hiss etdik. Qeyd edək ki, Xankəndi seçki dairəsi üzrə 15 məntəqədə səsvermə şəffaf şəkildə başa çatıb. Seçki məntəqəsinin 2-si Xankəndinin özündə, digər 13-ü isə respublikamızın digər bölgələrində yerləşirdi. Bütün məntəqələr, o cümlədən Xankəndi şəhərindəki 14 və 15 saylı məntəqələrdə seçkilərin azad və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb. Seçicilərin fəallığı səhər tezdən hiss olunurdu. 122 saylı Xankəndi seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs verən Xankəndi şəhər sakini Qəzənfər Əliyev bildirib ki, 35 ildir bu günlərin həsrətində idik. Allah bu günü bizə yaşadanlara - şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin, Ali Baş Komandanımızı qorusun. Çox şükür ki, mən öz doğma şəhərimdə ən layiqli namizəd cənab İlham Əliyevə səs verdim. Şəhid Milli Qəhrəman Şirin Mirzəyevin xanımı, 122 saylı Xankəndi seçki dairəsindən sabiq deputat Flora xanım Qasımova bildirib ki, doğma yurdumda səs verdiyim üçün çox təsirli anlar yaşadım. Qarabağ və Şərqi Zəngəzuru xalqımıza qaytaran cənab İlham Əliyevə səs verdiyim üçün çox xoşbəxtəm.

Qubadlı

125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin yeni yaradılan 63 saylı seçki məntəqəsi Qubadlı rayonunun Xanlıq kəndində "POLAT YOL" şirkətinin inzibati binasında yerləşir. Məntəqənin sədri Akif Mirzəyev bildirdi ki, torpaqlarımız azad olunduqdan və əhalinin təhlükəsizliyi tam təmin edildikdən sonra burada yaşayıb işləyənlərin sayı durmadan artdığından son günə qədər siyahını dəqiqləşdirdik və qanunvericiliyə uyğun bütün tədbirlər görüldü. Seçki əhalinin yekdil iştirakı ilə keçirilir. Növbə ilə qeydiyyatdan keçən bütün seçicilər seçki bülletenini aldıqdan sonra xüsusi ayrılmış kabinetdə istədikləri namizədə azad və sərbəst şəkildə səs verirlər.

Kəlbəcər

Gəncə şəhəri ərazisinin Azərbaycan Dövlət Aqrar Universitetinin tələbə şəhərciyində fəaliyyət göstərən 123 saylı Kəlbəcər Dairə Seçki Komissiyasında seçkilərə çox ciddi hazırlıq görülmüşdür. Bütün məntəqələrdə sıxlıq müşahidə olunurdu. Dairə sədri Adil Murtuzayevin verdiyi məlumata əsasən respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 64 məntəqədən 55640 nəfər seçici öz iradəsini ifadə edib. Eyni zamanda respublikamızın dilbər guşələrindən olan Kəlbəcərin işğaldan azad edilmiş ərazilərində 2 seçki məntəqəsində: 63-cü məntəqədə 609 nəfər, 64-cü məntəqədə isə 882 nəfər seçici səs verib. Dairə üzrə ilk dəfə səs verən gənclərdə yüksək fəallıq müşahidə olunur. 80-100 yaşlı nəslin nümayəndəsi 1297 nəfərdir. Ənənələrinə sadiq qalan kəlbəcərlilər bu dəfə də səsvermədə yüksək fəallıq göstərirlər. Seçicilərin 52 faizi qadın, 48 faizi kişidir. Seçki prosesini 65 nəfər müşahidəçi izləyir.

Tərtər

Cəsur Azərbaycan əsgərlərinin şücaəti nəticəsində işğaldan azad olunmuş Suqovuşan və Ağdərə yaşayış məntəqələrində fəaliyyət göstərən 97 saylı Tərtər-Naftalan-Goranboy Seçki Dairəsinin 58 saylı Suqovuşan seçki məntəqəsi və 59 saylı Ağdərə seçki məntəqəsində seçicilər aktivlik nümayiş etdiriblər. 58 saylı Suqovuşan seçki məntəqəsində Talış kənd sakinləri və qəsəbədə çalışan insanlar, 59 saylı məntəqədə isə rayon ərazisində fəaliyyət göstərən müəssisələrin əməkdaşları səs verirlər. Hər iki məntəqədə müşahidəçilər iştirak edirlər. 58 saylı Suqovuşan seçki məntəqəsində 2006-cı il təvəllüdlü, Talış kənd sakini Sahibə Abbasova ilk dəfə olaraq doğma vətənində -Suqovuşanda istədiyi namizədə səs vermişdir. 97 saylı Tərtər-Naftalan-Goranboy seçki dairəsindən bildirdilər ki, seçkidən 1 gün əvvəl 6 fevral tarixində ATƏT-in 2 nəfər müşahidəçisi məntəqələrdə olmuş, məntəqələrdə yaradılan şəraitdən razı qalmışlar. Adıçəkilən dairənin 1 saylı seçki məntəqəsində də seçici fəallığının şahidi olduq. Məntəqədə 878 nəfər seçici var. Tərtər sakini, 72 yaşlı Adil Əhmədov bildirdi ki, bu gün əsl xalq bayramıdır. Çünki vətəndaşlarımız bu günü səbirsizliklə gözləmişlər. İnanırıq ki, qədirbilən xalqımız düzgün seçim edərək Azərbaycanımızın xoşbəxt gələcəyinə öz töhfəsini verəcək.

Xocavənd

124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin Hadrut qəsəbəsində yaradılmış 108 saylı seçki məntəqəsində də seçici fəallığı müşahidə olunub. Seçki məntəqəsi saat 07:50-də müşahidəçilərin iştirakı ilə açılıb və seçki qutuları kilidlənib, 08:00-da səsvermənin başlanması elan edilib. Məntəqə üzrə qeydə alınan 526 seçici səhər saatlarından etibarən seçki məntəqəsinə gəlib, öz konstitusion hüquqlarından istifadə ediblər. Seçki prosesini 13 yerli müşahidəçi izləyib. Hadrutda növbədənkənar prezident seçkiləri demokratik və şəffaf şəkildə keçirilib və seçicilər öz layiq bildikləri namizədə səs veriblər. Dairə seçki komissiyasından verilən məlumata görə, səsvermə uğurla başa çatıb. Qeyd edək ki, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsi üzrə 105 saylı məntəqə Şuşa şəhərində, 106 saylı məntəqə Xocalı rayonu Təzəbinə kəndində, 107 saylı məntəqə Xocalı rayonu Əsgəran qəsəbəsində, 108 saylı məntəqə Xocavənd rayonu Hadrut qəsəbəsində fəaliyyət göstərib.

Göygöl

Göygöl şəhərində də məntəqələrdə səsvermə mütəşəkkil, şəffaf və demokratik, əsl bayram əhvali-ruhiyyəsi ilə keçdi. 100 saylı Göygöl-Daşkəsən-Kəlbəcər Seçki Dairəsinin sədri İftixar Hüseynov bildirdi ki, qalib dövlətimiz və xalqımız bütöv ölkəmizin ictimai-siyasi həyatında mühüm bir tarixi hadisəni yaşamaqdadır. Ölkəmizdə müasir standartlara uyğunlaşdırılmış, ədalətli, şəffaf və demokratik seçkinin təminatı üçün bütün mövcud şərait yaradılmışdır. 100 saylı Göygöl-Daşkəsən-Kəlbəcər Seçki Dairəsində 98 məntəqə mövcuddur, 52361 nəfər seçici səs verir. Seçkinin keyfiyyətini və şəffaflığını artırmaq məqsədilə məntəqələrdə 13 ədəd veb-kamera quraşdırılmış, fasiləsiz elektrik enerjisi, su təchizatı, zəruri avadanlıqlarla və texniki vasitələrlə yüksək səviyyədə təmin olunmuşdur. 1, 2, 4, 5, 6 saylı məntəqələrdə sıxlıq müşahidə olunurdu.

Ağstafa

Növbədənkənar prezident seçkiləri ölkəmizin hər yerində olduğu kimi, Ağstafa rayonunda da seçicilərin fəallığı şəraitində keçirilir. 108 saylı Ağstafa Seçki Dairəsinin sədri Teymurlan Eyyubov bildirdi ki, 48 məntəqədə (1-i qapalı məntəqədir) 47550 nəfər seçici səsini layiqli namizədə verir. Dairə üzrə ən yaşlı sakin 1903-cü ildə anadan olmuş Aşağı Kəsəmən kəndində yaşayan 121 yaşlı Zəhra Bənnayeva Zəfər seçkisində iştirak edib. Onun yaşadığı ünvana daşınan seçki qutusu aparılıb. Seçkilərin şəffaf və demokratikliyini izləmək üçün 8 məntəqədə veb-kamera quraşdırılıb. Növbədənkənar prezident seçkilərinin gedişatını 648 müşahidəçi izləyir. Eyni zamanda ATƏT-in nümayəndəsi məntəqələrdə olub, seçkilərin gedişatında heç bir neqativ hala rast gəlməyiblər. Hər iki nümayəndə seçicilərin aktivliyini yüksək qiymətləndirib. Dairə sədri bildirdi ki, saat 17:00-dək 35220 nəfər (74 faiz) seçici növbədənkənar prezident seçkilərində istədikləri layiqli namizədə səs verib.

Laçın

121 saylı Laçın seçki dairəsinin Laçında 5 məntəqəsi yaradılıb. Məntəqələrin 3-ü Laçın şəhərində, digərləri isə Zabux və Qorçu kəndlərində yerləşib. İşğaldan azad edildikdən sonra Laçın şəhərində ilk dəfə keçirilən prezident seçkilərində seçicilərin yüksək fəallığı müşahidə olunub. İnsanlar bayram əhvali-ruhiyyəsində istədikləri namizədə səs veriblər. Hamı böyük sevinc və qürur hissi ilə səsverməyə gəlib. 121 saylı Laçın seçki dairəsinin 105 saylı seçki məntəqəsinin sədri Şəbnəm Uğurlu bildirib ki, məntəqəmizdə seçicilərin azad, sərbəst, demokratik şəkildə səsvermələri üçün hər cür şərait yaradılmışdı. Seçicilər böyük qürur ilə seçkidə iştirak edərək öz namizədlərinə səs verdilər. Seçki günü səhhətində problem olduğuna görə məntəqəyə gələ bilməyən seçicilərin səsverməsini təşkil etmək üçün səyyar seçki qutuları evlərə aparılıb.

Dairə seçki komissiyasından bildiriblər ki, Laçında ümumilikdə 6020 seçici qeydiyyata alınıb. Səsvermədə seçicilərin böyük əksəriyyəti iştirak edərək öz namizədlərinə səs verib. Laçında növbədənkənar prezident seçkiləri uğurla başa çatıb. Seçkinin gedişini 65 nəfər müşahidəçi izləyib.

Yevlax

Yevlax şəhərində də vətəndaşlar prezident seçkilərinə yüksək əhvali-ruhiyyə və fəallıqla başladılar. Seçicilər məntəqələrə axışır, öz layiqli namizədinə səs verməyə tələsirdilər. 52 saylı Yevlax Seçki Dairəsində olan 55 məntəqə saat 8-dən öz qapısını seçicilərin üzünə açmışdır. İlk dəfə səs verənlərin isə sevincinin həddi-hüdudu yox idi. Onlar birinci dəfə olaraq öz gələcəklərinə, onları irəliyə aparacaq bir namizədi dəstəkləyərək, iradələrini ifadə edirdilər. 52 saylı Yevlax Seçki Dairəsinin sədri Yaşar Abbasov qeyd etdi ki, Yevlax seçki dairəsində 55 məntəqə fəaliyyət göstərir. Burada 53600 nəfər seçici qeydiyyata alınmışdır. Bunlardan 3926 nəfər ilk dəfə səs verənlər, 899 nəfər yaşlı nəslin nümayəndəsi, 4 nəfər 100 yaşdan yuxarı olan vətəndaşlardır. Onların içərisində ən yaşlı Nübar İmanovadır ki, onun 102 yaşı var. Dediyinə görə, hamının və özünün sevdiyi layiqli namizədə səs vermişdir. Məntəqələrə baş çəkdik. 2, 4, 5, 6, 13, 24, 25 saylı məntəqələrdə sıxlıq idi. Məntəqə üzvləri yüksək həvəslə və fəallıqla seçicilərə xidmət edir, onların rahat səs vermələri üçün şərait yaradırdılar. Seçicilər azad və ədalətli seçkinin təşkilindən məmnunluq duyur, ölkənin yüksək inkişafı üçün layiqli namizədinə öz səslərini verirdilər.

53 saylı Yevlax-Mingəçevir Seçki Dairəsinin sədri İsrayıl Bəkirov bildirdi ki, Azərbaycan bu seçkilərə dayanıqlı və davamlı ictimai-siyasi sabitliyin fonunda gedir. Azərbaycanın beynəlxalq standartlara cavab verən seçki qanunvericiliyi var və bu Seçki Məcəlləsi ilə azad, şəffaf və demokratik seçkilər keçirilir. Bu gün ölkəmizdə həyata keçirilən praqmatik siyasət yüksək meyarlara cavab verən gələcəyin qarantı rolunda çıxış edir, iqtisadi yüksəlişimizi uğurlu şəkildə modelləşdirir. 53 saylı Yevlax-Mingəçevir Seçki Dairəsində 54 seçki məntəqəsi fəaliyyət göstərir. Məntəqə üzvləri seçicilərin rahat səs verməsi üçün hər bir şərait yaradılmışdır. Ümumi seçicilərin sayı 52295, ilk dəfə səs verən 3280 nəfər, yaşlı nəslin nümayəndələri 826 nəfərdir. Seçkinin keyfiyyətini və şəffaflığını artırmaq məqsədilə veb-kameralar quraşdırılmış, fasiləsiz elektrik enerjisi, su təchizatı, zəruri avadanlıqlarla yüksək səviyyədə təmin olunmuşdur.

Goranboy

Azərbaycan Respublikası 96 saylı Goranboy Seçki Dairəsində olduq. Seçki dairəsinin sədri Arif Abbasov bildirdi ki, ümumiyyətlə, respublikamızda seçkilərin keçirilməsi üçün hər cür şərait yaradılıb. İlk növbədə, seçkilərin yüksək səviyyədə hazırlanıb keçirilməsinə təminat verən mükəmməl qanunvericilik bazası vardır. Məntəqələr seçkinin keyfiyyətini və şəffaflığını artırmaq məqsədilə veb-kamera quraşdırılmış, fasiləsiz elektrik enerjisi, su təchizatı, zəruri avadanlıqlarla yüksək səviyyədə təmin olunmuşdur. Dairə üzrə ümumi 59 məntəqədə 49429 nəfər seçici səs verir. Gənc nəslin nümayəndəsi 3216, 80-100 yaşlılar 1024, 100 yaşdan yuxarı bir nəfərdir. Goranboylu seçicilər yüksək əhvali-ruhiyyədə, mütəşəkkil şəkildə öz iradələrini nümayiş etdirmişlər, heç bir qanun pozuntusu olmamışdır.

Ağsu

Növbədənkənar prezident seçkiləri Ağsu rayonunda da seçicilərin yekdil iştirakı ilə keçirildi. Çünki rayon sakinləri ölkəmizin son illər dinamik inkişaf etdiyini və ərazi bütövlüyümüzün tam təmin olunmasını xalqın dövlət başçısının ətrafında sıx birliyinin məntiqi nəticəsi kimi mütəşəkkil keçiriləcəyi bəlli idi.

Eltac İmanquliyevin 18 yaşı seçki günü tamam olduğundan ad günü MSK tərəfindən təbrik edildikdən sonra 27 saylı seçki məntəqəsində səs verdi.

Həmsöhbət olduğumuz şəhid atası Nurəddin Zülfüqarov qeyd etdi ki, seçkidə iştirak etmək hər birimizin vətəndaşlıq borcu idi. 30 il ərzində işğal altında olan torpaqlarımızı azad etmək üçün minlərlə qəhrəman oğullarımızı şəhid vermişik, xeyli əsgərimiz yaralanıb. Biz şəhid ailəsi olaraq bu inkişafımızı sürətləndirmək üçün seçkilərdə yekdilliklə iştirak etdik. Seçicilərin fəallığı məni son dərəcə sevindirdi və ümid edirəm ki, şəhidlərimizin ruhları bir daha şad oldu. Ona görə ki, biz onların canları hesabına qoruduqları və ərazi bütövlüyünü təmin etdikləri ölkəmizin dinamik inkişafı üçün layiqli namizədi prezident seçməklə ona böyük ehtimad göstərdik.

İsmayıllı

89 saylı İsmayıllı seçki dairəsində də səsvermə fəallıq şəraitində keçdi. Rayonun Topçu kəndində yaşayan Əsmər Quliyevanın seçki günü 18 yaşı tamam olduğundan MSK tərəfindən ad günü təbrik edildi. Sonra o, 35 saylı seçki məntəqəsində səs verdi və bundan qürur hissi keçirdiyini bildirdi. Qeyd etdi ki, ilk dəfə olaraq qalib dövlətin qalib vətəndaşı kimi seçkidə iştirak etmək və doğum günümün belə bir şəraitdə MSK tərəfindən təbrik edilməsi məni son dərəcə sevindirdi.

Yasəmən Rəhimova 1920-ci ildə İsmayıllı rayonu Kürdmaşı kəndində anadan olub. 1936-cı ildə ailə həyatı qurub. 1941-ci ildən Qubaxəlilli kəndində yaşayaraq təsərrüfatla məşğul olub. Zəhmətsevərliyi ilə seçilən Yasəmən nənənin fəaliyyəti yüksək qiymətləndirildiyindən dəfələrlə orden və medallarla təltif olunub. 3 oğlu, 9 nəvəsi və 14 nəticəsi olan nənə səhhəti ilə əlaqədar olaraq evində səs verməsinin təşkil olunmasını xahiş etmişdi. Onun xahişi məntəqə seçki komissiyası tərəfindən təmin olundu və o, evdə səs verdi.

Samux

102 saylı Samux-Şəmkir Seçki Dairəsinin sədri Bayram Qasımovun verdiyi məlumata görə, dairə üzrə 56 seçki məntəqəsində ümumi seçicilərin sayı 54554 nəfərdir ki, onların 3544 nəfəri ilk dəfə səs verəndir. 80-100 yaşlı nəslin nümayəndəsi 887 nəfərdir. 2 nəfərin isə yaşı 100-dən yuxarıdır. Şəffaf və demokratik səsvermənin təminatı üçün bütün məntəqələrdə mövcud şərait yaradılmış, 9 məntəqəyə veb-kamera quraşdırılmışdır. Seçicilərin 54 faizi qadın, 46 faizi kişidir. Seçki prosesini 336 nəfər müşahidəçi izləyir. Heç bir qanun pozuntusuna rast gəlinməyib. Ümumiyyətlə, seçki böyük bayram əhvali-ruhiyyəsi ilə keçirilmişdir.

"Respublika".