XALQINA TARİXİ ZƏFƏRLƏR QAZANDIRAN LİDER
Sosial həyat

XALQINA TARİXİ ZƏFƏRLƏR QAZANDIRAN LİDER

Bu günlər xalqımız sevinc, yüksək əhvali-ruhiyyə içindədir. 7 fevral növbədənkənar prezident seçkilərinin bəxş etdiyi xoş ovqat, fərəh, qürur hissləri yaşanır. Seçkilərin qələbə müjdəli xəbərləri artıq bütün dünyanı dolaşır. Qalib xalqın qalib liderinin yüksək səs çoxluğu ilə qələbə qazanması dostlarımızı sevindirir, bədnam düşmənlərimizi məyus edir.

O gün yurdumuzun cənub diyarında da əsl bayram təntənəsi yaşandı. Seçki məntəqələrinin qarşısında izdiham, qələbəlik hökm sürürdü. Səsvermə hüququ olan gənclər, yaşlılar, ağsaqqalar, ziyalılar axın-axın seçki məntəqələrinə gəlirdilər.

Lənkəran rayonunun ucqar dağ kəndi Bəlitonun uzunömürlü sakini, 95 yaşlı Hüseyn Ağayev daşınan qutuya ehtiyacı olmadığını bildirib məntəqəyə gəlmişdi. Ağsaqqal məntəqəyə övladları, nəvə-nəticələri, doğmaları ilə birlikdə cənab İlham Əliyevin namizədliyini dəstəkləmək üçün gəldiyini söylədi: "Torpaqlarımızı işğaldan azad edən, qürurumuzu yüksəldən, Azərbaycanı dünyaya qalib dövlət kimi tanıdan rəhbərə səs verirəm", - dedi.

Rayonun Şiləvar kəndindəki 36 saylı seçki məntəqəsinə gələn Vlənaz Qurbanovanın 90 yaşı var. Şəhid anasıdır. Oğlu Elşən Səfərov Birinci Qarabağ müharibəsində Ağdam rayonunun Güllücə kəndində şəhid olub. Orta təhsil aldığı Lerik rayonunun Çayrud kənd tam orta məktəbi onun adını daşıyır.

Vlənaz nənə ölkə başçısına sonsuz məhəbbətini, ehtiramını ifadə etdi. Mərd, qəhrəman sərkərdə olan yerdə torpaq basılmaz. Cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun əsgər və zabitləri cəmi 44 günə döyüş meydanında bütün şəhidlərimizin qisasını aldı. Bu gün şəhidlərin ruhları da sevinir, şad olur. Çünki bu seçki respublikamızın hər yerində, işğaldan azad edilmiş rayonlarda da keçirilir. Mən bu gün həm də şəhid oğlumun arzusunu yerinə yetirərək qalib xalqımızın rəhbərinə səs verirəm. Arzu edirəm ki, hörmətli Prezidentimiz dünya dövlətlərinin rəhbərləri arasında daim ən uca zirvədə olsun.

Aşağı Nüvədi qəsəbəsindəki 5 saylı məntəqədə 89 yaşlı ağsaqqal Zahid Həsənovun dedikləri qürur doğururdu: "Mən həyatın hər üzünü görmüşəm. Cənab İlham Əliyev 2003-cü ildə prezident seçiləndə xalqa söz vermişdi ki, torpaqlarımızı işğaldan azad edəcək. Əslində zaman baxımından 17 il çox da böyük müddət deyil. 2020-ci ilin sentyabr ayında İlham Əliyev müdrik, qətiyyətli sərkərdə kimi xalqı və ordunu səfərbər edərək düşməni diz çökdürdü. Keçən ilin sentyabr ayının 19-20-də 23 saat ərzində müzəffər ordumuz düşmən yuvasını darmadağın etdi. Xankəndini və ətraf rayonları terrorçulardan təmizlədi. Erməni cəlladlarını, qatı cinayətkarları həbs edib Bakıya gətirdi. Bu gün çox sevincliyəm, qürurluyam. Bu yaşımda zəfər, qələbə seçkisində iştirak edib qalib dövlətimizin qalib rəhbərinə səs verirəm.

Masallı şəhərindəki 3 saylı məntəqədə rastlaşdığımız hadisə də təsirli idi. Birinci qrup əlil Hikmət Məhərrəmov əlil arabasında məntəqəyə gəlmişdi. Bu zəfər qələbə seçkisidir. Mən evdə otura bilməzdim, - deyə söhbətə başladı. Ulu öndər demişdir: "Vaxt gələcək, Azərbaycan dünyaya günəş kimi doğacaq". O gün yetişdi. Cənab İlham Əliyev ölkəmizin ərazi bütövlüyünü, suverenliyini tam bərpa edib Azərbaycanı güclü, qüdrətli, qalib dövlət kimi dünyaya tanıtdı. Mən qalib ölkənin vətəndaşı olmağımla fəxr edirəm. Xalqımızı işıqlı sabaha, xoşbəxt gələcəyə aparan liderə səs verməyə gəlmişəm".

Seçici fəallığı, yüksək işgüzarlıq sevinc, fərəh doğururdu. Bunu xarici müşahidəçilər də etiraf edirdilər. Lənkəran şəhərindəki 20 saylı seçki məntəqəsində MDB-ni təmsil edən müşahidəçilərdən Nataliya Melnikova və Nataliya Zadubrovskaya "Sizdə seçicilər aktiv şəkildə məntəqələrə gəlirlər. Beş məntəqədə olmuşuq, fəallıq çox yüksəkdir, heç bir qanun pozuntusu ilə rastlaşmadıq", - deyə bildirdilər.

Lənkəran şəhər sakini, veteran Əzizulla Hüseynov: "Suverenliyini tam bərpa etmiş, qalib Azərbaycanın yaşlı sakini kimi seçkilərdə iştirak etməkdən qürur duyuram", - dedi. İxtisasca iqtisadçıyam. Cənab İlham Əliyevin apardığı uğurlu siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Ölkə iqtisadiyyatı sürətlə inkişaf edir, əhalinin məşğulluq səviyyəsi artır, rifahı yüksəlir. Seçkilərdən sonra müstəqil Azərbaycanı daha böyük qələbələr, işıqlı, parlaq gələcək gözləyir".

7 fevral seçkiləri xalqımızın öz sevimli liderinə sonsuz məhəbbətinin, inam və etimadının bariz nümunəsi kimi çağdaş tariximizə qızıl hərflərlə yazıldı. Xalq müdrik rəhbərin uğurlu siyasətini yüksək dəyərləndirərək ona dəstəyini bir daha nümayiş etdirdi.

Əlisəfa HƏSƏNOV,

"Respublika".