Xankəndiyə vaxtilə yolu bağlayanlar həmin yolu indi öz əlləri ilə açdılar
Digər xəbərlər

Xankəndiyə vaxtilə yolu bağlayanlar həmin yolu indi öz əlləri ilə açdılar

Qarabağda yaşayan ermənilər bir neçə aydır ki, "Laçın yolunun bağlı olmasına görə" ərzaq çatışmazlığı ilə üzləşdiklərini bildirirdilər. Rəsmi Bakı Laçın yolunun bağlı olmadığını bəyan edib və humanitar məqsədlər üçün daha əlverişli olan Ağdam-Xankəndi yolunu təklif edib.

Sovetlər zamanında Ağdam-Xankəndi yolu ən uyğun, ən səmərəli yol kimi istifadə olunub. Bu yol Qarabağ ermənilərinə humanitar yardımın çatdırılması üçün ən rahat yoldur. Amma onlar bu yoldan istifadə etmək əvəzinə maneələr yaradırlar. Belə ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qarabağ erməniləri üçün apardığı 40 tonluq humanitar yardım TIR-ları artıq 15-ci gündür ki, Ağdam-Xankəndi yolunda gözləyir. Bununla yanaşı qeyd etmək lazımdır ki, Rusiya tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədilə, ərzaq və qeyri-ərzaq məhsulları ilə dolu TIR sentyabrın 12-də Ağdam-Əsgəran yolu vasitəsilə Xankəndiyə yola düşüb. 30 ildən sonra yenidən Ağdam-Xankəndi yolu istifadə olundu. Bu, Azərbaycanın növbəti diplomatik qələbəsidir.

Bu barədə hərbi ekspert Ədalət Verdiyev bildirir ki, Ağdam-Xankəndi yolunu bağlayan separatçıların özü tərəfindən bu yolun açılması, təbii ki, Azərbaycanın növbəti dəfə Ermənistan, Fransa və Qarabağdakı separatçılar üzərindəki qələbəsidir: "Daha əvvəllər Azərbaycan Laçın sərhəd-keçid məntəqəsinin quraşdırılması barədə fikir səsləndirəndə, həmin qüvvələr bunun mümkün olmayacağını desələr də, sonradan dövlətimizin təklifləri və atdığı addımlarla razılaşmalı oldular. Ağdam-Xankəndi yolunun açılmasını biz ilk dəfə təklif edəndə Ermənistanda buna çox az adam müsbət reaksiya verdi. Amma zaman-zaman artıq hamı anladı ki, Qarabağ məsələsi Azərbaycanın daxili işidir və Azərbaycan kiminsə təzyiqləri qarşısında öz prioritetlərindən geri addım atmır. Xankəndidə vaxtilə yolu bağlamaqla bu yolun heç açılmayacağını bəyan edənlər indi həmin yolu öz əlləri ilə açdılar və Rusiyadan gələn Beynəlxalq Qırmızı Xaç Komitəsinin humanitar yardımını qəbul etdilər. Bu yardımın məhz Xankəndiyə keçməsi Fransa və Ermənistan tərəfindən təşkil edilən "aclıq, qıtlıq və mühasirə" haqqında fikirləri tamamilə darmadağın etdi. Bu, bir daha onu göstərir ki, Azərbaycan Ağdam-Xankəndi yolu ilə ermənilərin zərurət duyduğu avadanlıq və ərzaqla təminatını həyata keçirmək üçün bütün imkan və potensiala malikdir".

Röya RÜSTƏMLİ,

"Respublika".