Xatirələrdə yaşayan igidlər
Sosial həyat

Xatirələrdə yaşayan igidlər

İkinci Qarabağ müharibəsində erməni dığalarına qarşı döyüşdə canından keçən Altay Tahir oğlu Mövlanovun doğum günündə Lerik Rayon İcra Hakimiyyətinin nümayəndələri, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, Ərazi Partiya Təşkilatının fəalları, şəhidin ailə üzvləri onun uyuduğu məzarı önünə gül-çiçək dəstələri düzərək, əziz xatirəsini ehtiramla anıblar. Qardaşı şəhid Elgün Tahir oğlunun da məzarı ziyarət edilib.

 İndi yeri saf ürəklərdə olan şəhid Altay Tahir oğlu yaşasaydı, ömrünün 23-cü ilinə qədəm qoyardı. 2000-ci ildə Lerik şəhərində dünyaya göz açıb. 2006-2017-ci illərdə Milli Qəhrəman Valeh Müslümov adına Lerik şəhər 2 saylı orta məktəbdə təhsi alıb. 2018-ci ildə Milli ordu sıralarında hərbi xidmətə başlayıb, 2020-ci ilin aprel ayında xidmətini başa vurub. Vətən sevgisi, müqəddəs Qarabağ torpaqlarını düşmən tapdağından azad etmək istəyi onu yenidən ordu sıralarına qaytarır. O, Müddətdən Artıq Hərbi Xidmət Qulluqçusu kimi xidmətə başlayır. Vətən müharibəsində qəhrəmanlıq göstərərək düşmənə qan udduran, xeyli sayda canlı qüvvəsini məhv edən Altay 29 oktyabr 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Altay Mövlanov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

Onu da bildirək ki, İkinci Qarabağ müharibəsində Vətən uğrunda şəhidlik zirvəsinə ucalan iki qardaş - Elgün və Altay Mövlanovlar Xanış Şahiyevin nəvələridir.

 Zəfər ORUCOĞLU.