Xeyirxahlıq, mərhəmət nümunəsi
Sosial həyat

Xeyirxahlıq, mərhəmət nümunəsi

Bütün dövrlərdə xalqımızın örnək kimi qəbul edilən qadınları olmuşdur. Yaşadığımız dövrdə ölkəmizin birinci xanımı, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva özünün həm ictimai-siyasi fəaliyyəti, həm də elmi yaradıcılığı ilə Azərbaycan qadınlarına əsl nümunədir.

Onun müasir Azərbaycanın qadın hərəkatının lideri kimi bənzərsiz və uğurlu fəaliyyəti ölkəmizin tərəqqisi üçün xüsusi əhəmiyyət kəsb edir. Mehriban xanımın şəxsiyyətini xarakterizə edərkən onun fəaliyyətində ənənəviliyin, müasirliyin, tarixi köklərə bağlılığın və dünyəviliyin vəhdətini görmək mümkündür. Mehriban xanım Əliyeva istər regionda, istərsə də beynəlxalq miqyasda böyük nüfuza malik olan ictimai-siyasi xadimdir. Bu, müxtəlif ölkələrin dövlət və hökumət başçılarının, məşhur siyasətçilərin ona bəslədiyi dərin hörmət hissində açıq-aydın görünür. Mehriban xanım hər zaman öz yardımsevərliyi, humanistliyi ilə fərqlənmişdir. Bu da ilk növbədə birinci xanımın xalqımızın zəngin ənənələrinə əsaslanaraq tolerantlıq, birgəyaşayış, sülh ideyalarını təbliğ etməsi ilə bağlıdır. Onun xeyirxah əməlləri özünü qardaş ölkəyə edilən yardımlarda da bir daha təsdiqlədi.

Bu il fevralın 6-da Türkiyənin müxtəlif bölgələrində baş verən təbii fəlakət zamanı Azərbaycanın daim türk xalqının yanında olduğu bir daha əməli təsdiqini tapdı. Baş vermiş faciənin nəticələrinin aradan qaldırılması məqsədilə Prezident İlham Əliyevin tapşırığına əsasən genişmiqyaslı yardım kampaniyasına başlanıldı. Türkiyədə çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək üçün Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın göstərişinə əsasən Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə xüsusi təyyarələr ilə humanitar yardımlar göndərildi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Əminə Ərdoğan Birinci vitse-prezident Mehriban xanım Əliyevaya göstərdiyi dəstək üçün xüsusi təşəkkür etmişlər. Birinci xanım, həmçinin təbii fəlakət nəticəsində həlak olanların sayının artmasının xalqımızı kədərləndirdiyini vurğulayaraq zəlzələ zonasında çalışan xilasedicilərimizin, tibb işçilərimizin, diplomatlarımızın, media nümayəndələrimizin əməyini, yardım kampaniyasında iştirak edən hər bir vətəndaşımızın, yerli şirkət və təşkilatlarımızın, könüllülərin fəaliyyətini yüksək qiymətləndirmişdir. Türkiyədəki zəlzələnin ilk saatlarından Azərbaycandan göstərilən dəstək xalqlarımız arasında qardaşlıq, dostluq münasibətlərini, qarşılıqlı sevginin sarsılmazlığını, möhkəmliyini ehtiva edir. Mehriban xanım Əliyeva Türkiyə xalqının öz iradəsi və mətinliyi sayəsində bu ağır sınaqdan sarsılmayacağından əmin olduğunu vurğulamışdır.

Qeyd edək ki, Mehriban xanımın baş verən fəlakətlə bağlı etdiyi paylaşım qardaş ölkədə böyük rəğbətlə qarşılanmışdır. "Türkiyə xalqının yanında olmağa çalışan hər kəsə minnətdaram" başlığı ilə dərc olunan paylaşım Türkiyənin bir neçə aparıcı mediasında da yer almış, xəbər portallarında işıqlandırılmışdır.

Mehriban xanımın xeyirxah əməlləri sadəcə qeyd etdiklərimizlə yekunlaşmır. O, daim xalqımızın rifahını düşünmüş, bu yolda lazımi addımlar atmışdır. Belə ki, Mehriban xanım Əliyevanın Birinci vitse-prezident seçildikdən sonra ilk keçirdiyi müşavirə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin problemlərinə həsr olunmuşdur. Daha sonra onun göstərişi ilə "Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması layihəsi"nin icrası çərçivəsində yeni binaların tikintisinə başlanılmışdır. Bu istiqamətdə görülən işlər indi də uğurla davam etdirilir. Təkcə onu qeyd etmək kifayətdir ki, 2017-ci ildə 900 məcburi köçkün ailəsi qəzalı binalardan yeni və rahat mənzillərə köçürülüb. Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən layihələr ölkələr arasında əməkdaşlığın inkişafında müstəsna əhəmiyyət kəsb edir. Dünyanın bütün ölkələrində Fondun Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində gördüyü işlər yüksək qiymətləndirilir. Fondun bir sıra nüfuzlu mükafatlara layiq görülməsi də elə bu bəşəri dəyərlərə münasibətinin və fəaliyyətinin təzahürüdür.

Nəzrin ELDARQIZI,

"Respublika".