XOCALI SOYQIRIMI QAN YADDAŞIMIZDIR
Region

XOCALI SOYQIRIMI QAN YADDAŞIMIZDIR

Yevlax Şəhər İcra Hakimiyyətinin və YAP Yevlax rayon təşkilatının birgə təşkilatçılığı ilə “Xocalı soyqırımı unudulmaz qan yaddaşımızdır” mövzusunda tədbir keçirilib. Tədbirdə Şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, təhsil, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri, gənclər və Xocalı sakinləri iştirak ediblər. İlk öncə, müasir müstəqil Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə qeyd edilib ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə soyqırıma beynəlxalq müstəvidə hüquqi-siyasi qiymət verilmiş, 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etmişdir. Ulu öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilib. Qeyd edilib ki, 2020-ci ilin sentyabr ayında başlayan Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli siyasəti, şanlı Azərbaycan Ordusunun rəşadəti sayəsində işğal altında qalan torpaqlarımız azadlığa qovuşdu, Xocalıda soyqırımına məruz qalanların qisası döyüş meydanında alındı. 44 günlük Vətən savaşında qəhrəman oğullarımız Xocalı qatillərini, insan cəlladlarını məhv etməklə günahsız soydaşlarımızın qanını yerdə qoymadılar.

Tədbirin sonunda B.Səfəroğlu adına Xalq Teatrının kollektivinin ifasında “Xocalıdan zəfərə” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Zabit XƏLİLOV,

“Respublika”.