Şirvan: Daha bir “Bizim həyət” istifadəyə verildi
Region

Şirvan: Daha bir “Bizim həyət” istifadəyə verildi

Şirvan şəhərində “Bizim həyət” layihəsi uğurla həyata keçirilir. Aprelin 28-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Bizim həyət" layihəsi çərçivəsində Şirvan şəhərində sayca üçüncü həyət abadlaşdırılaraq sakinlərin istifadəsinə verildi.

Yenilənmiş həyət Şirvan şəhəri, İstiqlaliyyət küçəsi 3,7 və 20 Yanvar küçəsi 1,2 ünvanlarda 650 nəfərdən çox sakinin yaşadığı binaları əhatə edir.

Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarını səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin təşəkkül tapması məqsədilə müxtəlif idman qurğuları, uşaqlar üçün oyun meydançaları salınıb.

Sahəsi 1,2 hektar olan həyətin ərazisində 2 ədəd söhbətgah inşa edilib, oturacaqlar, tullantılar üçün qutular quraşdırılıb.

Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə işıqlandırma, suvarma sistemləri quraşdırılıb, binaların fasadları və giriş hissələri təmir olunub. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 520 ədəd ağac və kollar əkilib, yaşıllıq zolağı salınıb. 

“Bizim həyət” layihəsinin əsas məqsədi həyətlərin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

 Daha bir “Bizim həyət”in istifadəyə verilməsi mərasimində şəhər ictimaiyyətinin, IDEA İctimai Birliyinin nümayəndələri, ətrafdakı binaların sakinləri iştirak edirdilər. Şəhər sakinləri çıxış edib gözəl istirahət guşəsinin ərsəyə gəlməsində IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.

                                                    Tofiq HÜSEYN,

                                                   “Respublika”.