Xocalı soyqırımı zamanı itkin düşən Akif Mahmudov torpağa tapşırılıb
Sosial həyat

Xocalı soyqırımı zamanı itkin düşən Akif Mahmudov torpağa tapşırılıb

Ceyranbatan qəbiristanlığında çoxdan idi ki, belə izdiham yaşanmırdı. Əllərində üçrəngli Azərbaycan bayraqları, təzə-tər qərənfillər, qızılgüllər tutan gənclər dəfn mərasiminə axışırdılar. Üzlərdə kədər oxunur, gözlərdə yaş gilələnmişdi. Onlar 32 il əvvəl Xocalıda soyqırımı gecəsində itkin düşən Akif Mahmudovla son vida mərasiminə gəlmişdilər.

Martın 27-də Ceyranbatan qəsəbəsindəki qəbiristanlıqda Xocalı rayonu ərazində aşkarlanmış məzarlıqdan qalıqları tapılmış, Xocalı soyqırımı zamanı itkin düşmüş şəxslərdən Akif Seydulla oğlu Mahmudovun dəfn mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə Xocalı və Abşeron Rayon İcra hakimiyyətlərinin rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı Rayon Bölməsinin rəhbərliyi, şəhidin ailə üzvləri, qohumları, Xocalı rayon sakinləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Dəfn mərasimində çıxış edən Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov və Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Milli Ordusunun əldə etdiyi möhtəşəm Zəfər və ötən ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Qarabağ torpaqlarının erməni işğalçılarından tamamilə azad edilməsi, ölkəmizin suverenlik və ərazi bütövlüyünü tamamilə bərpa olunması, uzun illərin həsrətindən sonra məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışından bəhs edib və bu yolda şəhid olanların hər birinin xatirəsinin əziz tutulduğunu vurğulayıblar.

Mərhum Akif Mahmudovun qardaşı Nəsib deyib: "Ailədə 4 qardaş və 4 bacı olmuşuq. Akif ailəmizin altıncı övladı idi. Biz hər ikimiz könüllü olaraq özünümüdafiə dəstəsinin üzvləri sırasında idik. Faciə gecəsi mən "Artezian postu"nda olmuşam, Akif isə həmin gecə Fin evlərinin yaxınlığındakı postda idi. Həmin axşam ermənilərin çox dəhşətli artilleriya atəşləri başlandı. Yerli özünümüdafiə qüvvələri isə yalnız avtomat və pulemyotlarla silahlanmışdı. Ermənilər isə tank, zirehli texnika ilə silahlanmışdılar və ən müasir döyüş silahları ilə Xocalını atəşə tuturdular. Onların aramsız atəşi qarşısında təxminən iki saat duruş gətirə bildik. Ailə üzvlərimizi atəş altından çıxararaq Ağdama gətirdim. Həmin gecə Akifdən xəbər tuta bilmədik, yenidən onun ardınca Xocalıya qayıtmaq istəyəndə yaralanaraq ermənilərə əsir düşdüm. 18 gün əsirlikdə qalandan sonra buraxıldım. Aradan ötən bu uzun illər ərzində Akifi itkin hesab etmişik. Xocalıda aşkarlanan kütləvi məzarlıqda qardaşımın da nəşi tapıldı".

Mahmudovlar ailəsinin yaxın qohumu Yaqub İsmayılov isə bunları əlavə edib: "Xocalı soyqırımı baş verəndə Akifin 30 yaşı var idi. Təzə ailə həyatı qurmuşdu, iki oğlu var idi. Akif son saata qədər Xocalını müdafiə edənlərdən olub. Ermənilər onu və onunla birlikdə bir neçə sakini əsir götürərək dəhşətli işgəncələr verdikdən sonra onları qətlə yetirib və Xalça fabriki adlanan ərazinin yaxınlığında basdırıblar. Həmin gecə onun anası Məruzə, bacısı Dilarə və bacısı uşağı da şəhid olub".

Akif 1962-ci il aprelin 26-da dünyaya gəlib, 1992-ci il fevralın 26-da itkin düşüb. 2024-cü il martın 27-də isə torpağa tapşırıldı.

Mərhumun dəfn mərasimində mərhumun ruhuna dualar oxunub, fatihə verilib.

Akif Mahmudovun məzarı üzərinə əklillər qoyulub, qərənfil və qızılgüllər düzülüb.