Xocalıda çıraqlar yenidən yanacaq
Sosial həyat

Xocalıda çıraqlar yenidən yanacaq

Yurdumuzun qədim yaşayış məskəni hesab olunan Xocalı Ağdam şəhərindən 18, Xankəndidən 14 kilometr məsafədə Qarabağ silsiləsinin ətəyində yerləşir. Qızqala və Qırxqız dağları bu qədim yurd yerinin başı üzərində sanki qoşa qartala bənzəyir. Xocalı ərazisindən Badara və Qarqar çayları keçir. Ərazisində qarağac, fıstıq, cökə, ağcaqayın ağacları ilə zəngin meşə örtüyü olub. Təəssüf ki, xain düşmən işğal illərində həmin meşə zolaqlarını doğrayaraq məhv edib. Xocalı həm də qədim memarlıq və ilk mədəniyyət abidələri ilə tarixin ən dərin qatlarını özündə yaşadıb.

Ötən əsrin 90-cı illərində şovinist ermənilər həmin abidələrin böyük əksəriyyətini dağıdıb, ərazidəki 4 alban kilsəsini isə erməniləşdirməyə cəhd ediblər. İşğala qədər Xocalıda yaşayan əhali əsasən üzümçülük, heyvandarlıq, arıçılıq və əkinçiliklə məşğul olub. Ermənistan silahlı qüvvələri havadarları ilə birlikdə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda azərbaycanlı əhaliyə və Fərqanə hadisələri zamanı öz yurdlarından didərgin düşərək buraya pənah gətirən məhsəti türklərinə qarşı soyqırımı törədiblər. 2020-ci il sentyabrın 19-da rəşadətli silahlı qüvvələrimizin keçirdiyi antiterror əməliyyatı zamanı Xocalı işğaldan azad edilib və şəhidlər yurdu tam şəkildə Azərbaycanın nəzarətinə qaytarılıb. Ötən il oktyabrın 15-də Qalib Ali Baş Komandan İlham Əliyev tərəfindən Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldılıb. Bu tarixi hadisədən bir neçə gün sonra ermənilər tərəfindən dağıdılan və talan edilən Xocalıda bərpa-quruculuq işlərinə başlanılıb. "Bakı Abadlıq Xidməti" MMC-nin landşaft memarı Ahmet Eren bildirib ki, Xocalıda 1283 evdə əsaslı təmir-bərpa işləri aparılır. Bununla yanaşı, şəhərin bütün kommunikasiya, içməli su, rabitə, kanalizasiya, elektrik və digər daşıyıcı magistral xətlərinin çəkilişi başa çatır. Artıq həmin xətlərin ayrı-ayrı evlərə birləşməsi üçün texniki işlər görülür. Eyni zamanda şəhər məişət və digər tullantılardan təmizlənir. Quruculuq-abadlıq işləri ilə yanaşı, şəhərin yaşıllaşdırılması, abadlaşdırılması da aparılır. Laçında olduğu kimi, Xocalıda da çaykənarı ərazilərdə bulvar salınır və ətraf zonalar gəzinti-istirahət mərkəzinə çevrilir. Həmçinin kiçik iaşə obyektlərinin tikintisi də nəzərdə tutulub. Şəhərin su təminatı mərkəzi su anbarı hesabına təmin ediləcək. Gələcəkdə yeni mənbələr aşkarlanacaq və daha bir subartezian quyusu da qazılacaq.

Xocalı, sözün əsl mənasında böyük tikinti meydançasını xatırladır və burada 24 saat növbəli iş gedir. Yeri gəlmişkən qeyd edək ki, inşaatçıların böyük əksəriyyəti Xocalı sakinləridir. İş icraçısı Vüqar İsayev, usta Rasim İbrahimov, sürücü Vidadi İsgəndarov, Məyiş Abbasov və başqaları Xocalının yenidən qurulmasında həvəslə çalışırlar. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 113 evdə bərpa və yenidənqurma işləri gedir. Həmin evlərdən 50-si bu ilin yazında doğma yurduna qayıdacaq sakinlərin ixtiyarına veriləcək. Eyni zamanda biri beşmərtəbəli, digərləri 2-3 mərtəbəli olmaqla ümumilikdə 110 mənzilli binalar da yenidən qurulur. Bu günə qədər Xocalıda 11937 metr kanalizasiya, 4712 metr su, 8844 metr rabitə, 19500 metr qaz xətləri çəkilib. Bir sözlə, Xocalının yaralarına məlhəm qoyulur, şəhər öz əzəli görkəminə qaytarılır və tezliklə Xocalıda 50 evin çırağı yenidən yanacaq. Uzun illərin həsrətindən sonra xocalılılar bu il doğma yurd yerlərinə qayıdacaqlar. İşğaldan azad edilmiş bütün ərazilərdə, o cümlədən Xocalıda dövlətimizin başçısının rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə irimiqyaslı layihələr həyata keçirilir, əhalinin rahat yaşayışının təmin edilməsi üçün zəruri infrastruktur qurulur, keçmiş məcburi köçkünlərin doğma yurdlarına ləyaqətlə qayıdışının təmin edilməsi üçün bütün tədbirlər görülür. Çox keçməz ki, Xocalının çal-çağırlı, toy-büsatlı günləri yenidən başlayacaq, bu qədim yurd yerində toy mağarları qurulacaq, körpələr dünyaya göz açacaq...

Salman ALIOĞLU,

"Respublika".