Gəncədə erməni terroru qurbanlarının xatirəsi anılıb
Sosial həyat

Gəncədə erməni terroru qurbanlarının xatirəsi anılıb

Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə raket atəşinə tutulmasından iki il ötür. Bununla əlaqədar olaraq Gəncədə anım mərasimi təşkil olunub.

Anım mərasimində Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk, Nizami və Kəpəz Rayon İcra hakimiyyətlərinin başçıları, idarə, müəssisə və təşkilat rəhbərləri, habelə şəhər sakinləri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasim iştirakçıları əvvəlcə Vətən müharibəsi dövründə Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində Ə.Rəfibəyli küçəsi, "Qələbə" parkının yaxınlığında dağılan ərazini ziyarət edib, həlak olan dinc sakinlərin xatirəsini anıblar.

Sonra Şəhidlər xiyabanında və "İmamzadə" Dini Kompleksinin ərazisində dəfn olunan terror qurbanlarının məzarları ziyarət edilib.

Ermənistan silahlı qüvvələrinin Gəncədə törətdikləri terror nəticəsində dağılan ərazilər gün ərzində şəhər ictimaiyyətinin nümayəndələri və sakinlər tərəfindən ziyarət olunub.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci il yanvarın 30-da Gəncəyə səfəri zamanı həmin ərazidə Gəncə Memorial Kompleksinin təməlini qoyub.

Qeyd edək ki, 2020-ci il oktyabrın 11-də gecə saat 02.00 radələrində Gəncə şəhərinin mərkəzi düşmənin ballistik raket hücumuna məruz qalıb. Çoxmənzilli yaşayış binalarının raket atəşinə tutulması nəticəsində 10 nəfər şəhid olub, 40 nəfər yaralanıb.

Qeyd edək ki, 44 günlük müharibə dövründə Ermənistan cəbhədən yüzlərlə kilometr aralıda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri olan qədim Gəncəni 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriyadan atəşə tutub, nəticədə 10 qadın, 6 azyaşlı olmaqla 26 dinc sakin həlak olub, 32 azyaşlı olmaqla 175 nəfər yaralanıb.

AZƏRTAC