Xoşbəxt günlərini yaşayan qalib ölkə
Siyasət

Xoşbəxt günlərini yaşayan qalib ölkə

"50 yaşım tamam olanda mən laçınlılarla Qarabağda, Qarabağın Ağcabədi rayonunda, Taxtakörpü qəsəbəsində görüşmüşdüm və onlara demişdim ki, - yeni köçkün şəhərciyi açılırdı, - dövlət sizi daha yaxşı şəraitlə təmin edir, ancaq torpaqlarımız azad olunandan sonra sizin üçün Laçında daha gözəl şərait yaradacağıq və belə də oldu. Əlli yaşımı Ağcabədidə laçınlılarla qeyd etmişəm, 60 yaşımı Şuşada qeyd etmişəm, Cıdır düzündə, bu gün də Laçın Şəhəri Günündə sizinlə birlikdə bu bayram tədbirlərində iştirak edirəm. Bu böyük xoşbəxtlikdir, mənim üçün, sizin üçün, hər birimiz üçün. Biz xoşbəxt günləri yaşayırıq və əminəm ki, xalqımız bundan sonra sülh, əmin-amanlıq şəraitində yaşayacaq, öz doğma torpağında qurub-yaradacaqdır. Laçın rayonunun timsalında biz dirçələn Azərbaycan reallıqlarını görürük, dirçələn torpaqları görürük". Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu sözləri 2023-cü il mayın 28-də Laçına qovuşan sakinlərlə görüşündə söyləyib.

İlk dəfə 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev seçicilərin 76 faizindən çoxunun səsini qazanıb. Ölkə başçısı 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə isə 88,73 faiz səs qazanaraq ikinci dəfə prezident seçilib və oktyabrın 24-də vəzifəsinin icrasına başlayıb. 2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə seçicilərinin 84,54 faizinin səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Prezidenti olub. 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə də İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Prezident seçilib.

Dövlət başçısının siyasi iradəsi və qətiyyəti sayəsində 30 ilə yaxın işğalda olan Azərbaycan torpaqları düşmən tapdağından azad edildi. Bu tarixi qələbə Ermənistan hərbi birləşmələrinin məğlubedilməzliyi barədə illərdir formalaşan mifi 44 gündə alt-üst etdi. 2020-ci il Azərbaycan xalqının tarixinə əbədi yazıldı. Dövlət başçısı dəmir iradəsi və uzaqgörən siyasəti ilə haqq savaşında qalib gəldi. Birgünlük antiterror tədbirləri ilə dövlətimiz öz ərazilərində suverenliyi tam bərpa etdi. Qarabağda separatizmin kökü birdəfəlik kəsildi. Prezident İlham Əliyev adını əbədi olaraq tarixə yazdı, tarix isə onu yazanları unutmur.

İlham Əliyevin ad gününü keçmiş məcburi köçkünlərlə, şəhid ailələləri ilə qeyd etməsi artıq ənənə halını alıb. Dekabrın 24-də Ağdam rayonunun Baş Qərvənd, Salahlı Kəngərli və Qiyaslı kəndlərinin təməlini qoyan ölkə başçısı ötən il həmin gün Qərbi Azərbaycan İcmasında olmuşdur.  2021-ci il dekabrın 24-də Xocavənd rayonuna və Şuşa şəhərinə səfər etmişdi. 2020-ci ildə isə öz ad gününü Qubadlı və Zəngilanda keçirən Prezident İlham Əliyev üçün məhz bu günün önəmi digərlərindən fərqlidir.

2003-cü ilin oktyabrında İlham Əliyev ulu öndərin vəsiyyətini yerinə yetirməyi  qarşısına məqsəd qoydu. Bütöv Azərbaycan idi bu vəsiyyət. 17 il bu missiyanın yerinə yetirilməsi üçün hazırlıq görüldü. Prezident İlham Əliyev münaqişənin sülhlə əldə edilməsi üçün əlindən gələni etdi. İlham Əliyev ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycan Respublikasının ilk prezidenti, onun hakimiyyət illəri isə Azərbaycan xalqının qızıl dövrüdür. Məhz Azərbaycan öz tarixində indiyə qədərki ən suveren və müstəqil  dövrünü yaşayır. Güclü lider sayəsində ölkəmizə qarşı təhdidlərə qətiyyətlə cavab verən qalib ölkə bütün arenalarda nəyə qadir olduğunu göstərib.

Tacir SADIQOV,

"Respublika".