“Yenidən gözlərimi açanda öyrəndiklərimə həm üzüldüm, həm də sevindim”
Sosial həyat

“Yenidən gözlərimi açanda öyrəndiklərimə həm üzüldüm, həm də sevindim”

Azərbaycan tarixinin şanlı səhifələrindən olan 2016-cı ilin Aprel döyüşlərindən 7 il ötür. Həmin döyüşlərdə Ordumuzun işğalçı Ermənistan qüvvələrinin təmas xəttində törətdiyi təxribata cavab olaraq düşmənə vurduğu ağır zərbə qarşıdakı böyük Zəfərin – 2020-ci ilin Vətən müharibəsində tarixi qalibiyyətin müjdəçisi idi. Aprel döyüşlərində qəhrəmancasına vuruşan qazilərimizdən biri də kəşfiyyatçı Ruslan Abbasovdur. Qazimiz Aprel döyüşlərini belə xatırlayır: Hücum əmri verilən zaman çox sevindik. Mart ayının sonlarına doğru düşmən atəşkəsi dəfələrlə pozsa da, hərbi hissədə ruh yüksəkliyimiz böyük idi. Döyüş tapşırığını Vətən müharibəsində şəhid olan mayor Faiq Qasımov ilk mənə bildirdi və tapşırıq verdi ki, hərbi hissə hazırlansın, artıq neçə illərdir həsrətində olduğumuz torpaqlarımızı azad edəcəyik. Qürur, sevinc və məsuliyyət hissi ilə bütün bölük tez bir zamanda hazır vəziyyətə gəldi. Döyüş meydanına yollandıq və müvafiq tapşırıqlar verildi. İlkin olaraq 4 postu azad etməli idik.

Olduğumuz ərazidə “Ohanyan səddi” deyilən mövqe var idi, guya bu səddi heç bir ordu aşa bilməzdi. Bu ərazi həm də minalanmışdı. Əsgərlərimiz bu səddi darmadağın etdi. Təxminən 40 dəqiqə ərzində ərazi nəzarətimiz altına keçdi. Bundan sonra artıq düşmən səngərlərinə doğru hərəkətə başladıq.  Lələtəpə yüksəkliyi hissəsinə yarım saat ərzində azad edildi. Əsgər Asim Əliyev zirvənin lap yuxarı hissəsinə bayrağımızı sancdı.

Yüksəkliyin yamaclarında 2 düşmən postu qalmışdı.  Lələtəpədə möhkəmlənmək üçün strateji mövqeyə malik olan postlar hökmən düşməndən təmizlənməli idi. Tapşırıq əsasında posta təminat gətirilən yolu tutduq. Xain düşmən yolu nəzarətə götürdüyümüz zaman bizi mühasirəyə aldı. 2 saatlıq mühasirədən bizi artilleriya bölmələrimiz çıxardı. Artıq 2  postdan birini nəzarət altına almışdıq, 2-ci postu azad etmək üçün “Kiçik təpə” adlanan ərazidə mən və snayper Üzeyir Nəcəfov mövqe tutduq və postu hədəf aldıq. Bir neçə əsgəri zərərsizləşdirdikdən sonra Üzeyir 4 güllə yarası aldı. Lakin qızğın döyüş davam edirdi və mövqeyimizi itirməməli idik. Daha sonra kömək dəstələri göndərildi. Bu zaman leytenantlarımızdan biri mənə dedi ki, yaralanmısan. Baş nahiyəmdən yaralanmışdım. Özümü itirmədən qolumdakı parça ilə yaramı sarıdım və döyüşə davam etdim, 2-ci postu da düşməndən azad etdik.

Tapşırıq verildi ki, yaralılar hərbi hissəyə göndərilsin. Mən hərbi hissəyə yollanan zaman düşmənin snayper mərmisinə tuş gəldim. Ağciyərimdən yaralanmışdım. Mərmi ürəyimdən 4 santimetr aşağıdan dəymişdi. Son nəfəsimi verdiyimi düşünürdüm. Yenidən gözlərimi açanda öyrəndiklərimə həm üzüldüm, həm də sevindim.  Sevincimin səbəbi təbii ki, müzəffər ordumuzun işğaldan azad etdiyi ərazilərimizə görə idi.

Füzuli rayonunun Əhmədbəyli hospitalına şəhid kimi gətirilmişəm. Burada həkimlərdən biri əl barmağımın tərpəndiyini gördükdən sonra nəbzimi bir daha yoxlayıb. Bu andan sonra təcili olaraq əməliyyata götürülmüşəm. Döyüş meydanında şəhid olan dostlarım, qardaşlarım kimi  şəhidlik zirvəsinə yüksəlməsəm də, onların xatirəsini hər zaman əziz tutacağam.

                                                Nurlan ABDALOV,

                                                    “Respublika”.