“Yaşıl enerji” növlərinin yaradılması və nəqli enerji siyasə timizin prioritetidir
İqtisadiyyat

“Yaşıl enerji” növlərinin yaradılması və nəqli enerji siyasə timizin prioritetidir

Ötən 20 ildə iqtisadi yüksəlişi təmin olunan ölkəmizin hədəfi bu sahədə də ixracatçıya çevrilməkdir

"Mən şübhə etmirəm ki, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz "yaşıl enerji" ilə bağlıdır". "Yaşıl enerji" növlərinin yaradılması və "yaşıl enerji"nin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar müşavirədə bildirib.

Ötən 20 ildə Prezident İlham Əliyevin qətiyyəti və siyasi-diplomatik uzaqgörənliyi ilə reallaşan enerji layihələri bu gün Azərbaycanın həm iqtisadi inkişafını sürətləndirir, həm də respublikamızın qlobal səviyyədə mövqeyini yüksəldir. Ulu öndər Heydər Əliyevin enerji siyasətini uğurla davam etdirən Azərbaycan Prezidentinin iradəsi ilə reallaşan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft-qaz kəmərləri bu gün respublikamızın inkişafına, xalqımızın sosial rifahının yüksəldilməsinə xidmət edir. Dövlətimizin başçısının siyasi iradəsi ilə ərsəyə gələn Cənub Qaz Dəhlizi Azərbaycanın qlobal enerji bazarlarındakı və beynəlxalq münasibətlər sistemindəki yerini daha da möhkəmləndirib, ölkəmizi beynəlxalq miqyasda söz sahibinə çevirib. Bütün bunlara paralel olaraq, Azərbaycan bərpaolunan və "yaşıl enerji" ixracına da hazırlaşır. Bu da İlham Əliyevin uğurlu enerji siyasətinin daha bir təzahürüdür.

Hazırda dünyada təhlükəsiz, sabit enerji təchizatı mənbə və marşrutlarının diversifikasiyasına, xüsusilə "yaşıl enerji"nin inkişafına əsaslanan yeni qlobal enerji mühiti formalaşır.

Ölkəmiz bu yeni mərhələyə regional və Avropa miqyasında enerji təhlükəsizliyindəki strateji mövqeyini möhkəmləndirəcək təşəbbüslərlə daxil olur. Cənub Qaz Dəhlizinin genişləndirilməsi, "Həmrəylik Halqası" layihəsində iştirak, həmçinin bərpaolunan enerji mənbələrinin inkişafı və tədarükü ilə bağlı atılan addımlar bunun bariz göstəricisidir. Prezident İlham Əliyev Azərbaycanın "yaşıl enerji" ölkəsi statusunun dünya miqyasında möhkəmləndirilməsi istiqamətində ardıcıl iş aparır. Artıq bu sahədə potensialın miqyası müəyyənləşib, böyük investisiyalar cəlb olunur. Bu baxımdan, 230 MVt gücündə olan "Qaradağ" Günəş Elektrik Stansiyasının istismara verilməsi əlamətdar haldır. Azərbaycan "Xəzər-Avropa Yaşıl Enerji Dəhlizi"nin yaradılması istiqamətində tədbirlər görüb və yaxın gələcəkdə "yaşıl enerji"ni ixrac etməyi hədəfləyir. Bunun ölkəmiz üçün həm siyasi, həm də iqtisadi faydaları olacaq. Eyni zamanda "Qaradağ" Günəş Elektrik Stansiyası 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Yəni bu stansiyanın tikintisi üçün ölkəmizə xarici sərmayə gəlib və yeni iş yerlərinin açılmasına, hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməsinə imkan yaradılıb.

Ölkəmizin bərpaolunan enerji potensialı - quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. Azərbaycanın bərpaolunan enerji istehsalı siyasətinin strateji əsası Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən və 2021-ci ilin fevralında qəbul edilən "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri"ndə əks olunub. Beş Milli Prioritetdən biri olan təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi prioriteti qarşıya yeni hədəflər qoyur. Bu il fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının keçirilməsi Azərbaycanın ənənəvi enerji resurslarının istehlakı və ixracı ilə yanaşı, öz yüksək potensialı hesabına bərpaolunan enerji istehsalı məsələsinə verdiyi önəmin ifadəsi oldu. İclasda enerji və təchizatın təhlükəsizliyi, "yaşıl enerji"yə keçidlə bağlı ümumi hədəflər əsasında Azərbaycan ilə Avropa İttifaqı arasında strateji enerji tərəfdaşlığı bir daha təsdiqləndi. Yaşıl enerji ilə bağlı Məşvərət Şurasının ilk iclası bu sahədə konseptual məsələlərin həlli baxımından mühüm əhəmiyyət kəsb edib. 2022-ci il dekabrın 17-də Rumıniyanın Buxarest şəhərində "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanması Azərbaycanın bu sahədə potensialının realizə olunmasını və dünyanın enerji bazarında əhəmiyyətli rolunun daha da yüksəlməsini şərtləndirir.

Bu hədəfə nail olmaq üçün işğaldan azad edilmiş ərazilərimizdə "yaşıl enerji" zonası yaradılır, bərpaolunan enerji mənbələrindən istifadənin artırılması üçün "Masdar", "ACWA Power", "China Gezhouba Group Overseas Investment", "Total Energies", "Nobel Energy Management", BP kimi şirkətlərlə əməkdaşlıq edilir. Ölkəmizin "yaşıl enerji" sahəsinə göstərdiyi xüsusi diqqət bu sahənin qısa zamanda sürətlə inkişaf edəcəyindən xəbər verir. Ölkə başçısının işğaldan azad olunmuş 10 min kvadratkilometr ərazini "yaşıl enerji" zonası elan etməsi də bu sahəyə olan qayğının göstəricisidir. İşğaldan azad olunan bölgələr 7200 meqavat günəş, 2000 meqavat külək enerjisi potensialına malikdir. Laçın və Kəlbəcərin dağlıq əraziləri külək enerjisi, Zəngilan, Füzuli, Cəbrayıl və Qubadlı isə günəş enerjisi potensialı ilə diqqət çəkməkdədir. İşğaldan azad olunmuş ərazilərin "yaşıl enerji" zonasına çevrilməsi istiqamətində görülən işlər, günəş və külək enerjisindən istifadə ilə bağlı həyata keçirilən tədbirlər Azərbaycanı regionda lider mövqeyinə yüksəltdi.

Beləliklə, bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, energetika sisteminin səmərəliliyinin artırılması və mərhələli şəkildə liberal bazar modelinə keçilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar prosesinin hədəfləridir. İnvestisiya cəlbi üçün beynəlxalq təcrübədə rast gəlinən bərpaolunan enerji mənbələri ərazilərinin yaradılması və investorlara təqdim olunması üçün günəş və külək enerjisi potensialı olan digər 5 sahədə yeni layihələrin həyata keçirilməsinin mümkünlüyü dəqiqləşdirilib. Bununla yanaşı, külək enerjisi ilə müqayisədə ölkənin bütün ərazisində mövcud olan günəş enerjisi potensialından, kənd təsərrüfatına yararsız torpaqlardan istifadə edilməsi, bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı güclərinin paylaşdırılması üçün növbəti illərdə regionlarda layihələrin həyata keçirilməsi planlaşdırılır. Bununla əlaqədar Energetika Nazirliyi tərəfindən günəş enerjisi üzrə ən çox potensiala malik 15 inzibati ərazi vahidi müəyyənləşdirilib. Artıq 10 qiqavat həcmində külək və günəş enerjisi layihələrinə dair müqavilə və anlaşma memorandumları imzalanıb. Bu, Azərbaycana yanacaq enerjisindən bərpaolunan enerjiyə rahat keçid imkanı verəcəkdir. Bununla yanaşı, Avropa istehlakçıları da "yaşıl enerji" ilə təmin ediləcək.

Mustafa KAMAL,

"Respublika".