Qlobal çağırışlarla uzlaşan sənayeləşmə
İqtisadiyyat

Qlobal çağırışlarla uzlaşan sənayeləşmə

Yeni müəssisələrin fəaliyyətə başlaması ilə iş yerləri yaradılır, iqtisadiyyatımızın şaxələndirilməsi təmin edilir

"Sənaye, kənd təsərrüfatı, qeyri-neft sektoru, ixrac imkanları, idxaldan asılılığın azaldılması - bütün bu amillər bugünkü yeni reallığı yaradıb. Beləliklə, ölkəmizin uzunmüddətli dayanıqlı inkişafı təmin ediləcək". Bu fikirləri Prezident İlham Əliyev 2021-ci ildə Sumqayıtda Azərbaycan Televiziyasına müsahibəsində bildirib.

Müsahibəsində əvvəllər Sumqayıtın ekoloji fəlakət zonası olduğunu xatırladan dövlət başçısı deyib ki, buranı müasir sənaye mərkəzinə çevirərkən, ilk növbədə, insanların sağlamlığını nəzərə almışıq. Sovet dönəmində burada tikilmiş çoxsaylı müəssisələr istismar müddətini başa vurmuş, sıradan çıxmışdı və ekoloji vəziyyətə çox mənfi təsir göstərirdi. O müəssisələr söküldü və mənim göstərişimlə onların ərazisində 500 hektar sahəni əhatə edən Sumqayıt Kimya Sənaye Parkı yaradıldı: "Son illər ərzində bu sənaye parkı o qədər böyüdü və genişləndi ki, artıq göstəriş verildi, əlavə torpaq sahələri tapılsın və bu istiqamətdə işlər aparılır. Bu müəssisənin təməlini 2017-ci ildə mən özüm şəxsən qoymuşam və şadam ki, artıq 100 milyon avro dəyərində bu böyük layihə həyata keçdi".

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq Azərbaycanda ilk sənaye məhəlləsi isə dövlətimizin başçısının iştirakı ilə 2017-ci ildə Neftçalada açılıb. Həmin sənaye məhəlləsində avtomobil, balıq yemi, plastik məmulatlar, suvarma sistemləri, polietilen suvarma boruları, kağız stəkanlar və hazır içkilər istehsalı, modul tipli məktəb binalarının quraşdırılması, balıq emalı və konservləşdirilməsi ilə məşğul olan 9 müəssisə və 1 kiçik sahibkarlıq emalatxanası fəaliyyət göstərir.

Təməli 2014-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulan ölkəmizdə ilk "Şəmkir Aqroparkı"nın Logistika Mərkəzinin 2017-ci ildə açılışı olub. Onu da xüsusi qeyd edək ki, "Şəmkir Aqropark" MMC eyni zamanda Cənubi Qafqazda ilk "Aqropark" formatlı kənd təsərrüfatı layihəsidir.

Hazırda ölkəmizdə 7 sənaye parkı (Sumqayıt Kimya, Qaradağ, Pirallahı, Mingəçevir, Balaxanı, Ağdam və Cəbrayıl rayonunda yerləşən "Araz Vadisi İqtisadi Zonası" sənaye parkları) və 5 sənaye məhəlləsi (Hacıqabul, Masallı, Neftçala, Sabirabad və Şərur sənaye məhəllələri) mövcuddur. Sənaye parkları və məhəllələrdə sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli investisiya mühiti yaradılıb. Belə ki, Sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnika, texnoloji avadanlıq və qurğular isə ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar. İndiyədək sənaye zonalarında 134 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan artıq 68-i fəaliyyətə başlayıb. Sahibkarlar tərəfindən bu günədək sənaye zonalarına 6,56 milyard manatdan çox investisiya yatırılıb və 10 min 600-dən çox daimi iş yeri yaradılıb.

Dövlət başçısının müvafiq Sərəncamı ilə əczaçılıq məhsullarının istehsalı sahəsində ixtisaslaşmış Pirallahı Sənaye Parkı da yaradılıb. Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev Bakının Pirallahı rayonunda "Diamed" dərman istehsalı zavodunun açılışında iştirak edib. Qeyd edək ki, Parkda 6 müəssisə rezident kimi qeydiyyatdan keçib. Onlardan "R-Pharm" MMC və "Diamed Co" MMC artıq fəaliyyətə başlayıb. Rezidentlər tərəfindən 36,6 milyon manatdan çox investisiya yatırılıb, 130-dan çox iş yeri yaradılıb. Növbəti mərhələdə 30 milyon manat investisiyanın qoyulması və daha 250-dən artıq iş yerinin yaradılması nəzərdə tutulur. Bu Sənaye Parkının rezidentləri tərəfindən indiyədək 37 milyon manatlıq məhsul istehsal olunub.

Göründüyü kimi, qeyri-neft sənayesinin inkişafı Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindəndir. Bu baxımdan iqtisadiyyatın digər sahələri ilə yanaşı, sənayenin inkişafına xüsusi önəm verilir, mövcud təbii və iqtisadi resursların istehsala cəlb edilməsi, qabaqcıl texnologiyaların daha geniş tətbiqi istiqamətində sistemli tədbirlər həyata keçirilir. Sənayeləşmə siyasətinə uyğun olaraq, ölkəmizdə yüzlərlə müasir sənaye müəssisəsi, yeni istehsal sahələri yaradılır, daxili tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artır, ixrac imkanları genişlənir. Bu məqsədlə hələ regionların inkişafına dair ilk Dövlət Proqramı qəbul edilərkən qeyri-neft sənayesi ölkənin gələcək iqtisadi inkişafının prioritet istiqamətlərindən biri kimi seçilmişdir. Bu siyasət sonrakı illərdə də davam etdirilmiş, 2014-cü il Azərbaycanda "Sənaye ili" elan edilmişdi.

Qlobal çağırışlarla uzlaşan sənaye parkları və məhəllələri, aqroparklar kimi mütərəqqi mexanizmlər ixracyönümlü məhsulların istehsalının genişləndirilməsinə, neft-qaz amilindən asılılığın daha da azaldılmasına, innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin inkişafına və əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasına yeni imkanlar açır. Qeyd edək ki, sənaye məhəlləsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura malik olan, kiçik və orta sahibkarlar tərəfindən məhsul istehsalı və xidmət göstərilməsi üçün istifadə edilən ərazidir. Sənaye məhəllələri istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, kooperasiya əlaqələrinin gücləndirilməsi, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Sənaye parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura və idarəetmə qurumlarına malik olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmət göstərilməsi məqsədləri üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazi kimi qəbul edilir. Aqropark isə müasir texnologiya və üsulların tətbiqi yolu ilə rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, qablaşdırılması və xidmətlərin göstərilməsi, o cümlədən məhsulların saxlanılması, çeşidlənməsi və satışı üçün istifadə olunan, bu sahədə sahibkarların səmərəli fəaliyyətinə və inkişafına şərait yaradan ərazidir.

Bütövlükdə ölkəmizdə sənayeləşmə ilə bağlı siyasət uğurla davam etdirilir. Bakı və Sumqayıt Cənubi Qafqazın əsas sənaye şəhərlərinə çevrilib. Şəhərlərdə böyük sənaye müəssisələrinin yaradılması təmin edilir. Ölkə başçısı qeyd edib ki, bölgələrdə də sənaye məhəllələrinin yaradılması təşəbbüsü çox düzgün bir addımdır. Sənaye sektorunda əldə olunmuş artım onu deməyə əsas verir ki, ölkəmizdə sürətli sənayeləşmə gedir. Ölkəmizdə açılan yeni sənaye sahələri elmin son texnologiyalarına əsaslanır və dünya bazarlarında rəqabətqabiliyyətlidir. Ona görə də Azərbaycanda istehsal olunan sənaye məhsullarına dünya bazarlarında alıcı qıtlığı yaranmır. Digər tərəfdən, idxalın istehsalla əvəz olunması və ixrac potensialımızın artması ölkəmizin xarici valyutadan asılılığını aradan qaldırır.

Mustafa KAMAL,

"Respublika".