Yay istirahəti: “Şahdağ”da günlər şən və mənalı keçir
Region

Yay istirahəti: “Şahdağ”da günlər şən və mənalı keçir

Xəzərin beş addımlığında, ləpədöyənində yerləşən “Şahdağ” istirahət evi  Nabranın gözəl guşələrindən biridir. İllərdir ki, bura adamların sevimli istirahət yerinə çevrilib. Yaşıllıqlara qərq olmuş bu istirahət evinin ərazisi göz oxşayır,  könül açır. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tərkibində fəaliyyət göstərən bu istirahət ocağında hər il yollayışla yüzlərlə adam dincəlir. “Şahdağ”da adamların rahat dincəlməsi, mənalı istirahəti üçün hər cür şərait yaradılmışdır.

İstirahət evindəyik. Müəssisənin direktoru Rəhim Hacıyevlə ərazini gəzirik. Direktor buralarla bizi yaxından tanış edərək bildirir ki, “Şahdağ” hələ sovetlər dönəmində çoxlarının yaxşı tanıdığı məşhur yer olub. Kollektivimiz onun keçmiş şöhrətini bu gün də yaşadır. Hər il burada 700-750 nəfər adam dincəlir. Yollayışda nəzərdə tutulan 14 gün ərzində ailəsi ilə buraya gələn hər kəs normal dincələ bilir. Hər birində 2-3 nömrə olmaqla 15 kotecdə hər gəlişdə 140 nəfər dincəlir. İstirahət evinə yollayışlar demək olar ki, bütün təşkilatlardan, hətta sahibkarlıq subyektlərinin həmkarlarından da göndərilir. Burada dincələnlərə 28  nəfərlik işçi heyətlə bütün gün ərzində xidmət göstəririk. Koteclərdə hər bir şərait yaradılmışdır. Otaqlar isti, soyuq su, duş, məişət üçün lazım olan bütün avadanlıqlarla və hətta internet xidməti ilə təmin olunmuşdur. Ərazidə keyfiyyətli  içməli su təminatı vardır. Üç içməli su quyusundan biri kükürdlü sudur. Müalicəvi əhəmiyyətlidir. Ərazidə dincələnlərə lazım olan digər xidmətlər də göstərilir. İdmanla məşğul olmaq üçün şərait yaradılıb. Uşaqlar üçün ayrıca bir ərazidə müxtəlif əyləncələr təşkil olunmuşdur.

Rəhim müəllim deyir ki, bu gün istirahət evi pandemiya rejiminin tələblərinə uyğun şəkildə fəaliyyət göstərir. Bina və otaqlarda mütəmadi olaraq dezinfeksiya işləri aparılır. Mövsümqabağı aprel-may aylarında ərazidə koteclərin hər birində cari təmir işləri, təmizlik və abadlıq aparılmışdır. Bir neçə kotec əsaslı təmir olunmuşdur. Ayrıca karantin otağı yaradılıb. Bu yaxınlarda tibb məntəqəsi də fəaliyyətə başlamışdır.

Ərazini gəzərkən burada istirahət edən adamlarla görüşür və istirahəti ilə maraqlanırıq.

Fuad Mövsümov – Müdafiə Sənayesi Nazirliyinin əməkdaşı. Ailəvi surətdə,  həyat yoldaşım və oğlumla birlikdə dincəlirik. İlk növbədə buranın gözəl  təbiətini xüsusi qeyd etmək istəyirəm. Nabranın təbiəti kimi, insanları da gözəldir. Göstərilən xidmətə də söz ola bilməz. Burada olduqca işgüzar, səmimi bir personal çalışır. Onların nəzakətli davranışı bizi çox razı salır. Burada olduğumuz qısa müddətdə bunu bir daha hiss etdik.

Vidadi Bağırov – Bakı şəhəri, Suraxanı rayonu 280 nömrəli tam orta məktəbin müəllimi. Dörd nəfərdən ibarət ailəmizlə dincəlirik. Həyat yoldaşım, gəlinim, nəvəm və mən. Mübaliğəsiz deyirəm, hər şey gözəldir. Nabranı təbiətin möcüzəsi də adlandırmaq olar. Dəniz və bu füsunkar meşənin vəhdəti xüsusi bir gözəllik  yaradır. Bir sözlə, bura əsl istirahət yeridir. Hər birimiz rahat dincəlirik. Göstərilən xidmətə söz ola bilməz. Xüsusilə, verilən yeməklər çox yüksək keyfiyyətlidir. Bunu təşkil edənlərə ayrıca təşəkkürümüz var.

Axşam düşür. Ailələr şam yeməyindən sonra bir-bir, iki-bir, üç-bir dəniz qırağına üz tuturlar. Onların seçimi çox düzgündür. Axşam saatlarında Nabranda, Xəzərin sahilində gəzməyin ayrı ləzzəti, ayrı gözəlliyi var.

Ziyafəddin BAYRAMOV,

“Respublika”.