YAZIN ƏVVƏLİNDƏ GƏNCƏ ELİNDƏ...
Region

YAZIN ƏVVƏLİNDƏ GƏNCƏ ELİNDƏ...

Əsrlər boyu tarixçi və diyarşünasların, arxeoloq və etnoqrafların, yaxın, uzaq ellərdən Azərbaycana üz tutan səyyahların geniş maraq dünyasını zənginləşdirən Ulu Gəncə Qafqazın ən qədim və füsunkar guşələrindən biri kimi tanınır. Müdriklər deyiblər: Azərbaycan-Qafqazın xalısıdır, Gəncə isə onun cəvahiri. Odlar yurdunun qədim siyasi və mədəniyyət mərkəzi, ecazkar təbiəti və qonaqpərvər insanları olan Şeyx Nizami yurdu yeni inkişaf mərhələsinə qədəm qoyub.

Bəli, qədim Gəncənin inkişaf və tərəqqisi, insanların yüksək əhvali-ruhiyyəsi, firavanlığı ölkə Prezidenti cənab İlham Əliyevin şəhərimizə və onun sakinlərinə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. İndi Gəncənin ən gözəl vaxtıdır... Yazın gəlişi ilə hər yerdə canlanma var. Ana təbiətin səxavətindən pay almış Gəncə eli yaz aylarında bir başqa gözəllikdə olur. Elə ki yaz günəşinin şəfəqləri torpağı qızdırır, göydə toqquşan buludlar yerin su həsrətinə son qoyur, elə həmin gündən də şəhərin mənzərəsi tamamilə dəyişir. Torpağın sinəsinə düşən hər nur damlasının yerində ertəsi gün bir lalə qızarıb boy qaldırır. Beləcə, Gəncə düzləri yaz boyunca yaşıl çəmənliyə sərilmiş qırmızı xalı kimi laləzara bürünür. Gözoxşayan, ruha qida verən bu mənzərəni seyr etdikcə insan ana təbiətin gözəlliyindən zövq alır. Salxım söyüdləri, dərələr boyunca uzanan zümrüd "meşələri", zərif çiçəkləri seyr etdikcə, ötüşən quşların bəstəsini dinlədikcə insanın duyğuları durulur, qəlbi həzin bir təbiət nəğməsinə köklənir. Türk dünyasının fenomeni, əbədiyaşar Heydər Əliyevin adına layiq, möhtəşəm mərkəz, ecazkar təbiətə malik istirahət parkı, girişdə möhtəşəm "Zəfər tağı" ucaldılmışdır ki, buraya gələn qonaqlar və sakinlər bu açıq seyrangahdan şəhərin mənzərəsini seyr edir.

Tək Gəncədən deyil, regionlardan istirahət məkanına minlərlə sakin dincəlməyə gəlir, bu unikal mənzərəni seyr edir, məmnun qalır, ölkə başçısına minnətdarlıq edir. Prezident İlham Əliyev Gəncə şəhərinə növbəti səfəri zamanı bunu çox böyük qiymətləndirmiş və demişdir: "Gözəl bir göl, amfiteatr yaradılıbdır. Yəni bu, doğrudan da bir möcüzədir". Gölün ətrafına nadir ağaclar və dekorativ kollar əkilib, yaraşıqlı oturacaqlar quraşdırılıb. Dünyanın beş ən böyük parkı arasında yer tutan, 450 hektar sahəsi olan möhtəşəm Heydər Əliyev park-kompleksinin ərazisində uzunluğu 354 metr, eni 170 metr, dərinliyi 3 metr olan bu əfsanəvi "göl" göz oxşayır. Qədimiliyini qoruyaraq yeniləşən Gəncənin çay boyunca yüksək zövqlə yeni salınmış füsunkar bulvar kompleksi, uşaq əyləncə mərkəzləri, ecazkar təbiəti olan parkda yan-yana düzülmüş möhtəşəm musiqili analoqu olmayan fantan kompleksləri sakinlərdə və qonaqlarda iftixar hissi oyadır. Nizami yurdunun cənnətməkan guşəsi - "Xan bağı", Gəncənin düz mərkəzində yerləşir. Bu yerlər ağac və gül növlərinin zənginliyinə görə Gəncənin Nəbatat bağı sayıla bilər. Burada nadir tapılan bitkilər - Himalay sidri, yapon əzgili, Eldar şamı, hind qozu, bambuk, sərv ağacları qayğı ilə mühafizə edilir. Yeddi hektar sahəni əhatə edən "Xan bağı" zəngin təbiət muzeyi, gəncəlilərin sevimli mədəniyyət və istirahət parkıdır. Prezident cənab İlham Əliyev "Xan bağı"nda olarkən demişdir: "Xan bağı nəinki Gəncə üçün, bütün Azərbaycan üçün çox əziz və doğma bir yerdir. Sadəcə olaraq, gəzinti üçün, istirahət üçün bağ deyil, bizim milli tarixi sərvətimizdir". "Xan bağı" təkcə gözəllik məskəni deyil, həm də şəhərin saf iqlim mərkəzidir. Yayda qızmar günəşin, qışda soyuq küləklərin qarşısını alır. İlin hər fəslində gözəl, günün hər çağında səfalı, cazibədardır. Gəncənin bu cənnətməkan guşəsi - "Xan bağı" bir sözlə, gözəldir, yaraşıqlıdır, möhtəşəmdir...

Bəli, Gəncənin bütün fəsilləri gözəldir...

Gəncə elə bir strateji ərazidə yerləşir ki, Qafqaza giriş məhz buradan keçir. Ərazidə aparılan quruculuq işləri diqqəti çəkir, göz qamaşdırır. Bu gün Paytaxt istiqamətindən şəhərə daxil olan hər kəs möcüzələr aləmi ilə üzləşir. Yolun sağ və sol tərəfində ucaldılan rəmzi möhtəşəm və əzəmətli Gəncə Qala Qapıları - Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi şəhərin qədim tarixini özündə əks etdirir. Burada 65 metr hündürlüyündə dalğalanan müqəddəs bayrağımız, Türk dünyasının fenomeni, ümummilli liderin əzəmətli abidəsi, müasir üslubda işıqlandırma sistemi, bir-biri ilə uzlaşan fəvvarələr, ətrafdakı yaşıllıqlar və təravətli gül-çiçəklər qalaya xüsusi görkəm, gözəllik verir.

 Ulu Gəncəni iki hissəyə bölən çayın sağ sahilindəki "Gəncəçay" Park-bulvar kompleksi, Gəncə sakinlərinin sevimli istirahət guşəsidir. Sözün əsl mənasında, bu gün, dünyanı qlobal iqtisadi böhran cənginə aldığı bir vaxtda belə möhtəşəm işlərin görülməsi ölkə başçısının vətəndaşlarına göstərdiyi sonsuz diqqət və qayğının bariz nümunəsidir.

Bu istirahət məkanının və guşələrin yaradılması, əhaliyə xidmət göstərən müasir infrastrukturun qurulması Gəncənin daha da gözəlləşməsinin davamlı xarakter almasından və ümumilikdə şəhərin sosial-iqtisadi inkişafından xəbər verir.

"Gəncəçay" park-bulvar kompleksinin uzunluğu 1,2 kilometrdir. Ümumi sahəsi 34 hektar olan bu kompleksdə istirahət üçün hərtərəfli şərait yaradılıb, geniş işıqlandırma işləri görülüb, 15 fəvvarə və müxtəlif kompozisiyalı 10 heykəl quraşdırılıb. Çayın məcrasının hər iki tərəfində betondan ümumi uzunluğu 2,4 kilometr olan istinad divarı tikilib. Bulvarda Bayraq Meydanı, "Əli və Nino" kompleksi, Mətbuat və Kitab evi, Uşaq Əyləncə və Ticarət Mərkəzi, altımərtəbəli və yeddimərtəbəli üç yaşayış binası, üç kafe, restoran və kinoteatr, açıq havada fantastik attraksionlar və digər sosial obyektlər inşa edilmişdir ki, bunlara ecazkar bulvarın "mirvarisi" desək, yanılmarıq. Burada 1,7 kilometr uzunluğunda velosiped yolu və velosiped dayanacağı inşa edilib. Ümumiyyətlə, bu bulvar milli memarlığın ən son nailiyyətlərini özündə əks etdirir. Azərbaycanda ilk dəfə olaraq, Qurban Səidin müəllifi olduğu, "Əli və Nino" əsəri əsasında hündürlüyü 3,5 metr olan əzəmətli heykəl ucaldılıb. Bu, Azərbaycan və gürcü xalqlarının dostluğuna həsr edilib. Abidənin möhtəşəmliyi və fərqi ondadır ki, heykəlin ətrafında süni tüstü effektləri verilmişdir ki, bu da aşiqlərin məhəbbətlərinin səmada uçması anlamına gəlir. Abidənin ətrafında yaradılmış 3 fəvvarə vizual olaraq göz yaşlarını xatırladır. Heykəl Şərq üslubunda, lakin modern formadadır. Gəncə Dövlət Filarmoniyasının memarlıq üslubu sözün əsl mənasında, şəhərin zəngin arxitekturası ilə ahəng yaradır. 1,4 hektar ərazidə inşa olunan bu möhtəşəm kompleksdə 1200 nəfərlik konsert zalı, iki kinoteatr, açıq havada estrada meydanı, kafe, restoran, 200 avtomobil üçün 2 mərtəbəli yeraltı dayanacaq və digər xidmət sahələri ən yüksək səviyyədə xidmət göstərir. Yeddimərtəbəli binada 135 eksponat və rəsm əsərlərindən ibarət Gəncə Teatr Muzeyi, zəngin kitabxana, xoreoqrafiya zalı, qrim otaqları, mehmanxana, kafe və digər zəruri infrastruktur yaradılıb. Ölkə Prezidenti cənab İlham Əliyevin Gəncəyə hər bir səfəri yeni-yeni üfüqlər açır. Sözsüz ki, hər bir layihə şəxsən dövlət başçısının diqqət mərkəzindədir. Böyük əminliklə demək olar ki, Azərbaycan dövlətçilik tarixində Gəncənin iqtisadi potensialının əsası Heydər Əliyevin hakimiyyəti dövründə qoyulub və ölkəmizin ikinci böyük şəhərinin inkişafına, tərəqqisinə möhkəm zəmin, bünövrə yaradıb. Bunu Prezident İlham Əliyevin Gəncə şəhərinə göstərdiyi diqqət və qayğının nümunəsində də aydın görə bilərik. Prezident kimi dəfələrlə Gəncə şəhərinə səfər edib və hər dəfə Gəncənin inkişafı ilə bağlı çox mühüm qərarlar verib, bu şəhərin hərtərəfli inkişafına xidmət edən böyük layihələrin, ictimai əhəmiyyətli obyektlərin açılışında iştirak edib. Gəncəlilər diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə edirlər.

Zabit XƏLİLOV,

"Respublika".