Yeni meyvə bağları salınır
İQTİSADİYYAT

Yeni meyvə bağları salınır

Bağçılıq Azərbaycanda ən qədim əkinçilik ənənələrindən biridir. Bağban qulluq edib becərdiyi meyvə ağacının barını dərəndə ona sevinc gətirir, əziyyəti hədər getmir. Atalar məsəlidir, bağa baxarsan bağ olar, baxmazsan dağ olar. Ömrünü-gününü torpağa bağlayan, zəhməti, alın təri ilə məhsul yetişdirən adamlar hər bir bölgədə, hər bir kənddə, hər ailədə var.

Xocavəndli bağbanların da uzun illər erməni işğalında qalan torpaqlara əlləri yetmirdi, müzəffər ordumuzun bölmələrinin qəhrəmanlığı sayəsində işğalçılar məhv edildi, qalanları isə biabırçı şəkildə qaçmağa məcbur oldular. Xocavəndin işğaldan azad edilməsi topaqlara həsrət qalan sakinlərə bir dünya sevinc gətirdi, ərazilər minalardan təmizlənən kimi əkinçilər və bağbanlar fəaliyyətə başladılar. İşğaldan azad edilən bütün ərazilərdə olduğu kimi, Xocavənddə də böyük infrastruktur layihələr icra olunur, tikinti-quruculuq işləri aparılır, uzun illər yurd həsrəti yaşayan insanlar Böyük Qayıdışa hazırlaşırlar. Hazırda rayon ərazisində taxıl biçini aparılır, salamat qalan üzüm bağları bərpa olunur, becərmə işləri aparılır. Artıq üç ildir ki, işğaldan azad olunan ərazilərdəki bağlardan məhsul yığılır, doğma torpağın nemətləri süfrələri bəzəyir.

İşğaldan azad edilən rayon ərazisində həm də yeni bağlar salınır. Rayonun Məmməddərə kəndində üç fındıq bağı salınıb. Bağların ümumi ərazisi 177 hektardır. Xocavəndli bağbanlar minalar təmizləndikdən sonra birinci mərhələdə 80 hektar bağ salıblar. Bu yerlərdə torpaqlar çox münbitdir və əlverişli iqlim şəraiti mövcuddur. Buna görə də bağbanlar əlavə 100 hektar fındıq bağı salmaq üçün hazırlıq işləri görürlər. Qeyd edək ki, müasir innovativ üsullarla salınmış intensiv bağlardakı ağaclar yaxşı inkişaf edir və onların suvarılması damcı yolu ilə həyata keçirilir. Hər üç bağda iki nasos filtr stansiyası quraşdırılıb. Həmin nasos filtr stansiyaları vasitəsilə lazım olan minerallar, gübrələr, dərman preparatları suvarma suyu ilə birlikdə ağacların dibinə verilir. Bu da əlbəttə, məhsuldarlığın yüksəlməsinə şərait yaradır. Erməni işğalı dövründə tamamilə dağıdılmış, yerlə-yeksan edilmiş qəsəbə və kəndlərimiz yenidən qurulur, bu torpaqlara firavan və xoşbəxt həyat qayıdır, meyvə və üzüm bağları salınır.

Salman ALIOĞLU,

"Respublika".