Ölkəmiz enerji təhlükəsizliyi məsələsində ən yaxşı tərəfdaşdır
İQTİSADİYYAT

Ölkəmiz enerji təhlükəsizliyi məsələsində ən yaxşı tərəfdaşdır

Azərbaycanın enerji ölkəsi kimi əhəmiyyəti region dövlətləri arasında getdikcə artır. Son illərdə Avrasiya məkanında baş verən geosiyasi proseslər və enerji amilinin siyasi hadisələrə təsiri Avropa dövlətlərini enerji təminatını ödəmək məqsədilə yeni mənbələr axtarmaq məcburiyyətində qoyur. Bu baxımdan regionun əsas neft ölkələrindən biri kimi Azərbaycan ön planda çıxış edir.

Avropanın alternativ mənbələrə çıxışda və enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmizi qiymətləndirməsi, alternativ enerji təminatçısı kimi onu seçməsi də bu mənada təbiidir. Azərbaycan sabit və etibarlı imici ilə diqqət çəkir. Ekspertlərin də bildirdiyi kimi, ölkəmiz enerji təhlükəsizliyi məsələsində Avropanın ən yaxşı tərəfdaşıdır və Qərbin enerji tələbatının ödənilməsinə önəmli töhfə verir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan enerji siyasəti "Əsrin müqaviləsi" ilə regionun ilk neft istehsalçılarından olan Azərbaycanı beynəlxalq enerji arenasında birbaşa iştirakçıya çevirdi. Azərbaycanda külək və günəş enerjisi potensialı kifayət qədərdir və bu sahədə mühüm işlər aparılır. Külək enerjisi potensialı üzrə Xızı və Abşeron yarımadasının qərb hissəsi, Günəş enerjisi potensialı üzrə isə Naxçıvan əlverişli ərazilərdir.

"Xəzər dənizinin zəngin enerji resursları yalnız karbohidrogen sənayesinin deyil, yaşıl enerji sektorunun inkişafı üçün də mühüm mənbədir". Bu sözləri energetika naziri Pərviz Şahbazov deyib. O, həmçinin bildirib: "Bərpaolunan enerji dövlət başçısı cənab İlham Əliyev tərəfindən 2030-cu ilə qədər Azərbaycanın sosial-iqtisadi və şaxələndirilmiş yeni inkişaf kursunun, eləcə də təmiz ətraf mühitə nail olmağın mühüm prioritetlərindən biri kimi müəyyənləşdirilib. Bərpaolunan enerjinin istehsal və istehlakda əhəmiyyətli mövqeyə malik olması dənizin də külək enerjisi potensialından istifadəni zəruri edir".

Külək enerjisi təbiətdə ən geniş yayılmış təhlükəsiz bərpaolunan və təmiz enerji mənbələrindəndir və o, hava axınlarının kinetik enerjisinin elektrik enerjisinə çevrilməsindən əldə edilir. Həmin enerjini istifadəyə yararlı elektrik enerjisinə çevirmək üçün isə külək turbinindən istifadə olunur. Qlobal Külək Enerjisi Şurasının (Global Wind Energy Council - GWEC) hazırladığı "Global Wind Report 2022" hesabatına əsasən, Azərbaycan regionda külək enerjisi potensialına görə dünyada 2-ci ölkədir.

Azərbaycan Respublikasında "yaşıl enerji" ilə bağlı aparılan işlər gündən-günə daha da inkişaf edir. İşğaldan azad olunmuş bölgələrdə günəş, külək, biokütlə, termal, geotermal və digər bərpaolunan enerji potensialının öyrənilməsi, mövcud resurslardan istifadə etməklə külək və günəş enerji stansiyalarının yaradılması əsas məqsəd kimi nəzərdə tutulub. Artıq bir sıra bölgələrdə bununla əlaqədar işlər yekunlaşmışdır. Belə ki, bölgədə və evlərin üzərində günəş panelləri qurulmuşdur. Enerjinin yenidən bərpası üçün təbiətin çirkləndirilməməsi, qayğısına qalınması da əsas rol oynayır. Qeyd etdiyimiz kimi, "yaşıl enerji"yə daxil olan enerjilərdən başlıcası elə günəş enerjisidir. "İldə 250-dək günəşli gün olduğu Azərbaycan günəş enerjisinin istismarı üçün əlverişli ölkələrdəndir". Bu fikri Rusiyanın "Günəş Enerjisi Müəssisələri Assosiasiyası" İctimai Birliyinin rəhbəri Anton Usaçyov bildirib. O, həmçinin vurğulayıb ki, son vaxtlar xeyli ucuzlaşan günəş panellərinin həm sənayedə, həm də fərdi evlərdə get-gedə daha geniş tətbiq olunması ictimai nəqliyyatın da günəş enerjisilə təchiz edilməsi məsələsini gündəmə gətirib. Hazırda elektrobuslarda batareyaları doldurmaq üçün günəş enerjisindən daha çox istifadə olunur. Belə ki, dam hissənin genişliyi elektrobusları günəş panellərinin quraşdırılması üçün əlverişli edir. Bununla da salondakı kondisionerlər üçün kifayət həcmdə enerji əldə etmək mümkündür. Şübhəsiz, Azərbaycan ərazisində günəş enerjisinin yüksək həcmi bu kimi layihələri həyata keçirmək üçün əlverişli zəmin yaradır.

Hazırda Azərbaycan Respublikasında günəş panellərinin quraşdırılması və satışı ilə bağlı kiçik şirkətlər yaranmaqdadır. Bunun nəticəsi olaraq, ölkədə günəş panelləri quraşdırılıb, onlar şəbəkəyə qoşulub və hazırda elektrik enerjisi istehsal edilir. Qobustanda, Samuxda, Naxçıvanda günəş elektrik stansiyaları fəaliyyət göstərir.

 Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədinin 5-ci bəndində ("Təmiz ətraf mühit" və "Yaşıl artım ölkəsi") iqlim dəyişikliyi və onunla mübarizə istiqamətində, eləcə də ölkəmizdə yaşıl enerji məkanı prinsiplərinə əsaslanan bərpaolunan enerjinin iqtisadiyyatın bütün sahələrində tətbiqi məsələləri öz əksini tapmışdır. Belə ki, ölkənin sosial-iqtisadi inkişafı üzrə prioritetlərə uyğun olaraq, cari və gələcək dövrdə bərpaolunan enerji mənbələrindən istifadəyə, "yaşıl" texnologiyaların tətbiqinin genişləndirilməsinə daha çox diqqət ayrılmaqdadır. Bu sahədə aparılan işlər çərçivəsində bərpaolunan enerji mənbələri potensialına malik ərazilərin müəyyənləşdirilməsi və prioritetləşdirilməsi istiqamətində ölkə üzrə kameral araşdırmalar davam etdirilir. Milli Prioritetlər BMT-nin "Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik"dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir.

Töhfə SƏMƏDOVA,

"Respublika".