ÇƏLTİKÇİLİK: ƏNƏNƏVİ SAHƏYƏ DİQQƏT ARTIR
İQTİSADİYYAT

ÇƏLTİKÇİLİK: ƏNƏNƏVİ SAHƏYƏ DİQQƏT ARTIR

İnsanların qida rasionunda düyü buğdadan sonra əhəmiyyətli yer tutur. Düyüyə tələbat ilbəil artdığından çəltik istehsalı kənd təsərrüfatının perspektivli sahələrindən sayılır.

Ölkəmizdə çəltik bitkisi qədimdən becərilir. Astara rayonunda da çəltikçiliyin inkişafına xüsusi diqqət yetirilir. Çəltik istehsalının artırılması, əhalinin düyüyə olan tələbatının yerli istehsal hesabına ödənilməsi istiqamətində görülən işlər müsbət nəticələr verir.

Astara Rayon Statistika İdarəsindən aldığımız məlumata görə, Ərçivan qəsəbə, Kakalos, Pensər, Şiyəkəran, Suparibağ, Artupa digər kəndlərdə 200 nəfərə yaxın fermer çəltikçiliklə məşğul olur. Məhsuldarlıq orta hesabla hər hektardan 40-45 sentnerə çatır. Keçən il rayonun şəxsi fermer təsərrüfatlarında 202,1 hektar səhədə çəltik əkilmiş 841 ton məhsul istehsal olunmuşdur. Daxili bazarda düyünün kiloqramı 3-5 manata satılır. Hektardan orta hesabla 15-16 min manat ümumi gəlir əldə olunur.

Ölkə Prezidenti İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı" çəltikçiliyin inkişafı üçün geniş imkanlar açmışdır. Çəltikçiliyə dövlət dəstəyinin gücləndirilməsi rayonda bu gəlirli sahəyə marağı daha da artırmışdır.

Artıq bir neçə gündür ki, çəltik əkinlərinə start verilib. Qısa vaxtda 187 hektar sahədə çəltik əkilib. "Haşimi", "Ənbərbu", "Sədri", "Xəzər", "Gilani", "Akula" digər yerli, yüksək məhsuldar sortlara üstünlük verilir. Səncərədi ərazisində 64, Kakalos ərazisində 47, Ərçivan qəsəbəsində 21 hektar sahədə çəltik əkinləri keçirilib. "Muğan Düyü" MMC 15, "Mansur" fermer təsərrüfatı 3 hektar sahədə müasir texnologiya ilə çəltik yetişdirib.

Mehman Quliyev Artupa kəndində yaşayır. İxtisasca Azərbaycan dili ədəbiyyatı müəllimidir. Yaqub Ağayev adına Artupa kənd tam orta məktəbində direktor müavini vəzifəsində işləyir. Hər il şəxsi təsərrüfatında 1 hektar sahədə çəltik əkib-becərir. Keçən il 5 ton məhsul götürüb. Bu hesabla ailə büdcəsinə 15 min manatdan çox vəsait daxil olub. Mehman müəllim rentabelli sahə olduğundan çəltikçiliyə marağın getdikcə artdığını vurğulayaraq deyir:

- Kəndimizdə ata-babadan çəltikçilik ruzi, qazanc mənbəyi olub. Sadə, zəhmətkeş camaat çəltik əkib-becərməklə ailəsini dolandırıb. Məktəbimizdə şagirdlər əməyə, halal zəhmətə məhəbbət ruhunda tərbiyə olunur. Bu günlərdə Astara şəhərində keçirilən respublika təhsil festivalı çərçivəsində təşkil olunmuş sərgidə məktəbimiz 15 növ çəltik nümayiş etdirdi.

Artupa kəndində qədim əkinçilik ənənələri uğurla davam etdirilir. Əhalinin məşğulluğunun maddi rifah halının yüksəldilməsində çəltikçilik mühüm rol oynayır. Hər il kəndin şəxsi fermer təsərrüfatlarında 100 hektara yaxın çəltik əkilir.

Fərdi təsərrüfatçı Mehman Quliyevin dediyinə görə havaların isti keçməsinə baxmayaraq, çəltik sahələrinin suvarılmasında hələlik problem yoxdur. Lakin çəltikçiliklə məşğul olan fermerlər subsidiya almaqda çoxlu çətinliklərlə üzləşirlər. Bu sahədə maarifləndirici söhbətlərin aparılmasına ehtiyac vardır.

Əlisəfa HƏSƏNOV,

"Respublika".