YÜKSƏK BAL TOPLAYAN TƏLƏBƏLƏRLƏ GÖRÜŞ
Elm və təhsil

YÜKSƏK BAL TOPLAYAN TƏLƏBƏLƏRLƏ GÖRÜŞ

Mingəçevir

Mingəçevir Şəhər İcra Hakimiyyətinin akt zalında ali məktəblərə qəbul olan və 600-dən yuxarı bal toplayan tələbələrlə  görüş keçirilmişdir. İlk öncə ulu öndər Heydər Əliyevin, dövlətçiliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bildirmişdir ki, Azərbaycanda təhsil sahəsində aparılan islahatlar müəllim peşəsinin nüfuzunun daha da yüksəlməsinə öz müsbət təsirini göstərmişdir. Müəllim cəmiyyətin sabahı və gözəl gələcəyinin yaradıcısıdır. Ümummilli lider Heydər Əliyev müəllim peşəsinə və əməyinə həmişə yüksək qiymət verib. Sevindirici haldır ki, müəllimin əməyinə bu gün də Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək qiymət verilir, bu peşə sahiblərinin sosial rifahının yaxşılaşdırılması üçün davamlı tədbirlər həyata keçirilir. Bu gün təhsilə, müəllimə diqqət göz qabağındadır. Heydər Əliyev Fondu yarandığı ilk gündən təhsil sahəsində müxtəlif layihə və proqramlar həyata keçirir. Yeni tədris ilində Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir və bərpa olunan, eləcə də yeni inşa edilən 22 təhsil müəssisəsi istifadəyə verilibdir. Bununla da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu dövlətin təhsil sahəsində apardığı siyasətə dəstək göstərərək gənc nəslin daha bilikli yetişməsinə və keyfiyyətli təhsil almalarına öz töhfəsini vermişdir.

Bu il şəhər ümumtəhsil məktəblərinin 9-cu sinifləri üzrə 1390 nəfər adi attestat, 43 nəfər fərqlənmə attestatı almışdır. 11-ci siniflər 1029 nəfər adi attestat, 23 nəfər fərqlənmə attestatı almış, 17 nəfər eksternat yolu ilə imtahan vermişdir. Məktəbi bitirən məzunlardan 1 nəfər qızıl medal, 2 nəfər isə gümüş medala layiq görülmüşdür. Ali məktəbə qəbul olan tələbələrdən 55 nəfəri 500-dən yuxarı, 17 nəfər isə 600-dən yuxarı bal toplamışdır. Şəhər üzrə ən yüksək nəticəni Təbiət-Riyaziyyat və Humanitar Elmlər təmayüllü Liseyin (TRHEL) şagirdi Sənani Zeynallı (673 bal) göstərmişdir.

Görüşdə Mingəçevir Şəhər Ağsaqqallar Şurasının sədri Akif Hacıyev, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Mingəçevir şəhəri üzrə sektor müdiri Sevinc Həsənova, valideyn Vüsalə Mustafayeva, TRHEL-in şagirdi, şəhər üzrə ən yüksək nəticə göstərən məzun Sənani Zeynallı çıxış edərək əldə olan uğurlardan bəhs ediblər, tələbə adını qazanmış gənclərə uğurlar arzulayıblar.

Sonda yüksək nəticə göstərmiş tələbələrə və Mingəçevir Dövlət Universitetinə qəbul olunmuş şəhid Niyazi İsgəndərovun övladı Ömər İsgəndərova şəhər icra hakimiyyətinin başçısı tərəfindən hədiyyələr təqdim edilmişdir.

Zabit XƏLİLOV,

"Respublika".

 

Lerik

Bu il Lerik rayonunun tam orta məktəblərini  bitirmiş məzunlardan 128 nəfər tələbə adına layiq görülüb. Qəbul imtahanlarında 2 nəfər 600 baldan, 11 nəfər isə 500 baldan yuxarı nəticə qazanıb.

Lerik Rayon İcra Hakimiyyətinin (RİH) inzibati binasında qəbul imtahanlarında yüksək bal toplayaraq respublikamızın ali təhsil müəssisələrinə qəbul olunmuş gənclərlə görüş keçirilib. Görüşdə icra aparatının məsul işçiləri, məktəb direktorları və tələbə adını qazanmış gənclər iştirak ediblər.

Lerik RİH-in başçısı Əkbər Abbasov I kurs tələbələrini və onların məzunu olduqları məktəblərin rəhbərlərini yüksək təhsil göstəricilərinə görə təbrik edib. O, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə təhsilin inkişafına yüksək diqqət və qayğı göstərildiyini, məktəblərin maddi-texniki bazasının möhkəmləndirildiyini, gənclərin təhsilinə dövlət qayğısının davamlı şəkildə artırıldığını bildirib. Ölkə Prezidenti cənab İlham Əliyevin ulu öndərin siyasi kursunu uğurla davam etdirərək təhsil islahatlarını, təhsil haqqında Qanunun icrasını daim diqqətdə saxladığını, ölkəmizdə təhsilin inkişafı ilə əlaqədar mühüm tədbirlərin həyata keçirildiyini qeyd edib.

RİH başçısının müavini Arzu Vəliməmmədova, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Lerik rayonu üzrə təhsil sektorunun müdiri Zöhrab Salayev tələbə adını qazanmış gəncləri təbrik edib, onlara xoş arzularını bildiriblər.

Lerik şəhər  1 nömrəli texniki fənlər təmayüllü liseyi "Gümüş nişan"la bitirmiş, Azərbaycan Tibb Universitetinə yüksək balla qəbul olunmuş Türkanə Hüseynli, tələbələrdən Əlyar Bayramov (Bakı Ali Neft Məktəbi), Aksana Ağayeva (Azərbaycan Tibb Universiteti),  Gülnar Hümbətova (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti), Gülnar Səfərova (Bakı Dövlət Universiteti) və başqaları ölkəmizdə gənclərin təhsili üçün yaradılan şəraitdən razılıqlarını ifadə edərək dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildiriblər. 

RİH başçısı Əkbər Abbasov görüşü yekunlaşdırıb tələbələrə yüksək səviyyədə təhsil almağı, savadlı, bacarıqlı kadr kimi müstəqil Azərbaycanın sürətli inkişafına, tərəqqisinə layiqli töhfələr verməyi arzulayıb. Tədbirdə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrə Lerik RİH tərəfindən təşəkkürnamə və hədiyyələr təqdim edilib.

Əlisəfa HƏSƏNOV,

"Respublika".