İŞĞALDAN AZAD EDILMIŞ ƏRAZILƏRDƏ BU IL 6 MƏKTƏBDƏ TƏDRISƏ BAŞLANILACAQ
Elm və təhsil

İŞĞALDAN AZAD EDILMIŞ ƏRAZILƏRDƏ BU IL 6 MƏKTƏBDƏ TƏDRISƏ BAŞLANILACAQ

Azərbaycanda 15 sentyabr tarixi "Bilik Günü" kimi qeyd olunur. Bu gün 2004-cü ilə qədər sentyabrın 1-nə təsadüf edirdi. Lakin Prezident İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanına əsasən Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb.

İnsan həyatında ən vacib və şərəfli missiyalardan biri də təhsil almaq, elmə, biliyə yiyələnməkdir. Məktəb həyatına qədəm qoyan hər bir insan üçün o gün yaddaşlarda sevinc və həyəcan dolu xatirələrlə qalır. Builki Bilik Günündə ilk zəng çalınacaq məktəblər sırasında işğaldan azad edilmiş ərazilərdəki məktəblər də var.

Xatırlamaq yerinə düşər ki, Qarabağ torpaqlarının işğalı nəticəsində təkcə Füzuli rayonunda 100-ə qədər orta təhsil və texniki peşə məktəbi ermənilər tərəfindən məhv edilib. Digər qədim yaşayış məskənlərimizdən biri olan Qubadlıda yaşı 100 ildən çox olan ilk dünyəvi məktəb də ermənilər tərəfindən dağıdılıb. Azərbaycanın mədəniyyət beşiyi hesab edilən Şuşa şəhərinin işğalı nəticəsində isə 23 ümumtəhsil məktəbi, 6 məktəbəqədər uşaq müəssisəsi, 7 məktəbəqədər uşaq tərbiyə müəssisəsi, peşə-ixtisas məktəbi, Mədəni-maarif, Kənd təsərrüfatı, M.M.Nəvvab adına Musiqi texnikumları, 2 saylı Bakı Baza Tibb Texnikumunun filialı, həmçinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Ədəbiyyat İnstitutunun filialları dağıdılıb. Şuşa Realnı Məktəbi də ermənilər tərəfindən dağıdılaraq xarabalığa çevrilib.

1993-cü il iyulun 23-də işğal edilən Ağdam şəhərində musiqi, kənd təsərrüfatı, kənd təsərrüfatı mexanikləşdirmə və elektrikləşdirməsi texnikumları, 9 ümumtəhsil və internat məktəbi, iki peşə məktəbi, həmçinin Uşaq Şahmat məktəbi uşaq-gənclər idman məktəbi, ekoloji tərbiyə və təcrübəçilik məktəbi, tibb məktəbləri, texniki yaradıcılıq mərkəzi və gənclər yaradıcılıq mərkəzi fəaliyyət göstərirdi. Həmin təhsil obyektlərinin binaları da ermənilər tərəfindən yerlə-yeksan edilmişdi. Ermənistanın işğal etdiyi digər ərazilərimiz kimi, Laçın rayonunda da vandalizm və talançılıq siyasəti həyata keçirilib. Yerlə-yeksan edilən tarixi-mədəni obyektlərlə bərabər, rayonda işğal dövrünə qədər fəaliyyət göstərən 102 ümumtəhsil məktəbi də düşmən vəhşiliyinin qurbanı olub. Qubadlı rayonunda isə 61 ümumi təhsil məktəbi erməni vəhşiliyinə məruz qalıb. İşğaldan əvvəl Qubadlıda 33 tam orta, 16 ümumi orta, 12 ibtidai məktəb fəaliyyət göstərib. Təcavüzkar dövlətin əməlləri Füzuli, Kəlbəcər, Cəbrayıl, Zəngilan, Xocalı, Xocavənd rayonlarından da yan keçməyib. Adıçəkilən bölgələrimizin təhsil müəssisələri viran qoyulub. Ermənilərin ən çox dağıntılara məruz qoyduğu ərazilərdən olan Xocavənd rayonunun 1859-cu ildə əsası qoyulmuş Tuğ kənd məktəbi məhv edilib. Laçın rayonunun 130 yaşlı B.M.Məmmədov adına Minkənd tam orta məktəbi, 145 il öncə əsası qoyulmuş akademik M.Mehdizadə adına Cəbrayıl şəhər tam orta məktəbi, 140 yaşlı Qara İlyasov adına Qubadlı şəhər tam orta məktəbi, yaradılmasından 190 ildən çox vaxt keçmiş, Azərbaycanın ilk qəza məktəbi sayılan Şuşanın tarixi 1 nömrəli orta məktəbi və s. əhəmiyyətli təhsil müəssisələri ermənilər tərəfindən amansızca məhv edilib. Bu gün Azərbaycan dövləti öz ərazi bütövlüyünü təmin etməklə bərabər, bölgənin yenidən tikilib qurulması üçün irimiqyaslı tikinti-quruculuq işlərinə başlayıb. Artıq yaşayış massivləri, iaşə obyektləri ilə yanaşı, həm də təhsil müəssisələri, məktəblər də tikilib əhalinin istifadəsinə verilir.

Dövlətimizin Qarabağda apardığı irimiqyaslı tikinti-quruculuq işləri çərçivəsində məktəblərin də tikilib yenidən istifadəyə verilməsinə start verilib. Bu sahədə ilk müjdə Zəngilanın Ağalı kəndindən gəldi. Ötən il 2022-2023-cü tədris ilində Ağalı məktəbi öz şagirdlərinə qapılarını açdı. Davamlı həyata keçirilən Böyük Qayıdış planına uyğun olaraq bölgəyə köçürülən əhalinin təhsil məsələsi də əsas diqqət mərkəzində saxlanılır. Bu mənada, son illərdə Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub. Prezident İlham Əliyevin qayğısı, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr ulu öndərin təhsil siyasətinin uğurlu davamının göstəricisidir. Bu gün ölkəmizdə təhsil sisteminin bütün pillələri üzrə Dövlət proqramları uğurla həyata keçirilir. İşğaldan azad edilən şəhər və kəndlərimizdə fəaliyyətə başlayan məktəblər də həmin inkişafın tərkib hissəsidir.

Bu il 2023-2024-cü təhsil ilində işğaldan azad edilmiş ərazilərdə 6 ümumtəhsil məktəbi fəaliyyətə başlayacaq. "Yeni tədris ili üçün qarşıda duran əsas prioritet məsələ işğaldan azad olunmuş ərazilərdə məktəblərimizin açılmasıdır". Bu sözləri media üçün brifinqdə çıxışı zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib. Onun sözlərinə görə, bu il artıq Zəngilan rayon Ağalı kənd, Tərtər rayon Talış kənd, Füzuli şəhər 1 nömrəli tam orta məktəb, Laçın şəhər 2 nömrəli məktəb, Laçın rayonu Zabux kənd tam orta məktəb və Şuşa şəhər 1 nömrəli məktəb fəaliyyətə başlayacaq. Bu məktəblərdə 780 şagird təhsil alacaq. Müəllimlərin sayı isə 94 nəfərdir. Qeyd edək ki, bu rəqəmlər getdikcə artacaq.

Füzuli şəhər Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə 349 şagird təhsil alacaq. Onu da qeyd edək ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən məktəb 960 şagird yerlikdir. Ötən il başlanılan tikinti işləri yüksək keyfiyyətlə həyata keçirilib. Üç hektar ərazidə inşa edilən məktəb binası iki mərtəbə və zirzəmidən ibarətdir. Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, 500 yerlik akt zalı, idman zalı, 320 yerlik yeməkxana, kitabxana var. Məktəbin həyətyanı ərazisində futbol meydançası, istirahət və keçiriləcək tədbirlər üçün yerlər, qaçış zolaqları, söhbətgahlar, nəzarət-buraxılış məntəqəsi, qazanxana, su çənləri, transformator yarımstansiyası inşa edilib. Tikinti işləri yüksək keyfiyyətlə həyata keçirilib. Avqust ayının 22-də Özbəkistan Prezidenti Azərbaycana səfəri zamanı Füzuli şəhərində də olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak etmişlər.

Füzuli məktəbi ilə yanaşı, Laçında da iki məktəbin açılması nəzərdə tutulub - Laçın şəhər 2 nömrəli tam orta məktəb və Laçın şəhəri Ədalət Məmmədov adına Zabux kənd tam orta məktəbi. 2 nömrəli məktəbdə 227, Zabux kənd məktəbində isə 147 şagirdin oxuyacağı bildirilir. Həmçinin Laçın rayonunun Sus kəndində də məktəb tikintisi uğurla davam etdirilir.

Avqustun 25-də ölkə Prezidenti cənab İlham Əliyevin ölkəmizin birinci xanımı Mehriban Əliyeva ilə birlikdə erməni işğalından azad edilmiş Laçın şəhərinə növbəti səfəri zamanı Laçın şəhər 2 nömrəli və Zabux kənd orta məktəblərinin yeni dərs ilinə hazırlıq vəziyyəti ilə tanış olmuşlar. Laçın şəhər 2 nömrəli tam orta məktəbin binasının layihələndirilməsi və əsaslı təmiri məqsədilə Azərbaycan Prezidenti 2022-ci il sentyabrın 22-də Sərəncam imzalayıb. Sərəncama əsasən, ötən ilin dekabrında məktəb binasında bərpa-gücləndirmə və əsaslı təmir işlərinə başlanılıb. Ümumilikdə, 510 şagird yerlik məktəbin üçmərtəbəli binasının sahəsi 4550 kvadratmetrdir. Binada 24 yerlik doqquz, 18 yerlik beş və 12 yerlik dörd sinif otağı, 1 informatika, 1 texnologiya kabineti, 3 laboratoriya, 18 yerlik məktəbəhazırlıq otağı və 24 yerlik hərbi hazırlıq kabineti var. Laçın rayonunun 176 şagird yerlik Zabux kənd tam orta məktəb binasının ümumi sahəsi 1245 kvadratmetrdir. Binada 11 sinif otağı, kimya, fizika laboratoriya otaqları, informatika kabineti, yeməkxana, tibb otağı, akt və gimnastika zalları, hərbi hazırlıq kabineti, kitabxana şagirdlərin ixtiyarına veriləcək.

Ramidə YAQUBQIZI,

"Respublika".