“Yüksəliş
İQTİSADİYYAT

“Yüksəliş" müsabiqəsinin final mərhələsinin açılışı olub

İyulun 16-da "Bakı Ekspo Mərkəzi"ndə "Yüksəliş" müsabiqəsinin final mərhələsinin açılış mərasimi keçirilib.

Açılış mərasimində müsabiqənin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva iştirak edib.

AZƏRTAC xəbər verir ki, gənclər və idman nazirinin müavini, İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev tədbiri açıq elan edib. Tədbir Təşkilat komitəsi üzvlərinin və ötən ilin "Yüksəliş" müsabiqəsi qaliblərindən Orxan Quliyevin nitqi ilə davam edib. İdarəçi rəhbərlər çıxışlarında "Yüksəliş" müsabiqəsinin yeni nəsil idarəçilərin aşkara çıxarılması və formalaşmasında oynadığı əhəmiyyətli rolu vurğulayıb, müasir idarəçiliyin tələblərinə və rəqabətli insan kapitalının önəminə diqqət çəkiblər.

İqtisadiyyat naziri Mikayıl Cabbarov çıxışında idarəçiliyin əsas şərtlərindən birinin məsuliyyəti dərk etmək olduğunu və müasir dövrün idarəçisi olaraq individuallıqdan komanda işinə keçməyin əhəmiyyətini qeyd edib. Mikayıl Cabbarov bildirib ki, idarəçiyə etimad, etibar və inam önəmlidir.

"Yaxşı idarəçi səlahiyyətin çoxunun onda olmasını nəzərə alaraq hər zaman məsuliyyətin də əsas hissəsini öz üzərinə götürməlidir. Rəqəmsallaşmanın geniş yayıldığı belə bir dövrdə müasir idarəçilər də individuallıqdan uzaqlaşaraq imkan yaradan şəxslərə çevrilməlidir. Bu isə öz növbəsində əsl idarəçinin güclü kadrlardan ibarət komandaya sahib olması və komanda olaraq qərar qəbul etmək bacarığına sahib şəxslərə çevrilməsidir", - deyə Mikayıl Cabbarov əlavə edib.

Təhsil naziri Emin Əmrullayev nitqində təhsildə kompetensiyaların hesablanmasının əhəmiyyətindən danışaraq bir sıra hallarda data əsaslı qərar verməklə yanaşı, reallığa və kontekstə uyğun qərar verilməsinin zəruriliyini bildirib. Lakin o vurğulayıb ki, idarəçinin əsas missiyalarından biri reallığı dəyişməkdir və əsl idarəçi bu kimi çətin vəziyyətlərdə necə qərar qəbul edəcəyinə əsasən müəyyən olunur.

Birinci "Yüksəliş" müsabiqəsinin qaliblərindən Orxan Quliyev isə potensial idarəçi şəxslərin, intellektual şəxslərin bir araya toplanması, onların şəbəkələşməsi, bir-birinin peşəkar fəaliyyəti ilə yaxından tanış olmasının "Yüksəliş" müsabiqəsinin iştirakçılara qatdığı ən böyük dəyər olduğunu vurğulayıb.

Gənclər və idman nazirinin müavini, İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev "Yüksəliş" müsabiqəsi finalçılarına səslənərək istedadlı kadrların seçilməsi, inkişaf etdirilməsi üzrə layihənin keçirilməsində yaxından iştirak etdikləri üçün məmnunluq və qürur hissi duyduğunu bildirib. Fərhad Hacıyev onu da əlavə edib ki, ilk müsabiqənin şəffaf şəkildə təşkili və həyata keçirilməsi bizə bu yolda yeni dostlar qazandırmış, ölkənin savadlı mütəxəssislərini üzə çıxararaq onların şəxsi inkişafına böyük zəmin yaratmışdır. Son olaraq İşçi Qrupunun rəhbəri finala qədər gələn hər bir iştirakçının əzmi, bacarığı və səriştələri ilə artıq qalibiyyətə bərabər uğur qazandığını vurğulayıb və onlara uğurlar arzulayıb.

Qeyd edək ki, finalda müsabiqənin əvvəlki dörd mərhələsini uğurla başa vuran 116 nəfər iştirakçı mübarizə aparır. Final mərasimində ali məktəblərin rektorları, dövlət və özəl strukturların rəhbərləri də iştirak edib. Final mərhələsi 3 gün davam edəcək və müsabiqə iyulun 17-də yekunlaşacaq. Bu mərhələni uğurla keçən iştirakçıları 1 il ərzində idarəçi rəhbərlərdən - iri şirkətlərin top-menecerlərindən və dövlət qurumlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 min AZN dəyərində pul mükafatı gözləyir.

"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən, intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

AZƏRTAC