Yurd yerlərinə qayıdan soydaşlarımız təzə ili el-obamıza sülh, əmin-amanlıq gətirməsi diləyi ilə qarşıladılar
Sosial həyat

Yurd yerlərinə qayıdan soydaşlarımız təzə ili el-obamıza sülh, əmin-amanlıq gətirməsi diləyi ilə qarşıladılar


İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda bu gün dünyanı heyrətə salan genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Vətənimizin dilbər guşəsi başdan-başa yenidən qurulur, vaxtilə bu yerlərdən zorla çıxarılmış soydaşlarımızın geri qayıdıb doğma yurd yerlərində rahat, təhlükəsiz şəraitdə yaşamaları və işləmələri üçün dövlətimiz tərəfindən lazımi tədbirlər görülür, şəhər və kəndlər salınır, infrastruktur yenilənir, yaşayış binaları tikilir. 30 il düşmənin minalarla çirkləndirdiyi, daş üstə daş qoymadığı tarixi ərazilərimizə böyük qayıdışın təmin edilməsi, həmin ərazilərin ölkə iqtisadiyyatına inteqrasiyası və müasir iqtisadi, enerji, kommunal, nəqliyyat infrastrukturunun yaradılması istiqamətində fasiləsiz işlər aparılır. Dövlətimiz öz daxili potensialı hesabına apardığı bərpa-quruculuq işlərinə nəzərdə tutulmuş investisiya proqramı əsasında təxminən 12 milyard manat vəsait ayırmışdır ki, bu da düşmənin viran qoyduğu ərazilərimizdə icra olunan işlərin miqyasını göstərir.

Geri dönən vətəndaşlarımıza məşğulluq imkanı yaratmaq, dövlət xidmətlərindən yararlanmaq şəraitini formalaşdırmaq üçün ən müasir texnologiyalara əsaslanan “Ağıllı kənd” layihəsi insanların həyat şəraitinin yaxşılaşmasında, aqrar sahə ilə məşğul olacaq fermerlərin “ağıllı kənd təsərrüfatı” sisteminə keçməsində mühüm rol oynamaqla yanaşı, həm də müasir çağırışlara cavab verən və beynəlxalq standartlara əsaslanan yeni inkişaf modelinin tətbiqidir. Bu modelin tətbiqi, nəzərdə tutulan layihələrin reallaşdırılması Böyük Qayıdış prosesini sürətləndirir. Artıq keçmiş məcburi köçkünlərimizin qayıdışı mərhələli şəkildə həyata keçirilir. Öz vətəndaşının mənafeyini hər şeydən üstün tutan, rifah halının yaxşılaşdırılması üçün ölkənin təbii sərvətlərindən səmərəli şəkildə istifadəni dövlətimizin daxili siyasətinin əsas istiqaməti kimi müəyyənləşdirən ölkə başçısı İlham Əliyev 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə çıxış zamanı demişdir: “Bütövlükdə Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. Mən şəxsən 30 yaşayış məntəqəsinin – 8 şəhər, 22 qəsəbə və kəndin təməlinin qoyulmasında iştirak etmişəm. Baş planlar hazırlanıb təsdiqlənib, bir çox yerlərdə fəal inşaat işləri aparılır… Mən Laçın şəhərinin timsalında bunu deyə bilərəm ki, cəmi səkkiz ay ərzində şəhərin böyük hissəsi tamamilə bərpa edilib və yeddi yüzdən çox ailə üçün burada həm fərdi evlər, həm çoxmənzilli evlər hazırlanır. Laçın şəhərinin gələcək inkişaf planı ilə bağlı əlavə addımlar da atılacaq”.

30 il məcburi köçkün həyatı yaşamağa məcbur qalan vətəndaşlarımızın ata-baba ocaqlarına qayıdışı toy-büsata çevrilir. İkinci Qarabağ müharibəsinin real nəticəsi olan Böyük Qayıdışın ilk addımları Zəngilan rayonunun Ağalı kəndində atıldı. Tərtərin Talış kəndinə və Laçın şəhərinə yola düşən köç karvanları sonra Laçının Zabux və Sus kəndlərinə yol aldı. Bu günlərdə ölkə başçısının tapşırığına əsasən Laçın rayonunun yenidən salınan Zabux kəndinə daha 30 ailə – 121 nəfərin köçürülməsi ilə doğma kəndlərinə qayıdanların sayı 176 ailə olmaqla 688 nəfərə çatıb. Dekabrın 28-də isə Laçın şəhərinə 80 nəfərdən ibarət 28 ailə köçürülüb ki, bununla da şəhərdə 408 ailənin 1555 nəfər üzvünün daimi məskunlaşması təmin olunub.

İkinci Qarabağ müharibəsindən sonra müstəqil dövlətimizin qarşıya ən vacib məsələ olaraq qoyduğu Böyük Qayıdış prosesi uğurla davam edir. 30 il öncə isti yuvalarından, ata-baba ocaqlarından didərgin düşmüş vətəndaşlarımız indi sevinclə, çal-çağırla geri dönürlər. Ölkə başçısı, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin liderlik qabiliyyəti, sərkərdəlik məharəti sayəsində xalqımızın üzü gülür, mənfur düşmənin çirkin əməlləri ilə xarabalığa çevrilmiş əzəli yurd yerlərimiz gülüstana dönür. Bu yerlərin əsl sahibləri qürurla dalğalanan üçrəngli bayrağımızın altında firavan günlərinə qovuşublar. Hərtərəfli dövlət qayğısı ilə əhatə olunan, doğma evlərinə qayıdan soydaşlarımız xalqımıza xoş müjdələr, qalibiyyət, ərazi bütövlüyü, suverenlik bəxş etmiş 2023-cü ili yola salaraq təzə ili çal-çağırla, elimizə-obamıza daha böyük uğurlar, sülh, əmin-amanlıq gətirməsi diləyi ilə qarşıladılar...

Mehparə ƏLİYEVA,

“Respublika”.