Zəfər payımızda payın var, əsgər…
Sosial həyat

Zəfər payımızda payın var, əsgər…

Kiçikkən məhəllə uşaqları ilə “yalançı müharibə” oyunlarını çox oynamışdı. Oyuncaq avtomatını sinəsinə sıxıb “düşməni” məhv etmək üçün özünə münasib mövqe seçən Vüqar və onun dəstəsi heç vaxt “məğlub olmazdı”. Odur ki, uşaqların çoxu dəstələrə bölünəndə həmişə onun tərəfində olmaq istəyirdi. Bu uşaq oyununun qəhrəmanı olardı Vüqar. Hərdən anası Məlahət də kənardan izləyər, “kiçik fəndlərlə böyük qələbə qazanan” oğluyla qürur duyardı. O zaman həyəcandan, sevincdən ürəyi şiddətlə döyünər, oğlunu bağrına basar, əlləri ilə saçlarına sığal çəkib oxşayardı: “Mənim qəhrəman oğlum...”. Vüqar isə qürurla deyərdi: “Ana, mən doğrudan da qəhrəman olacam...”.

Vüqar uşaqlıqdan hərbçi olmaq istəyirdi, bu isə heç də təsadüfi deyildi, çünki şirin ana laylası ilə bərabər, atası İlqarın müharibə xatirələri, söhbətləri ilə böyüyürdü. I Qarabağ müharibəsinin iştirakçısı olan atasının söhbətləri, odun-alovun içində keçirdiyi döyüş anlarının təəssüratları, ürək ağrıdan məqamlar onun kiçik qəlbində düşmənə nifrət hissini artırardı, nə vaxtsa Qarabağın azadlığı uğrunda müharibə olacağı təqdirdə o döyüşlərdə iştirak etməyə daha da həvəslənər: “Qüssələnmə ata, biz nə vaxtsa o torpaqları azad edəcəyik, bütün şəhidlərimizin, sənin cəbhə yoldaşlarının da qisasını alacaq, qanını yerdə qoymayacağıq” –deyərdi.

Vüqar İslamov 1994-cü il sentyabrın 27-də Bakıda doğulub. Ailənin böyük oğludur. 2001-ci ildə Bakıdakı 165 saylı orta məktəbə getmiş, 2 il burada oxuduqdan sonra, ailə vəziyyəti ilə əlaqədar nənəsigildə yaşamalı olmuş və təhsilini 56 saylı məktəbdə davam etdirmiş, sonra yenidən 165 saylı məktəbə qayıtmış və orta məktəbin IX sinfini burada bitirmişdir.

Sənədlərini 13 saylı peşə liseyinə verən Vüqar mühasiblik üzrə kursu bitirib fərdi mühasib peşəsinə yiyələnib. Orta məktəbi yaxşı qiymətlərlə oxuyan Vüqar ən çox texniki fənlərə: riyaziyyat, cəbr, həndəsə fənlərinə maraq göstərirdi. Vüqar təhsilini davam etdirmək istəsə də, ailə vəziyyəti buna imkan verməmişdi və o, erkən yaşlarından əmək fəaliyyətinə başlamışdı.

Vüqarın hərbçi olmaq istəyi onu bir an belə tərk etmirdi. Nəhayət, 2020-ci ildə Qaraheybət hərbi tədris mərkəzinə yazılır, 2 aya yaxın kurs keçir, hərbin kiçik sirlərinə yiyələnir. Sevinirdi, çünki gələcək həyat yolunun astanasında dayanıb ilk addımlarını atırdı.

Vətən müharibəsi başlayanda Bakıda yerləşən “N” saylı hərbi hissədə idi. Ondan öncə cəbhəyə gedən dostlarının, yoldaşlarının ölüm xəbərini aldıqca sarsılır, kövrəlir, hətta, göz yaşlarını da boğa bilmirdi. İntiqam hissi isə güclənirdi. Dayanmaq vaxtı deyildi. Odur ki, hərbi hissənin rəhbərliyinə rəsmi şəkildə müraciət edib könüllü olaraq ön cəbhəyə getmişdi.

Onun döyüş yolu Füzulidən başladı. Burada mənzərə tam başqa idi, səsdən, gurultudan qulaq tutulur, güllə, mərmi ətrafa yağış kimi səpələnirdi. Uşaq vaxtı oynadığı “yalançı müharibə” indi həqiqət olmuşdu, Vüqar da onun canlı iştirakçısı idi. Qeyri-bərabər döyüşlərdə müəyyən hədəfi ələ keçirib, addım-addım irəliləyirdilər. Atasından eşitdiyi döyüş epizodlarını, xırda döyüş sirlərini tez-tez xatırlasa da, komandirlərin göstərişlərindən kənara çıxmır, verilən tapşırığı dəqiqliklə yerinə yetirirdi. Ehtiyatlı davranır, müstəqil hərəkət etmirdi. Bu isə ona da, yoldaşlarına öz mövqelərində çox uğur gətirirdi.

Vüqar Cəbrayılın düşməndən azad olunmasında da bacardığı qədər dəqiqlik nümayiş etdirir, necə deyərlər, gülləsi boşa getmirdi. Artıq yoldaşları da, komandirlər də bu boylu-buxunlu oğlanın döyüş texnikasına, bacarığına bələd idilər. Ən məsuliyyətli iş ona etibar olunurdu.

Döyüşlər artıq öz istiqamətini Qubadlıya doğru dəyişirdi. Qarşıda bu doğma bölgəmizi azad etmək tapşırığı dururdu...

Oktyabrın 24-də Muradxanlı kəndi uğrunda ağır döyüşlər başladı, yoldaşları bir-bir yaralanır, bəziləri şəhid olurdular. Vüqar çox təsirlənir, döyüş vəziyyətindən, tutduqları mövqe səbəbindən onlara kömək edə bilməyəndə isə daha pis olurdu. Nə edəsən, müharibənin qanunları  belədir, həmişə hər şey istədiyin kimi olmur, irəli-irəli getməli, sıranı tərk edən yoldaşının da əvəzinə vuruşmalısan.

Axşama döyüşlər ara vermişdi, nisbi sakitlik idi. Fürsətdən istifadə edib evdəkilərə zəng vurub hal-əhval tutdu, sağ- salamat olduğunu söylədi. Gecə 2-3 radələrində döyüş əmri gəldi, bölmə mövqeyini müəyyənləşdirib hərəkətə keçdi. Qarşı tərəfdəki düşmən səngərinə bir qədər yaxınlaşıb sonra hücuma keçməliydilər. Bir az irəliləmişdilər ki, düşmən duyuq düşdü, döyüş başlandı. Vüqar deyir: “Biz səngərdə deyildik, ətraf tam boşluq idi. Demək olar ki, biz onlar üçün açıq hədəf idik, səngərdəki mövqelərindən bizi asanlıqla hədəfə alırdılar, ancaq buna baxmayaraq, geri çəkilmir, irəli gedirdik. Müxtəlif çaplı silahlardan atəş açırdılar, mərmi, güllə yağış kimi yağırdı. Batalyon komandiri yaxınlığımızda idi, qaranlıq olsa da seçmək olurdu, onun yıxıldığını görəndə özümü itirdim, kömək etmək istədim, mümkün olmadı, başından qəlpə yarası almışdı. Təəssüf ki, elə yerində keçinmişdi. Yaxınlıqda bir ev var idi, özümüzü ora çatdırdıq. Az keçməmişdi ki, partlayış oldu, evin tavanından düşən qranatamyot birinci mərtəbənin döşəməsində partladı. Sol qolumda küt ağrı hiss etdim, elə bildim ki, qolumu tam itirmişəm, sağ əlimlə yoxlayıb əmin oldum, yerində idi, bir neçə yerdən qəlpə dəlib keçmişdi. Yoldaşlarımın arasında ölənlər çox idi. Sonra köməyə gəldilər, mən gözümü xəstəxanada açanda bildim ki, sağ ayağımdan da yara almışam”.

Doğmaları 9 gün ondan xəbər ala bilmədilər, hamı həyəcan içində idi. Ən çox da Məlahət xanım, bir yerdə qərar tuta bilmirdi, Tanrıya dua edir, balasından xəbər gözləyirdi. Ananın bu durumu, nədənsə mənə S.Rüstəmin “Ana və poçtalyon” şeirindəki ana obrazını xatırladırdı: “Yerəmi batdı oğlum, göyəmi çıxdı oğlum, Bəlkə mən yanılmışam, əzəldən yoxmuş oğlum...” Dəhşət!.. İndi Məlahət xanım da dolaşıq fikirlər arasında itib-batmışdı...

Vüqar bir müddət müalicə olundu, yarası azacıq yüngülləşəndə təkrar cəbhəyə qayıtmağa cəhd göstərdi, ancaq həkimlər icazə vermədilər, yarasının ciddiliyini nəzərə alıb onun tərxis olunması barədə raport hazırladılar. Geri dönmək istəmirdi, sonadək döyüşmək istəyirdi.

Mənim “Müharibə sənə nə öyrətdi?” sualıma cavabı maraqlı oldu: “Müharibə hər zaman dəhşətlidir, ölüm deməkdir, əlinə silah götürüb döyüşə başlayanda onun nə ilə qurtaracağını bilmirsən, gözlənilməzliklər çoxdur. Burada üç yol var: yaralanmaq, şəhid olmaq, bir də hər şeyi xətasız-bəlasız ötüşdürərək sağ qalmaq. Vətən üçün, torpaq üçün hər üçü şərəfdir. Bu yaralar mənə Vətən müharibəsindən nişanədir və bundan sonra ömrüm boyu fiziki ağrıları olmasa da, mənəvi ağrıları mənimlə olacaq. Bu, döyüşlərin sonunadək, qələbəyədək gedə bilməməyin ağrısıdır. Müharibə insana çox şey öyrədir, məsələn, dəyərsiz şeylərin dalınca qaçmamağı, mənasız şeylərə üzülməməyi öyrətdi; ailənin hər şeydən öndə gəldiyini bir daha anladım. Müharibənin ən böyük yükü, ağrısı anaların üzərinə düşür, min bir əziyyətlə böyütdükləri övladlarını itirmək qorxusu onları bir an belə tərk etmir, şəhid anası olmaq şərəfli olsa da, dəhşətlidir. Mən döyüşlərdə ən çox anamı düşünürdüm, onu gözüyaşlı qoymamaq üçün Tanrıma dualar edir, ondan güc-qüvvə, düşmən üzərində qələbə istəyirdim...”.

  Bəli, bu qələbəni Tanrı qismətimizə yazdı, mənfur düşməni qovduq torpaqlarımızdan. Hər bir Vətən oğlu kimi, Vüqarın da bu qələbədə böyük payı var. Qalib ordunun, qalib əsgəri Vüqar İslamov...

Dövlət başçısı, Müzəffər Ali Baş Komandanın sadiq əsgəri kimi dövlət tərəfindən verilən mükafatlar da yazıldı adına: “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları...

Deyirlər, arzular bitib-tükənməz. Vüqar da uşaqlıq arzusuna çatdı, hərbçi oldu, qəhrəmanlıqla döyüşdü, valideynlərinin başını uca etdi. Mənim nəzərimdə bu böyük qələbəni bizə yaşadan Silahlı Qüvvələrimizin hər bir əsgəri qəhrəmandır. Vüqar deyir: “Doğrudan da möhtəşəm qələbədir. Qarabağ zəfərinin baş qəhrəmanı Ali Baş Komandan və bir də onun sadiq, rəşadətli ordusudur. Mən özümə görə demirəm, həqiqətən də canından, qanından keçən şəhid, qazi olan, sağ-salamat qələbə ilə geri dönən hər bir əsgərin özünə qəhrəman deməyə haqqı var. Müharibə qələbə ilə başa çatsa da, mən onu ağrı-acı ilə xatırlayıram. Bilirsiniz, necə oğullar itirdik? Şəhid Nazim Kirixtarov, qazi Mirkənan Kərimov və s. Ağıllı, məntiqli, cəsarətli, ölümün gözünə dik baxan... Bəzən onları saxlamaq mümkün olmurdu, el arasında deyildiyi kimi, şirə, pələngə dönürdülər. Səmimi deyirəm, mən onlarla qürur duyurdum...”.

Bax, bu yerdə mən Vüqarın nə qədər təvazökar olduğunu hiss etdim, Açığı elə əvvəldən duymuşdum bunu, özü haqqında danışmağı heç xoşlamırdı, öyrəndiklərimi də, necə deyərlər “güclə çəkib almışdım”.

Hazırda Azərbaycan Silahlı Qüvvələrinin tərkibində hərbi xidmətini davam etdirən Vüqar İslamov, sıradan biri deyil, qələbə payına pay qatan minlərdən biridir. Gələcək arzularından da danışdı: “Narkomaniya əsrin bəlasıdır, bu ağ ölüm hər gün səssiz-sədasız neçə-neçə insanın həyatına son qoyur. Ən böyük arzum narkomaniyaya qarşı mübarizə aparmaq, nə vaxtsa, bu sahədə çalışmaq, insanları zəhərləyən, ölümünə səbəb olan bu maddələri yaymaqla məşğul olanların layiqincə cəzalandırılmasına nail olmaqdır. Əlbəttə, qismət olarsa...”.

Bu da yüksək mənəviyyatın bir nümunəsi, üzvü olduğu cəmiyyəti təmiz və xoşbəxt görmək istəyi ilə yaşamaq necə də xoşdur. Vətən müharibəsi, axıdılan qanlar, verilən qurbanlar, qəhrəman əsgərlərimizin mübarizəsi, xalqımızın əzəmətli ruhunu üzə çıxardı. Tarix isə bu qurbanları, bu qəhrəmanları unutmayacaq. Zəfər payımızda payı olanlar, biz sizinlə qürur duyuruq!..

Zümrüd QURBANQIZI,

“Respublika”.