Zəngəzur dəhlizinin açılması qaçılmazdır
Region

Zəngəzur dəhlizinin açılması qaçılmazdır

"Biz Azərbaycandan Türkiyə və Avropa istiqamətində gedən əlavə yol olacaq Zəngəzur dəhlizi üzərində çox fəal şəkildə çalışırıq". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Çinin "China Media Group" media korporasiyasına müsahibəsi zamanı bildirib. Ölkəmizdə tikinti işlərinin təxminən 70 faizinin artıq başa çatdırıldığını vurğulayan Prezident, həmçinin bildirib ki, Azərbaycan ərazisindən təkcə Bakı-Tbilisi-Qars dəmir yolu keçməyəcək, o cümlədən Zəngəzur dəhlizi də işə salınacaq.

Məlum olduğu kimi, Azərbaycanın İkinci Qarabağ savaşında əldə etdiyi şanlı qələbə zəfər tariximizə qızıl hərflərlə həkk olundu. Ermənistanın 30 il ərzində işğal altında saxladığı və viran günə qoyduğu torpaqlarımızda bu gün genişmiqyaslı layihələr icra olunur. Hazırda yekunlaşmış işlərə nəzər yetirsək quruculuq prosesinin yüksək səviyyədə aparıldığını görmək mümkündür. Azərbaycanın bu əraziləri gülüstana çevirməklə yanaşı, Zəngəzur dəhlizini reallaşdırmaq kimi bir məqsədi də mövcuddur. Bunun bir sıra səbəbləri var. Birincisi, tranzit marşrutlarının əksəriyyəti məhz bu bölgədən keçir. İkincisi isə Zəngəzur dəhlizi bölgənin, daha geniş anlamda isə regionun iqtisadi inkişafını sürətləndirəcək.

Daha bir mühüm məqam bu dəhliz vasitəsilə Azərbaycandan Türkiyəyə və Türkiyədən Azərbaycana, həmçinin, Rusiyaya yüklərin daşınması üçün zəmin yarana bilər. Ən əsası isə Zəngəzur dəhlizinin reallaşması nəticəsində türk dünyası quru nəqliyyatı ilə birləşəcək. Bundan başqa, Xəzər dənizində Azərbaycanla həyata keçiriləcək layihələr, o cümlədən Naxçıvan və Rusiya ilə nəqliyyat, enerji əməkdaşlığı sahəsində Türkiyənin regiondakı strateji mövqeyi güclənəcək. Zəngəzur dəhlizinin açılması ilə Orta Dəhlizin dəmir yolu və avtomobil yolu ilə yükdaşıma qabiliyyətinin artması da mümkündür. Bu isə özlüyündə Şərq-Qərb ticarətinə müsbət təsir göstərəcək. Dəhliz reallaşdığı təqdirdə, Ordubaddan Naxçıvanın şimalında yerləşən Vəlidağ stansiyasına qədər olan 158 kilometrlik xətt əsaslı şəkildə təmir olunacaq və Ermənistan sərhədinə qədər 14 kilometr uzadılacaq. Beləliklə, Bakı-Tbilisi-Qars dəmir yoluna alternativ olaraq Qars-Dilucu vasitəsilə Naxçıvan ərazisindən dəhlizə çıxış əldə ediləcək. Xatırladaq ki, Zəngəzur dəhlizinin Ermənistan sərhədinə qədər olan hissəsinin tikintisi davam edir. Daha sonra Horadizdən Naxçıvanın Ordubad rayonuna qədər 166 kilometrlik yeni dəmir yolunun çəkiləcəyi planlaşdırılıb. Dəhlizin Ermənistana məxsus 43 kilometrlik hissəsinə gəldikdə isə Azərbaycan Rusiya ilə danışıqlar aparmaq niyyətindədir. Azərbaycan qardaş Türkiyə ilə Zəngəzur dəhlizinin reallaşması ilə bağlı sistemli fəaliyyətlər həyata keçirir. Bir məqamı da qeyd etmək lazımdır ki, Zəngəzur dəhlizinin açılması bölgədə sülhün iqtisadi zəmanəti olacaq. Ermənistan nə qədər bu prosesi ləngitməyə çalışsa da, 10 noyabr Bəyanatını imzalamaqla bu öhdəliyi öz üzərinə götürmüşdür. Dövlətimizin başçısının səsləndirdiyi bəyanatlar onu göstərir ki, Zəngəzur dəhlizinin açılması qaçılmazdır. Xüsusi vurğulamaq lazımdır ki, Zəngəzur dəhlizi, həmçinin Ermənistanla sülh müqaviləsinin əsas şərtlərindən biridir. Bu dəhlizin açılmasından sonra böyük İpək Yolunun Azərbaycan ərazisindən şaxələnməsi reallaşacaq. Zəngəzur dəhlizi vasitəsilə Avropadan gələn mal və sərnişinlərin şərq ölkələrinə çatdırılması da mümkün olacaq. Bununla ölkəmiz yeni logistik məkan kimi dünya ticarəti və iqtisadiyyatının mərkəzinə çevriləcəkdir. Dəhlizin açılması Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yük daşımalarını da sürətləndirəcək. Çünki Şərq-Qərb və Şimal-Cənub beynəlxalq dəhlizləri məhz Azərbaycanda kəsişir.

Bir məsələni də vurğulamaq lazımdır ki, son zamanlarda Azərbaycanın danışıqlar masasında əldə etdiyi uğurlar da Zəngəzur dəhlizi məsələsinin reallaşmasını yaxınlaşdırır. Amma bu dəhlizin açılmasından narahat olan qüvvələr də mövcuddur. Axı, Zəngəzur dəhlizinin reallaşması Türk dünyasının birləşməsinə gətirib çıxara bilər. İran və Fransa da dəhlizin reallaşmasından narahat olan dövlətlər sırasındadır. Bu cür narazılıqlar isə birbaşa Ermənistandakı revanşist qüvvələri aktivləşməyə sövq edir. Şər qüvvələr dərk etməlidir ki, heç bir xain plan Azərbaycanı öz mövqeyindən döndərə bilməz. Azərbaycan bu strateji kommunikasiyanın bərpası üçün əlindən gələni edəcək.

Nəzrin ELDARQIZI,

"Respublika".