Müasir Azərbaycan dövlətinin əbədiyaşar memarı
Region

Müasir Azərbaycan dövlətinin əbədiyaşar memarı

Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə Vətəninə, xalqına bağlı dünyaşöhrətli siyasətçi və böyük dövlət xadimi, ümummilli lider Heydər Əliyevin xatirəsinə respublikamızın hər yerində silsilə anım tədbirləri keçirilib.

GƏNCƏ

Ümummilli liderimiz, müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin Anım Günü ilə əlaqədar Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, millət vəkili Müşfiq Cəfərov, hüquq-mühafizə orqanlarının rəhbərləri ulu öndərin şəhər mərkəzində ucaldılan abidəsini ziyarət ediblər. Dövlət rəsmiləri ümummilli liderin abidəsi önünə tər çiçəklər düzüb, əziz xatirəsinə dərin hörmət və ehtiramlarını ifadə ediblər. Əbədiyaşar Heydər Əliyevin Gəncənin Baş meydanındakı abidəsi gün ərzində şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də şəhər sakinləri tərəfindən ziyarət olunub.

Qeyd edək ki, meydanda quraşdırılan böyük monitorda dünyaşöhrətli siyasətçinin həyatından bəhs edən film və videoçarxlar nümayiş etdirilib.

LƏNKƏRAN

Dekabrın 12-də səhər saatlarından başlayaraq Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra hakimiyyəti aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların əmək kollektivləri, ağsaqqallar, ziyalılar, gənclər, rayon ictimaiyyətinin nümayəndələri, şəhər sakinləri Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılan abidəsi önünə gül dəstələri düzüb, parlaq xatirəsini böyük məhəbbətlə, minnətdarlıq hissləri ilə anıblar.

Sonra Heydər Əliyev Mərkəzində ümummilli liderin həyat və fəaliyyətin əks edirən fotostendə baxış keçirilib.

MASALLI

Rayonun gəncləri Bakı şəhərinə səfər edərək xalqımızın ümummilli lideri Heydər Əliyevin və ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət ediblər.

Masallı şəhərinin Heydər Əliyev parkında ümummilli liderin əziz xatirəsi şərəfinə anım mərasimi keçirilib. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının idarə heyətinin üzvləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, din xadimləri, Qarabağ müharibəsi veteranları, ictimaiyyətin nümayəndələri dahi rəhbərin abidəsi önünə tər gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

ASTARA

Astarada xalqımızın ümummilli lideri Heydər Əliyevin unudulmaz xatirəsi dərin hüznlə anılıb. Rayonun təhsil, səhiyyə, mədəniyyət ocaqlarında, şəhər, qəsəbə və kəndlərdə anım tədbirləri keçirilib. Dahi rəhbərin Astaranın inkişafına və astaralılara göstərdiyi qayğı minnətdarlıqla qeyd olunub.

Astara şəhərinin mərkəzində anım mərasimi keçirilib. Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və ictimaiyyətin nümayəndələri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin əziz xatirəsinə sonsuz ehtiramlarını bildiriblər.

LERİK

Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu hər iki dövrdə dağlar diyarı Lerikin sosial-iqtisadi və mədəni inkişafına misilsiz qayğı göstərib. Leriklilər ulu öndərin yüksək diqqət və qayğısını daim razılıq, minnətdarlıq hissləri ilə xatırlayırlar. Lerik şəhərinin mərkəzində ulu öndərin adını daşıyan meydan inşa edilib, burada əzəmətli heykəli ucaldılıb. Müasir üslubda Heydər Əliyev Mərkəzi tikilib, mərkəzin nəzdində ulu öndərin muzeyi açılıb.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, əmək kollektivlərinin və ictimaiyyətin nümayəndələri anım mərasimində iştirak edib. Mərasim iştirakçıları ümummilli liderin abidəsini ziyarət edərək, əziz xatirəsini ehtiramla yad ediblər.

YARDIMLI

Yardımlı şəhərində xalqımızın böyük oğlu, görkəmli dövlət xadimi Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, ağsaqqallar, ictimaiyyətin nümayəndələri ulu öndərin abidəsi önünə gül dəstələri düzərək xatirəsinə böyük ehtiramlarını ifadə ediblər.

Bütün həyatını doğma xalqına həsr etmiş, ümumxalq sevgisi qazanmış Heydər Əliyevin zəngin, titanik fəaliyyəti əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Bundan sonra da neçə-neçə nəsillər bu zəngin siyasi irsdən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır.

AĞDAŞ

Ağdaş Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq dekabr ayının əvvəlindən başlayaraq rayonda ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir. 12 dekabr 2022-ci il tarixində rayon rəhbərliyi, ictimaiyyətin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, əmək kollektivlərinin üzvləri ümummilli lider Heydər Əliyevin abidəsi önünə gələrək xatirəsini ehtiramla yad etmiş, abidənin önünə gül dəstələri düzmüşlər. Gün ərzində ulu öndərin abidəsinin ziyarəti davam etmiş, rayon sakinləri və əmək kollektivlərinin üzvləri ümummilli liderin xatirəsinə öz dərin ehtiramlarını nümayiş etdirmişlər.

ABŞERON

Abşeron rayonunda keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak etmişdir. İştirakçılar Xırdalan şəhərindəki ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, xatirəsini ehtiramla yad edərək önünə gül dəstələri düzmüşlər.

Ulu öndərin adını daşıyan mərkəzdə keçirilən tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb.

Tədbirdə ümummilli liderin adını daşıyan Heydər Əliyev Fondu tərəfindən müxtəlif sahələrdə görülmüş işlər barədə də geniş danışılmış və bunun xalqımız tərəfindən yüksək qiymətləndirildiyi xüsusilə qeyd edilmişdir.

DAŞKƏSƏN

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü münasibətilə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kollektivlər, şəhid valideynləri, qazilər, rayon YAP fəalları, ictimaiyyət nümayəndələri ulu öndər Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılan əzəmətli abidəsini ziyarət edib, gül-çiçək dəstələri düzərək xatirəsini böyük ehtiramla anıblar.

Eyni zamanda Daşkəsən Rayon Heydər Əliyev Mərkəzinə baş çəkilib, burada ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunduğu fotostendlərə baxış keçirilib. Bildirilib ki, dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməzdir.

GORANBOY

Azərbaycan xalqının böyük oğlu, ümummilli liderimiz, dahi şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin Anım Günü Goranboy rayonunda böyük ehtiramla qeyd edildi. Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri və bir qrup ictimai fəallar ilk öncə, ümummilli liderin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, tər gül dəstələri düzüb, böyük ehtiramla yad etdilər.

Sonra Heydər Əliyev Mərkəzində dahi şəxsiyyətin çoxşaxəli və mənalı həyat və dövlət idarəçiliyi fəaliyyətini özündə əks etdirən videoçarx izlənildi, fotoguşəyə nəzər salındı. Bildirildi ki, müstəqil Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmiş fenomen şəxsiyyət kimi çağdaş tariximizdə əbədiyaşarlıq qazanmışdır. Heydər Əliyevin qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur. Ulu öndərin xatirəsi hər bir vətənpərvər azərbaycanlı üçün əziz və müqəddəsdir.

QƏBƏLƏ

Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Qəbələ rayon ümumi təhsil müəssisələrində "Dəyirmi masa", inşa müsabiqəsi, elmi-praktiki konfrans və idman yarışları təşkil edilmişdir.

Təhsil müəssisələrinin pedaqoji kollektivlərinin, şagirdlər və valideynlərin iştirak etdiyi anım tədbirlərində öncə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, müstəqilliyə gedən yolumuzu işıqlandıran, müasir Azərbaycan dövlətinin memarı və qurucusu olan Heydər Əliyevin Azərbaycan tarixində və beynəlxalq aləmdəki rolu və demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasəti barədə ətraflı məlumat verilmiş, dahi liderin diqqət və qayğısı sayəsində digər sahələr kimi, elm və təhsil sahəsində də böyük nailiyyətlərin əldə olunduğu vurğulanmışdır.

LAÇIN

Laçınlıların məskunlaşdığı Taxtakörpü qəsəbəsinin mərkəzi meydanında Azərbaycan xalqının görkəmli oğlunun əziz xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzülüb, əziz ruhu ehtiramla yad olunub.

Qeyd olundu ki, Azərbaycanın 30 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi ulu öndərin adı ilə sıx bağlıdır. Heydər Əliyevin xalqı qarşısındakı xidmətləri Azərbaycan tarixinin şanlı səhifələrini təşkil edir.

KƏLBƏCƏR

Kəlbəcər rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə əlaqədar Kəlbəcər Rayon İcra Hakimiyyətində anım mərasimi keçirilib. Mərasimdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri və rayon ictimaiyyəti iştirak ediblər.

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev ümummilli lider Heydər Əliyevin büstü önünə əklil qoyaraq, ulu öndərə dərin ehtiramını bildirmişdir. Sonra tədbir iştirakçıları da ulu öndərin büstünü ziyarət edərək, önünə gül dəstələri düzüb, fenomen şəxsiyyətə hörmət və ehtiramlarını ifadə ediblər.

NAFTALAN

Ulu öndər Heydər Əliyevin Anım Günü münasibətilə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, YAP şəhər təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə, təşkilat rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, tər gül dəstələri düzərək əziz xatirəsini böyük ehtiramla yad ediblər. Bildirilib ki, Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük tarixi şəxsiyyətlərdən biridir. Azərbaycanın 30 ildən artıq bir dövrünün hərtərəfli inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

FÜZULİ

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 19-cu ildönümü füzulililər tərəfindən ehtiramla yad olunub. Horadiz şəhəri Heydər Əliyev adına parkda dahi şəxsiyyətin əziz xatirəsinə həsr edilən anım tədbiri keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin əməkdaşları, hüquq mühafizə orqanlarının rəhbərləri, ərazidə xidmət keçən hərbi qulluqçular və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Mərasim iştirakçıları ulu öndərin abidəsini ziyarət edərək ruhunu bir dəqiqəlik sükutla yad ediblər və abidəsi önünə gül dəstələri düzüblər.

Azərbaycan xalqının böyük oğlu, unudulmaz tarixi şəxsiyyət Heydər Əliyevin vəfatının ildönümü Füzuli rayonunda dahi rəhbərə sonsuz məhəbbət və ehtiram hissi ilə anılıb. Anım günü ərəfəsində rayonun idarə, müəssisə və təşkilatlarında xatirə tədbirləri, konfranslar, ümumtəhsil məktəblərində şeir, inşa-yazı və rəsm müsabiqələri keçirilib, idman yarışları təşkil olunub.

"Respublika".