Zəngəzurun nəqliyyat dəhlizi olması üçün genişmiqyaslı layihələr həyata keçirilir 
Digər xəbərlər

Zəngəzurun nəqliyyat dəhlizi olması üçün genişmiqyaslı layihələr həyata keçirilir 

Böyük zəfərlə bitən İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı Strateji Fəaliyyət Planı hazırlanıb.

Qarabağ və Şərqi Zəngəzurda sürətli quruculuq işləri aparılır, keçmiş məcburi köçkünlərin doğma yurd yerlərinə qayıdışı üçün genişmiqyaslı layihələr həyata keçirilir. Hər iki bölgə qədim Azərbaycan torpaqlarıdır və bu ərazilərdə həmişə azərbaycanlılar yaşayıb, əcdadlarımızın qədim yurdu olub.

Hayların bu torpaqlara köçürülməsi sonradan yerli azərbaycanlıların haqqının tapdalanmasına, hüquqlarının pozulmasına, sıxışdırılmasına, təhdid edilməsinə, bir sözlə, deportasiyaya uğramasına səbəb olub. Məhz bu ədalətsizliyi törədən təcavüzkar Ermənistan havadarlarına arxalanaraq Qərbi Zəngəzuru erməniləşdirəndən sonra Şərqi Zəngəzuru və Qarabağı işğal edərək otuz il yurd yerlərimizi əsarətdə saxlayıb. 2020-ci ilin payızında qəhrəman Silahlı Qüvvələrimizin bölmələri Ermənistan ordusunu məhv edərək işğalçıları torpaqlarımızdan qovdular, erməni mifini yerlə-yeksan etdilər. Prezident, Qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı qələbə bölgədə yeni reallıq yaratdı, düşmən qüvvələrin bölgə ilə bağlı bütün planları alt-üst edildi.

Dövlətimizin başçısı bu cür mürəkkəb və tarixi bir şəraitdə çox mühüm bir fərman imzaladı, iqtisadi rayonların yeni bölgüsünü təsdiq edərək ölkə iqtisadiyyatının idarə edilməsinin yeni hədəflərini elan etdi. Belə ki, ölkə Prezidentinin 7 iyul 2021-ci il tarixli fərmanı ilə respublikamızda iqtisadi rayonların yeni bölgüsü təsdiq olunub. Fərmanda qeyd edilir ki, işğaldan azad olunmuş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Zəngəzur dəhlizi vasitəsilə türkdilli dövlətlərin inteqrasiyasının sürətləndirilməsi, Qərblə Şərq, Şimalla Cənub arasındakı yükdaşımaların intensivliyinin artırılması, beynəlxalq ticarət əməliyyatlarının genişləndirilməsi, nəqliyyat və logistika sektorunun əhəmiyyətli səviyyədə inkişaf etdirilməsi sayəsində ölkəmizin rəqabət qabiliyyətinin, həm də siyasi və iqtisadi qüdrətinin dəfələrlə artmasına real potensial formalaşacaq. Əlbəttə, bu tarixi ədalətə, faktlara söykənmiş qərarların verilməsi, işğaldan azad olunmuş ərazilərin sürətlə dirçəldilməsi, infrastrukturun yaradılması və Böyük Qayıdışın tezləşdirilməsi üçün zəruri tədbirlərin görülməsi ermənipərəst qüvvələrə və revanşistlərə ən tutarlı cavabdır.

Zəngəzur dəhlizinin açılması ilə bağlı bəzi dövlətlərin etirazlarına baxmayaraq, dövlətimizin başçısı qətiyyətlə və dəmir iradə ilə bildirib ki, Zəngəzur dəhlizi açılmalıdır, açılacaq və heç kimin buna şübhəsi olmasın! Bəli, güc və siyasi iradə, lider - xalq birliyi bütün maneələrin qarşısını qətiyyətlə alır, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələri icra olunur. Məsafəni azaltmaq və təhlükəsiz gediş-gəlişi təmin etmək məqsədilə Zəngəzur dağ silsilələrinin altından tunellərin çəkilməsinə qərar verilib. Hazırda Zəngəzur dəhlizi boyunca ümumi uzunluğu 66 kilometrə yaxın olan 39 avtomobil tunelinin inşası həyata keçirilir. Belə ki, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda ümumi uzunluğu 12 min 690,6 metr olan 7 avtomobil tuneli, Xudafərin-Qubadlı-Laçın avtomobil yolunda 2 min 358 metr 7 avtomobil tuneli, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunda 12 min 32,79 metr olan 3 avtomobil tuneli, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda 25 min 926,97 metr olan 5 avtomobil tuneli, həmçinin Kəlbəcər-Laçın avtomobil yolunda ümumi uzunluğu 12 min 964,61 metr olan 17 avtomobil tuneli inşa edilir.

Ən mühüm infrastruktur layihə olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu Göygöl rayonunun Toğanalı kəndindən başlayıb, Kəlbəcər rayonu ərazisindən keçir. Həmin yeni və müasir yol bir neçə yaşayış məntəqəsindən və İstisu ərazisindən keçməklə həm nəqliyyat vasitələrinin, həm də bu yerlərə qayıdacaq insanların rahat gediş-gəlişini təmin edəcək. Hazırda avtomobil yolunda genişləndirmə işləri həyata keçirilir və yolboyu istinad divarları inşa edilir. Qeyd edək ki, çətin relyefdə çəkilən yolun uzunluğu 82 kilometrdir, bəzi yerlərdə 2, 3 və 4 hərəkət zolağından ibarət olacaq yolun üzərində beş tunel inşa edilir. Ümumi uzunluğu 25,9 km olan tunellərin 12,3 kilometrlik hissəsində qazma işləri artıq başa çatdırılıb. Tunelin tikintisində qardaş Türkiyənin bu sahə üzrə ixtisaslaşmış mütəxəssisləri də çalışırlar. 30 illik işğaldan sonra azad edilmiş bu torpaqlarda iki qardaşın çiyin-çiyinə çalışması təbii ki, son dərəcə qürurvericidir. Yolçəkənlərin qənaətinə görə, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun üzərindəki ən uzun tunel Murovdağ tunelidir və bu tunel strateji əhəmiyyət daşıyır, uzunluğu 11,6 kilometr, gediş-gəliş isə 2 hissədən ibarətdir. Daxilində 38 bağlama keçidi var. Tunelin 3500 metr hissəsi tamamilə qazılıb. Hazırda digər hissələrə doğru qazıntı işləri aparılır. Eyni zamanda, betonlama işləri də həyata keçirilir.

Qeyd edək ki, 2021-ci il avqustun 16-da dövlətimizin başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən tunelin təməli qoyulub. Hazırda Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolundan başqa, işğaldan azad edilən ərazilərdə ümumi uzunluğu 66 kilometrə yaxın olan 39 avtomobil tuneli də inşa edilir. Prezidentin tapşırığına əsasən işğaldan azad olunan ərazilərdə yol infrastrukturunun qurulması həm keçmiş məcburi köçkünlərin rahat və təhlükəsiz formada Qarabağ və Şərqi Zəngəzura qayıdışını təmin edəcək, həm də hər iki iqtisadi rayonun sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq. Tikilən tunellərin sırasında Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda ümumi uzunluğu 12 690,6 metr olan 7 avtomobil tunelində də işlər sürətlə aparılır. Xudafərin-Qubadlı-Laçın, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yollarında da tunellər inşa edilir. Azərbaycan, Ermənistan və Rusiya dövlət başçıları arasında imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın 9-cu bəndinə əsasən, regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokadadan çıxarılması nəzərdə tutulur. Bəyanatın adıçəkilən bəndində deyilir: bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir.

"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" uğurla icra olunur. Göründüyü kimi, Zəngəzurun nəqliyyat dəhlizi olması üçün genişmiqyaslı layihələr həyata keçirilir. Fərəh hissi ilə qeyd edək ki, Şərqi Zəngəzura Böyük Qayıdış başlayıb. Yurda qayıdan keçmiş məcburi köçkünlər deyirlər ki, bu tarixi hadisəni illər uzunu gözləyiblər, ümidlərini heç zaman itirməyiblər, öz liderlərinə, Qalib Ali Baş Komandana ürəkdən inanıb və etibar ediblər. Azərbaycan dünyada tanınan, Prezident - xalq birliyi sarsılmaz xarakter alan bir ölkədir. Min bir zəhmət hesabına dağların altından çəkilən tunellər bizi doğma diyarımız Naxçıvana aparacaq, ən böyük ədalətsizlik və haqsızlıq aradan qaldırılacaq. Görülən hər işin sonunda bizi inkişaf, yurda qayıdış, xoşbəxt günlər gözləyir.

Salman ALIOĞLU,

"Respublika".